Məhkəmə qərarları › İş №2(103)-1136/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1136/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1136/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: nikahın etibarsız sayılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızının, onun etibarnamə əsasında nümayəndəsi X2, etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2494/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2022-ci ilin iyul ayının 05 günündə 2908 № ilə qeyd edilmişdir. Tərəflər rəsmi nikaha daxil olduqdan sonra aralarındakı münasibətlər pozulduğundan onlar toy mərasimini ləğv etmişlər, birgə yaşamamışlar və ümumi təsərrüfat idarə etməmişlər. Bu səbəbdən iddiaçı cavabdehə qarşı “nikahın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İş materiallarında olan, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2022-ci il tarixdə verilmiş AZ-T № 046904 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin iyul ayının 05 günündə 2908 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Osmanova” soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 05 iyul 2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində 2908 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2021-ci ilin sentyabr ayında Cavabdeh ilə tanışlarının vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra cavabdehin valideynləri onlara elçi gəlmişlər və 31 oktyabr 2021-ci il tarixdə Cavabdehla nişan mərasimləri olmuşdur. Nişan mərasimindən sonra aralarında olan münasibətlər ürəyincə deyildi. Belə ki, cavabdeh istədiyi vaxt heç bir səbəb olmadan hirslənir, küsüb gedir ve dava-dalaş salırdı. Bir dəfə cavabdeh ona təkidlə nişanı qaytarmaq istədiyini bildirmiş və onu da məcbur etmişdir ki, valideynlərinə bildirsin. Cavabdehin valideynləri bu haqda xəbər tutduqda zəng edib onun valideynlərinə va ona üzrxahlıq etmiş, cavabdehin əsəbi olduğunu demişlər. Bütün bunlara baxmayaraq, valideynləri tərəfindən toy mərasiminə hazırlıqlar gedirdi. Nişanlı olduqları müddətdə cavabdehin hərəkətlarindən bezib nişanı qaytarmaq istəmiş, lakin el qınağına tuş gəlməsin deyə, birtəhər dözmüşdür. Sonra isə valideynlərinin və yaxın qohumlarının təkidi ilə nikahlarını rəsmiləşdirmək üçün xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinə ərizə ilə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən nikahları 2908 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Cavabdeh nikah haqqında şəhadətnaməni aldıqdan dərhal sonra, yəni “Asan Xidmət” mərkəzini tərk etmədən, qeydiyyat stolunun yanında olan qohumlarına demişdir ki, bunu (nikah haqqında şəhadətnaməni əlində yelləyərək) aparın atın bir yerə, qalsın orada. Onun bu hərəkətindən təəccüblənmiş və soruşmuşdur ki, bu nə deməkdir? Cavabdeh ona kəs səsini demişdir. Hətta 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin qarşısında onun ağlamasına məhəl qoymayaraq qohumlarının yanında barmağını silkələyərək “sən yerini bilmirsən, sənə yerini göstərəcəm” demişdir. Bütün bunlardan sonra o, əmin olmuşdur ki, cavabdehin onunla evlənmək, ailə qurmaq fikri yoxdur. Ona görə də toy mərasiminin xx.xx.2022-ci il tarixdə “Xan Sarayı” şadlıq evində olmasına qərar verilməsinə baxmayaraq, toyun ləğv olunmasına qərar vermişlər və xx.xx.2022-ci il tarixdə şadlıq evinə toyu ləğv etdiklərini bildirmişlər. Nikahları 5 saylı Bakı “Asan Xidmət” mərkəzində rəsmiləşdirilsə də, o, cavabdehlə ər-arvad olaraq birgə yaşayıb təsərrüfat aparmamışdır. Onların ər-arvad olaraq birgə yaşamaları yalnız el adəti ilə toy mərasiminin keçirilməsindən sonra mümkün ola bilərdi. Artıq onun da cavabdehə qarşı heç bir hissi olmadığından, toy mərasiminin keçirilməsini istəmirdi. O, cavabdehin xasiyyətini bildikdən sonra nikaha daxil olmaq istəməmiş və onunla ailə qurmaq niyyəti olmamışdır. Aralarında bağlanmış nikah sanki bir neçə dəqiqəliyə bağlanmışdı.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(007)-2494/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova), Osmanova (Məmmədova) Günel Daşdəmir qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci və 25.2-ci maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Qanunun mahiyyətindən aydın olur ki, bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn: yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.). Yəni nikah məhkəmə qaydasında yalnız o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun.

