Məhkəmə qərarları › İş №2(3-7)-117/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-117/2026

03.03.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-117/2026 03.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs - Bakı şəhəri Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəri Maraqlı şəxs barədə vergi ödəyicisi və sığortaedən olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş üzrə Açar sözlər: vergi borcu; sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması; mütənasiblik prinsipi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəri Maraqlı şəxs barədə vergi ödəyicisi və sığortaedən olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli 2(040)-1491/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 mart 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqi şəxs haqqında məlumat cədvəlindən ki, vergi ödəyicinin tam adı: Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (VÖEN: **********), əsas fəaliyyət növü: binaların təmizlənməsi və yığışdırılması; rəhbəri: Maraqlı şəxs, ünvanı: Kəlbəcər rayonunun Milli kəndidir.

2. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 oktyabr 2025-ci il tarixə ödənilməli 2354364,83 manat (1297496,12 manat vergilər üzrə, 1056868,71 manat faiz) vergi borcu və 2,340901,39 manat (1557045,24 manat qalıq, 783856,15 manat penya) sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yaranmışdır.

3. Vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişdən görünür ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 21 avqust 2025-ci il tarixə dövlət büdcəsinə 2137785,76 manat məbləğində (o cümlədən vergilər üzrə 1104186,89 manat, faizlər üzrə 1003458,87 manat, maliyyə sanksiyası üzrə 30140 manat) vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir (xəbərdarlıqlar vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir)

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 1638199,14 manat (bir milyon altı yüz otuz səkkiz min yüz doxsan doqquz manat-14 qəpik), Dövlət Sosial Müdafiə Fonduna olan 1703234,27 manat (bir milyon yeddi yüz üç min iki yüz otuz dörd manat-27 qəpik) məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin, icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 05 sentyabr 2025ci il tarixə vergi ödəyicisi olan Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1703234,27 manat, dövlət büdcəsinə 1638199,14 AZN məbləğində (o cümlədən, vergilər üzrə 803455,06 AZN (səkkiz yüz üç min dörd yüz əlli beş manat-06 qəpik), faizlər üzrə 834704,08 AZN (səkkiz yüz otuz dörd min yeddi yüz dörd manat-08 qəpik), maliyyə sanksiyası üzrə 40 (qırx) manat) olmaqla, ümumilikdə 3341433,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 21 aprel 2025-ci il tarixli **********802200 nömrəli, 26 may 2025-ci il tarixli **********517200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Mayılov X1 rayonunun Milli kəndi ünvanında yaşayır.

6. Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli 2(040)-1491/2025 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) ərizə təmin edilməmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 73-cü maddələrinə, Vergi Məcəlləsinin 24.1.2-1, 77.1, 77.3 və 78.1-ci maddələrinə, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 10-1.3, 14.2, 89.3, 217.4, 217.5, 218.3, 305.1.12, 355-5.1, 355-5.2, 355-6, 355-7.1, 355-7.2, 355- 7.3 və 355-7.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: hüquqi şəxsin və vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə borcunun olması; maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması və ya vergi ödəyicisi olması. Qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Hüquqi şəxsin xx.xx.2025ci il tarixə olan reyestr məlumatlarından görünür ki, Maraqlı şəxs Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəridir. Sözügedən müəssisənin xx.xx.2025-ci il tarixə olan şəxsi hesab vərəqəsinə əsasən, ərizə üzrə borcu aktiv olaraq qalmaqdadır. Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin bildirilir ki, vergi orqanı yaranmış vergi borcunun ödənilməsi ilə bağlı vergi ödəyicisinə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********263200 nömrəli bildiriş göndərilmişdir. Bu bildiriş vergi orqanının ərizə ilə məhkəməyə müraciət etməsindən əvvəl göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən nəzərə alınmamış, vergi borcu ödənilməmişdir. Bundan sonra Maraqlı şəxs istifadəsində olan +**********30 mobil nömrəyə xx.xx.2025-ci il saat 15:31-də SMS bildiriş göndərilmişdir. Həmçinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” 3-21-2-8/2- 24055/2025 nömrəli xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda bildirilir ki, maraqlı şəxsin aidiyyəti olduğu qeyri-sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci il tarixli **********864100 və xx.xx.2025-ci il tarixli **********399800 nömrəli alınmalı sərəncamlar göndərilmişdir. Qeyd olunan tədbirlər nəticəsiz qaldığından vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Öncəliklə, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə (bundan sonra “AZEMİS”) ümumi məhkəmələrə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə xüsusi icraat qaydasında müraciət edilməsi imkanı mövcud deyildir (müvafiq pəncərələr yoxdur). Belə ki, AZEMİS-də rayon (şəhər) məhkəmələri üzrə ərizə növü seçərkən “xüsusi icraat üzrə ərizə” seçiminin çıxmaması səbəbindən vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən irəli gəlməyən borclarının ödənilməsinin təmin edilməsi məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrin rayon (şəhər) məhkəmələrinə elektron qaydada təqdim edilməsinin mümkün olmaması ilə bağlı xx.xx.2025-ci il tarixdə tərəfimizdən Elektron ünvan elektron poçt ünvanına müraciət göndərilmiş, lakin müraciət cavablandırılmamışdır. Göründüyü kimi, vergi orqanının hər hansı bir nöqsanı səbəbindən deyil, AZEMİS-də müvafiq imkanın olmaması ilə əlaqədar olaraq ərizə poçt göndərişi ilə məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinad etməklə sənədlərin lazımi qaydada təsdiq edilməməsini əsas göstərərək iş materiallarında olan sənədləri mötəbər hesab etməmişdir. Lakin sözügedən qanun aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyəti, habelə inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətini tənzimləyir. Beləliklə, məhkəmənin istinad etdiyi qanun məhkəmə və inzibati orqan arasında olan münasibətlərə şamil edilmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

13. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

14. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.

15. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

16. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

17. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 18 Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

19. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 10. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 305.1.12. Məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır

25. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

26. Maddə 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

27. Maddə 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

28. Maddə 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

29. Maddə 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

30. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, vergi ödəyicisi və sığortaedən Bakı şəhəri Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1638199,14 (bir milyon altı yüz otuz səkkiz min bir yüz doxsan doqquz manat on dörd qəpik) manat vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 1703234,27 (bir milyon yeddi yüz üç min iki yüz otuz dörd manat iyirmi yeddi qəpik) manat borcu ödənilənədək icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi –xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, vergi ödəyicisi və sığortaedən Bakı şəhəri Nəsimi Rayon Kommunal X2 Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 oktyabr 2025-ci il tarixə ödənilməli (VÖEN: **********) dövlət büdcəsinə 2354364,83 manat (1297496,12 manat vergilər üzrə, 1056868,71 manat faiz) vergi borcu və 2,340901,39 manat (1557045,24 manat qalıq, 783856,15 manat penya) sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yaranmışdır. Vergi ödəyicisinin icra orqanının rəhbəri isə Maraqlı şəxsdur. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

39. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır - lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

40. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 119).

41. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

42. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

43. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

44. Məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin etməlidir: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; - vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

45. Hazırki işdə ərizəçinin məhkəməyə müraciət etməsinə vergi ödəyicisi və sığortaedən Bakı şəhəri Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə 2354364,83 manat (1297496,12 manat vergilər üzrə, 1056868,71 manat faiz) vergi borcu və 2,340901,39 manat (1557045,24 manat qalıq, 783856,15 manat penya) sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun yaranması əsas təşkil etmişdir. Həmin borc məbləğlərinin mövcudluğu iş materiallarında olan Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (VÖEN: **********) şəxsi hesab vərəqəsi, vergi borcunun ödənilməsinə dair bildiriş və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıqla təsdiq olunur. Belə ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə maraqlı şəxsə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərmiş, lakin o, borcundan ödəniş etməmişdir. Halbuki, Vergi Məcəlləsinin 23.1.15-3cü maddəsində təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

46. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.

47. Qeyd olunanları və Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 305.1.12, 355-5, 355-6, 355-7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.

48. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə təmin edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli 2(040)-1491/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Vergi ödəyicisi və sığortaedən Bakı şəhəri Nəsimi Rayon Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1638199,14 (bir milyon altı yüz otuz səkkiz min bir yüz doxsan doqquz manat on dörd qəpik) manat vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 1703234,27 (bir milyon yeddi yüz üç min iki yüz otuz dörd manat iyirmi yeddi qəpik) manat borcu tam ödənilənədək icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi –xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar