Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-43/2026 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs Salyan 10 saylı X2 İcarə Dəstəsinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-2470/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İş materiallarında olan “hüquqi şəxs haqqında məlumat”dan görünür ki, əsas fəaliyyət növü sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs1 vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə xx.xx.2005ci ildə 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs1 5 gün müddətində borcunun ödənilməsinə dair **********9 nömrəli xx.xx.2019-cu il tarixli, **********6 nömrəli 19 noyabr 2024-cü il tarixli bildirişlər göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “xəbərdarlıq”dan görünür ki, 2037.45 manat borcun ödənilməsi Maraqlı şəxs1 tələb olunur. İş materiallarından görünür ki, Maraqlı şəxs1 12 may 2009-cu ildə “vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması”na dair ərizə ilə 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Salyan 10 saylı X2 İcarə Dəstəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsi arasında 2009-cu ilin may ayında “vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə imzalanmışdır (imzalayan şəxs Maraqlı şəxs1Ə). İş materiallarından görünür ki, əmək kitabçasında olan qeydə əsasən, xx.xx.2016-cı ildə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 aprel 2016-cı il tarixli 01 nömrəli protokoluna əsasən Maraqlı şəxs1 tutuduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Salyan 10 saylı X2 İcarə Dəstəsinin (VÖEN: **********) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Salyan 10 saylı X2 İcarə Dəstəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli, **********249300, xx.xx.2024-cü il tarixli **********086400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəni qəbul etməyərək bildirdi ki, hazırda Salyan 10 saylı X2 İcarə Dəstəsinin İcra Orqanının rəhbəri vəzifəsində xidmət etmir, belə ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 28 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Salyan 10 saylı X2 İcarə Dəstəsi "xxxx" ASC-yə çevrilmişdir. Daha sonra 19 may 2008-ci ildə 23 nömrəli əmrlə ona Əmlak Məsələləri Dövlət Komitəsinin Səhmdarlarının birinci ümumi yığıncağı çağırılanadək Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri vəzifəsi həvalə edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" ASCnin səhmdarlarının ümumi yığıncağının 25 aprel 2016-cı il tarixli 01 nömrəli protokoluna əsasən tutuduğu vəzifədən azad edilmiş və həmin vaxtdan cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (Hakim: Şahəddin Kələntərov) 06 avqust 2025-ci il tarixli, 2(057)- 2470/2025 qətnaməsi ilə ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1, 77.1, 355-5.1, 355-7.2, 355-7.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti vermişdir. Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsi Salyan RayonMəhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)-2470/2025 saylı qətnaməsi ilə razı deyil, sözügedən qətnamə aşağıdakı səbəblərdən əsassızdır və ləğv edilməlidir: “Salyan 10 saylı X1 İcarə Dəstəsi” və "xxxx" ASC ayrı-ayrı hüquqi şəxslərdir. “Salyan 10 saylı X1 İcarə Dəstəsi” tərəfindən vergi orqanına heç vaxt ləğv edilməsi və ya başqa formada yenidən yaradılması barədə ərizə daxil olmamışdır. Eyni zamanda "xxxx" ASC müstəqil yaradılmış hüquqi şəxsdir. xx.xx.2016-cı ildə hüquqi şəxsin yaradılması üçün müraciət edilmiş və xx.xx.2016-cı ildə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmışdır. Maraqlıdır ki, "xxxx" ASC özü xx.xx.2016-cı ildə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınıbsa həmin tarixdən 1 ay əvvələ necə Maraqlı şəxs1 işdən azad edib. Hələ mövcud olmayan hüquqi şəxs hər hansı bir işçini necə işə qəbul və ya işdən azad edə bilər. Həmçinin “Salyan 10 saylı X1 İcarə Dəstəsi” tərəfindən vergi orqanına heç vaxt ləğv edilməsi və ya başqa formada yenidən yaradılması barədə ərizə ilə müraciət etməyib və rəhbəri daxil Maraqlı şəxs1dur. Bunu təsdiq edən hal isə Maraqlı şəxs1 xx.xx.2018-ci ildə “Salyan 10 saylı X1 İcarə Dəstəsi”nin rəhbəri kimi “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə ərizə ilə müraciət edərək hüquqi şəxsin fəaliyyətinin xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü il tarixdə müraciət edərək xx.xx.2023-cü il tarixdən xx.xx.2078-ci ilədək dayandırması olmuşdur. Hər iki arayışda açıq şəkildə arayışı təqdim edən şəxsin Maraqlı şəxs1 olduğu qeyd edilmişdir. Belə bir qətnamənin qəbul edilməsi üçün əsas kimi maraqlı şəxs tərəfindən həqiqətə uyğun olmayan, həqiqiliyi sübutlarla təsdiq edilməyən əmək kitabçasında qeyd edilmiş məlumatların məhkəməyə təqdim edilməsi faktı olmuşdur. Qeyd edilən səbəbdən məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə olan halda qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir. a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən ərizəçi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, ərizənin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 2 8 . Azadlıq hüququ I. Hər kəsin azadlıq hüququ vardır. II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. IV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı I.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolu
2. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 355-5.1.-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, ərizə təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində hər kəsin sərbəst hərəkət etmək, yaşayış yerini seçmək və Azərbaycan Respublikasını tərk etmək hüququ təsbit edilmişdir. Həmin norma insanın şəxsi azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, hüquqi dövlət anlayışının əsas elementlərindən biri kimi çıxış edir. Eyni hüquq beynəlxalq-hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqları sahəsində qəbul olunmuş fundamental aktlarda da öz əksini tapmışdır. Bununla belə, qeyd olunan hüquqların fundamental xarakter daşımasına baxmayaraq, nə Konstitusiya, nə də beynəlxalq hüquq bu hüquqları mütləq və qeyd-şərtsiz hüquqlar kimi tanımır. Hüquq nəzəriyyəsində və konstitusion hüquq praktikasında qəbul olunmuş yanaşmaya görə, fərdi azadlıqlar cəmiyyətin ümumi maraqları, hüquqi nizamın qorunması və digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə tarazlaşdırılmalıdır. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasının ümumi konstitusion çərçivəsi müəyyən edilmişdir. Həmin normaya əsasən, hüquq və azadlıqlar yalnız qanunla, demokratik cəmiyyətdə zəruri olan hallarda və konstitusion məqsədlər naminə məhdudlaşdırıla bilər. Bu müddəa hüquqların məhdudlaşdırılmasının istisna xarakter daşıdığını, lakin müəyyən hallarda hüquqi baxımdan mümkün və zəruri olduğunu göstərir. Eyni hüquqi mövqe “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, hüquqların məhdudlaşdırılması qanunilik, legitim məqsəd, zərurilik və mütənasiblik prinsiplərinə uyğun həyata keçirilməlidir. Beləliklə, hüquqların məhdudlaşdırılması sadəcə formal qanuni əsasın mövcudluğu ilə deyil, həm də maddihüquqi meyarlarla qiymətləndirilməlidir. Konstitusion hüquq doktrinasında qəbul olunmuşdur ki, hər hansı hüquqa müdaxilənin legitimliyi dörd mərhələli test əsasında qiymətləndirilməlidir: birincisi, müdaxilənin qanuni əsası olmalıdır, ikincisi, müdaxilə legitim məqsəd güdməlidir, üçüncüsü, müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır, dördüncüsü isə müdaxilə mütənasib olmalı və hüququn mahiyyətinə toxunmamalıdır. Qanunilik tələbi ondan ibarətdir ki, hüququn məhdudlaşdırılması birbaşa qanunvericilik aktında nəzərdə tutulmalı, tətbiqi aydın, proqnozlaşdırılan və hüquqi müəyyənlik prinsipinə uyğun olmalıdır. Bu baxımdan, borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mexanizmi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuşdur və bu tədbirin tətbiqi üçün hüquqi əsas mövcuddur. Legitim məqsəd meyarı isə müdaxilənin hansı ictimai ehtiyacdan irəli gəldiyini müəyyən edir. Borc öhdəliklərinin icra olunmasının təmin edilməsi, dövlət büdcəsi və sosial fondlar qarşısında öhdəliklərin yerinə yetirilməsi maliyyə intizamının qorunması baxımından mühüm ictimai əhəmiyyət kəsb edir. Dövlətin fiskal maraqları yalnız abstrakt iqtisadi kateqoriya deyil, sosial təminat sisteminin davamlılığının, ictimai xidmətlərin maliyyələşdirilməsinin və ümumilikdə hüquqi dövlətin fəaliyyətinin əsas şərtidir. Zərurilik meyarı müdaxilənin konkret şəraitdə qaçılmaz olub-olmadığını qiymətləndirməyə xidmət edir. Əgər borclu şəxs tərəfindən uzun müddət ərzində öhdəliklər yerinə yetirilmirsə və digər icra mexanizmləri effektiv nəticə vermirsə, daha təsirli hüquqi vasitənin tətbiqi zəruri hesab edilə bilər. Bu halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borcun ödənilməsinə təşviqedici xarakter daşıyan hüquqi vasitə kimi çıxış edir. Mütənasiblik prinsipi isə tətbiq edilən tədbirlə güdülən məqsəd arasında ədalətli tarazlığın qorunmasını tələb edir. Bu prinsipə əsasən, məhdudiyyət nə həddindən artıq ağır, nə də məqsədə çatmaq üçün yararsız olmamalıdır. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması daimi qadağa deyil, borc öhdəliyinin icrası ilə aradan qalxan, şərti və müddətli tədbirdir. Bu səbəbdən həmin müdaxilə şəxsin hüququnu tamamilə aradan qaldırmır, yalnız müəyyən müddət ərzində onun həyata keçirilməsini məhdudlaşdırır. Hüququn mahiyyətinə toxunmamaq tələbi isə ondan ibarətdir ki, tətbiq edilən məhdudiyyət hüququ faktiki olaraq mənasız hala salmamalıdır. Müvəqqəti xarakter daşıyan və borcun ödənilməsi ilə dərhal aradan qalxan məhdudiyyət bu tələbi pozmur və hüququn mahiyyətini dəyişmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsində araşdırılmış sübutları yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Ərizəçi apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(057)- 2470/2025 saylı qətnaməsi ilə razı olmadığını bildirərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, bununla bağlı bir sıra faktiki və hüquqi arqumentlər irəli sürmüşdür. Apellyasiya şikayətində göstərilmiş dəlillərdən biri ondan ibarətdir ki, “Salyan 10 saylı X2 İcarə Dəstəsi” və "xxxx" ASC ayrı-ayrı hüquqi şəxslərdir və birinci instansiya məhkəməsi bu hüquqi fərqi nəzərə almamışdır. Kollegiya bu arqumenti əsaslı hesab edir. İş materiallarından görünür ki, qeyd olunan hüquqi şəxslər ayrı-ayrı dövlət qeydiyyatından keçmiş, müxtəlif vergi ödəyicisinin eyniləşdirmə nömrələrinə malik olmuş və müstəqil hüquqi subyektlər kimi fəaliyyət göstərmişdir. “Salyan 10 saylı X2 İcarə Dəstəsi”nin ləğv edilməsi, yenidən təşkili və ya hüquqi varisliyinin yaranması barədə vergi orqanına hər hansı müraciətin edilməməsi iş materialları ilə təsdiq olunur. Bu hal birinci instansiya məhkəməsinin hüquqi şəxslərin eyniləşdirilməsi zamanı faktiki halları düzgün müəyyən etmədiyini göstərir. Apellyasiya şikayətində həmçinin "xxxx" ASC-nin hüquqi statusu ilə bağlı mühüm xronoloji ziddiyyətlərə diqqət yetirilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, "xxxx" ASC xx.xx.2016-cı il tarixdə yaradılması üçün müraciət etmiş və yalnız xx.xx.2016-cı il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş, guya həmin ASC tərəfindən Maraqlı şəxs1 dövlət qeydiyyatından əvvəl işdən azad edilməsi barədə nəticə hüquqi və faktiki baxımdan mümkün deyildir ( Maraqlı şəxs1 25 aprel 2016-cı il tarixdən cəmiyyətin sədri vəzifəsindən azad edildiyinə istinad edir). Çünki hüquqi şəxs yalnız dövlət qeydiyyatına alındığı andan hüquq və vəzifələr əldə edir və qeydiyyatdan əvvəl əmək münasibətlərinin yaranması və ya xitamı barədə hüquqi hərəkət həyata keçirə bilməz. Kollegiya hesab edir ki, bu ziddiyyət birinci instansiya məhkəməsinin nəticələrinin əsassız olduğunu açıq şəkildə göstərir. Apellyasiya şikayətində göstərilmiş digər mühüm dəlil “Salyan 10 saylı X2 İcarə Dəstəsi”nin rəhbərliyi məsələsi ilə bağlıdır. İş materiallarında olan rəsmi vergi orqanı arayışlarından və təqdim edilmiş sənədlərdən görünür ki, həmin hüquqi şəxsin rəhbəri bütün dövrlərdə Maraqlı şəxs1 olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Maraqlı şəxs1 xx.xx.2018-ci il tarixdə “Salyan 10 saylı X2 İcarə Dəstəsi”nin rəhbəri kimi hüquqi şəxsin fəaliyyətinin xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək dayandırılması barədə, eləcə də xx.xx.2023-cü il tarixdə fəaliyyətin xx.xx.2023-cü ildən xx.xx.2078ci ilədək dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Hər iki halda ərizəni təqdim edən şəxs kimi məhz Maraqlı şəxs1 göstərilməsi bu şəxsin hüquqi şəxsin faktiki və hüquqi rəhbəri olduğunu təsdiq edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qərar qəbul edərkən vergi orqanı tərəfindən təqdim edilmiş bu rəsmi məlumatlara lazımi hüquqi qiymət verməmiş, əksinə maraqlı şəxs tərəfindən təqdim edilmiş, həqiqiliyi və etibarlılığı digər sübutlarla təsdiqlənməyən əmək kitabçasında göstərilmiş məlumatları əsas götürmüşdür. Kollegiya hesab edir ki, əmək kitabçasında qeyd edilmiş məlumatlar özlüyündə hüquqi şəxslərin eyniləşdirilməsi və rəhbərliyin müəyyən edilməsi üçün etibarlı sübut kimi qəbul edilə bilməz və digər rəsmi sənədlərlə ziddiyyət təşkil etdiyi halda üstün sübut qüvvəsinə malik deyildir. Konstitusion hüquqların müdafiəsi dövlətin yalnız müdaxilədən çəkinməsi ilə deyil, eyni zamanda hüquqi nizamı təmin etməsi ilə də bağlıdır. Hüquqlar və vəzifələr arasında tarazlıq pozulduqda hüquq sistemi funksional mahiyyətini itirir. Bu baxımdan, borclu şəxsin uzun müddət dövlət və sosial fondlar qarşısında öhdəliklərini yerinə yetirməməsi digər şəxslərin, o cümlədən sosial təminat alan vətəndaşların hüquqlarına dolayı təsir göstərir. Beləliklə, konkret iş üzrə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri Konstitusiyanın 28-ci maddəsi ilə təsbit olunmuş hüquqa qanunla nəzərdə tutulmuş, legitim məqsəd güdən, zəruri və mütənasib müdaxilə kimi qiymətləndirilməlidir. Bu müdaxilə nə özbaşına xarakter daşıyır, nə də hüququn mahiyyətini dəyişir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar tam və hərtərəfli qaydasında qiymətləndirilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən rəsmi sənədlər nəzərə alınmamış, nəticədə işin faktiki halları düzgün müəyyən edilməmişdir. Bu isə qətnamənin qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edildiyindən, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2470/2025 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, hüquqi şəxs Salyan 10 saylı X2 İcarə Dəstəsi (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan 749,71 manat, Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4.-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-2470/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs Salyan 10 saylı X2 İcarə Dəstəsinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin olunsun. Hüquqi şəxs Salyan 10 saylı X2 İcarə Dəstəsi (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan 749,71 manat, Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.