7. Hazırki iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Ailə Məcəllləsinin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulmadığı müəyyən olundu və İddiaçı iddia tələbini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandıran tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh və ya hər ikisinin ailə qurmaq niyyətlərinin olmamasının nədə təzahür olunmasını izah edə bilməmiş, əksinə məhkəmə hesab etmişdir ki, əslində rəsmi nikaha daxil olmaqda tərəflərin niyyəti ailə qurmaq olmuş, lakin aralarındakı münasibətlər pozulduğundan birgə ailə münasibətləri alınmamışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 10-12, 13.7, 25.1 və 25.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 106.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Qətnamədən iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

10. İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızının apelyasiya şikayətində göstərilmişdir ki, nişanlı olduqları müddətdə cavabdehin hərəkətlarindən bezib nişanı qaytarmaq istəmiş, lakin el qınağına tuş gəlməsin deyə, dözmüşdür. (iddiaçı rəsmi nikaha ailə qurmaq, birgə təsərrüfat sürmək, oğul uşaq sahibi olmaq məqsədi ilə deyil, valideynlərin və cavabdehin təzyiqi ilə (nəzərə alsaq ki, toy məclisinin keçirilməsi üçün beh qoyulur, hazırlıq gedir, vəsait xərclənir, dəvətnamələr paylanır) el qınaqına tuş gəlməmək, valideynlərini çətin vəziyyətə salmamaq üçün razılıq bildirmişdir. Lakin onun bu razılığı könüllü olmamışdır. Onun nikaha daxil olmaq üçün könüllü razılığı olmamış, o, cavabdeh, onun ailəsi və öz ailəsi tərəfindən nikaha daxil olmağa məcbur olmuşdur. Valideynlərinin və yaxın qohumlarının təkidi ilə nikahlarını rəsmiləşdirmək üçün xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinə ərizə ilə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən nikahları 2908 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Toy mərasiminin xx.xx.2022-ci il tarixdə “Xan Sarayı” şadlıq evində olmasına qərar verilməsinə baxmayaraq, toyun ləğv olunmasına qərar vermişlər. Nikahları rəsmiləşdirilsə də, o, cavabdehlə ər-arvad olaraq birgə yaşayıb təsərrüfat aparmamışdır. O, cavabdehlə nikaha daxil olmaq istəməmiş və onunla ailə qurmaq niyyəti olmamışdır. Münasibəti nikah rəsmiləşməmişdən öncə artıq pisləşmiş və iddiaçı nikaha könüllü deyil, cavabdehin, özünün və cavabdehin valideynlərin təzyiqi altında daxil olmuşdur. Cavabdeh onunla toylarının baş tutmamasını, ərarvad münasibətlərinin olmamasını, ümumi təsərrüfat aparmamalarını təsdiq etmişdir. Cavabdeh nişanı qaytarmaq istəyinin olduğunu vurğulamış, və təsdiq etmişdir ki, nikahın rəsmiləşdirildiyi günədək artıq onların münasibətləri korlanmışdır. Bu özü bir daha nikaha könüllü olmayaraq daxil olunduğunu sübut edir. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

12. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

13. Məhkəmə iclasında iştirak edən iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı, onun nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Qətnamədən iddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

19. Maddə 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

20. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

21. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

22. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

23. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

24. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Birinci instansiya məhkəməsi hazırki iş üzrə Ailə Məcəllləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulmadığını, iddiaçının iddia tələbini əsaslandıran tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, tərəflərin ailə qurmaq niyyətlərinin olmamasının nədə təzahür olunmasını izah edə bilmədiyini, əslində rəsmi nikaha daxil olmaqda tərəflərin niyyətinin ailə qurmaq olduğunu, lakin aralarındakı münasibətlər pozulduğundan birgə ailə münasibətlərinin alınmadığını nəzərə alıb, hesab etmişdir ki, iddiaçı tərəfindən nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmədiyindən, nikah məhkəmə qaydasında etibarsız sayıla bilməz.

36. İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, onun cavabdehlə nikaha daxil olmaq üçün könüllü razılığı olmamış, o, cavabdeh, onun ailəsi və öz ailəsi tərəfindən nikaha daxil olmağa məcbur olmuş, valideynlərinin və yaxın qohumlarının təkidi ilə nikahlarını rəsmiləşdirmişlər. Nikahları rəsmiləşdirilsə də, o, cavabdehlə ər-arvad olaraq birgə yaşayıb təsərrüfat aparmamışdır. O, cavabdehlə nikaha daxil olmaq istəməmiş və onunla ailə qurmaq niyyəti olmamışdır. Münasibəti nikah rəsmiləşməmişdən öncə artıq pisləşmiş və o, nikaha könüllü deyil, cavabdehin, özünün və cavabdehin valideynlərin təzyiqi altında daxil olmuşdur.

37. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, iddiaçı tərəfindən şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.

38. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

39. Lakin, istət birinci instansiya məhkəməində, istərsə də apelyasiya instansiyasında işə axılarkən, tərəflər arasında nikah bağlanan zamanı Ailə Məcəllləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulduğu müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, nikah məhkəmə qaydasında yalnız o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun.

40. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

41. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

43. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Osmanova (Məmmədova) Günel Daşdəmir qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2494/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar