Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11360/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 oğlunun, Borclu Maraqlı şəxs iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsindən borclu Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti borclu Maraqlı şəxs (Doğulduğu tarix xx xxxxxx 1972- ci il, Doğulduğu yer Azərbaycan, Bakı, Şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 21.11.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 15459.08 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 15459.08 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 14.01.2013-cü il tarixli, **********890200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(001)-11114/2018) ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinin təmin olunması, borclu Maraqlı şəxs (Doğulduğu tarix xx xxxxxx 1972-ci il, Doğulduğu yer Azərbaycan, Bakı, Şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş edən Maraqlı şəxs şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işə onun iştirakı olmadan baxılmış və məhkəmə iclasının vaxtı barədə məlumatlandırılması üçün lazımi tədbirlər görülməmişdir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumata əsasən, "xxxx" MMC-nin qanuni təmsilçisi o olsa da, İT-1 № ******* əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 10.02.2009-cu il tarixli, 01/k saylı əmrlə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, MMC-nin 30.12.2009-cu il tarixli, 35/k saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, o qısa bir müddət ərzində (10.02.2009-cu il-30.12.2009cu il) hüquqi şəxsin direktoru vəzifəsində işləsə də, hal-hazıra kimi onun adı vergi orqanının sistemində hüquqi şəxsin rəhbəri kimi qalmışdır. Halbuki, o, adının sistemdən çıxarılması ilə bağlı dəfələrlə hüquqi şəxsin təsisçisinə, eyni zamanda aidiyyəti dövlət orqanlarına (Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) müvafiq ərizələrlə (şikayətə əlavə edilmişdir) müraciət etmişdir. İstinad olunan vergi borcu onun vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri (direktoru) olduğu müddətdən sonrakı tarixdə yaranmış borcdur. 30.12.2009-cu il tarixdə vəzifəsindən azad olmuş direktor kimi sonradan yaranmış borclara görə onun üzərinə hər hansı məhdudiyyət qoyulması hüquqi baxımdan yolverilməzdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Həsənov, iş № 2(103)-3482/2021) Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11114/2018 saylı iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs (vəkil X4) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3482/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunaraq, ərizənin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4963/2021 saylı, 14.10.2021-ci il tarixli Qərarı ilə Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3482/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yeni Apellyasiya baxışı zamanı Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Yeni Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4963/2021 saylı, 14.10.2021-ci il tarixli Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsindən borclu Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Qətnamə ləğv olunmalı və ərizə rədd edilməlidir. Belə ki, birinci instansiya Məhkəməsi yalnız kommersiya qurumlarının dövlət reyestrində hüquqi şəxsin qanuni təmsilçi kimi maraqlı şəxsin qeyd edildiyini əsas götürərək, həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərarına gəlmişdir. Lakin təqdim edilmiş əmək kitabçasında olan əmrə dair məlumatlara (maraqlı şəxsin 30.12.2009-cu ildən MMC-də tutduğu vəzifəsinə müddətin bitməsinə görə xitam verilməsi) əsasən müəyyən olunur ki, maraqlı şəxs qısa müddətdə MMC-nin direktoru vəzifəsində işləmiş və 30.12.2009-cu il tarixdən MMC ilə bağlığını kəsmişdir. Məhkəmə Kollegiyası nəzərə alır ki, 30.12.2009-cu ildə işdən azad edilmiş direktorun - baxılan işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müvafiq vergi borcunun ödənilməsinin təmini üsulu ola bilməz. Çünki bu məhdudlaşdırma vergi öhdəliyini icra etməli olan hüquqi şəxsə hər hansı təsir etmə imkanına malik deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, maraqlı şəxsin apellyasiya şikayətində digər dəlili birinci instansiya məhkəməsində işə baxılakən məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyat keçirilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddəsinə əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 355-5.1.-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə Kollegiyası qeyd edir ki, 30.12.2009-cu ildə işdən azad edilmiş direktorun baxılan işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müvafiq vergi borcunun ödənilməsinin təmini üsulu ola bilməz.Çünki bu məhdudlaşdırma vergi öhdəliyini icra etməli olan hüquqi şəxsə hər hansı təsir etmə imkanına malik deyildir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ) borclu Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(001)- 11114/2018 saylı qətnaməsi ləğv olunsun. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ) borclu Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11360/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11360/2021
15.12.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver