Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-448/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi məhkəmə ərizəylə müraciət edərək Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39,55 (otuz doqquz manat əlli beş qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 20213,36 (iyirmi min iki yüz on üç manat otuz altı qəpik) manat, İşsizlikdən sığorta fonduna olan 664,37 (altı yüz altmış dörd manat otuz yeddi qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 1560,54 (min beş yüz altmış manat əlli dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Mədinə Rəsulova) ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilmiş, ərizəyə əlavə olunmuş bütün sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim olunması qərara alınmışdır. Hazırda ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər İdarəsi həmin qərardaddan şikayət verərək Biləsuvar Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, maraqlı şəxs X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Biləsuvar rayonu Bağbanlar kənd bələdiyyəsinin sədri X1 barəsində “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə ilə məhkəməyə fərqli borc məbləği ilə müraciət etmişdir. Göründüyü kimi bir vergi ödəyicisi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq fərqli borc məbləğləri ilə sonuncu ərizə üzrə məhkəməyə müracət edilmişdir. Bu isə ona əsas verir ki maraqlı şəxs barəsində fərqli ərizə ilə fərqli məbləğlərlə məhkəməyə müraciət edilməsi məhkəmənin icraatına qəbul olunmasından imtina edilərək geri qaytarılmasına əasas ola bilməz. İlk növbədə onu bildirmək istəyir ki, məhkəmə kollegiyasının qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə toxunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsində vergi öhdəliyinin icra edilməsi vergi ödəyicisinin vəzifələrindən biridir və Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi vergi ödəyicisinin öhdəliyi hesab olunur. Həmin öhdəliyin vaxtında və tam qaydada icrası öhdəliyin yerinə yetirilməsi hesab olunur. Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları vergi orqanının hüququ kimi göstərilmişdir. Həmin üsullara vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakın, habelə daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəməyə müraciət etmək nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələ verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmə kollegiyası gəldiyi bu nəticə ilə vergi orqanına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, ərizə üzrə onun ödənilməmiş borcları qalmaqdadır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Göründüyü kimi borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, yəni məhdudlaşmaya səbəb olan əsaslar aradan qalxanadək məhdudlaşdırılması çatmaq istənilən məqsədə mütənasibdir və qanunvericiliyə uyğundur. Həmçinin tətbiq olunmuş məhdudiyyət tədbirinin qüvvədə olma müddəti həmin məhdudiyyətin qoyulmasına səbəb olan əsasların vergi ödəyicisinin iradəsinə uyğun olaraq aradan qaldırılması ilə məhdudlaşır. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə tərkibi qeyd edir ki, eyni tərəf və eyni predmet anlayışları mübahisənin identikliyini müəyyən edən əsas meyarlardandır. Eyni tərəflər dedikdə, mübahisədə iştirak edən subyektlərin-iddiaçı və cavabdehin (və ya ərizəçi və maraqlı şəxsin) hüquqi şəxsiyyəti və prosessual statusunun dəyişməz qalmasını, eyni predmet isə məhkəmədən tələb olunan konkret hüquqi müdafiə vasitəsinin, yəni hüquqi nəticənin mahiyyət etibarilə dəyişməz qalmasını ifadə edir. Hazırkı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Biləsuvar rayonu Bağbanlar kənd bələdiyyəsinin sədri X1 barəsində “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməmişdir. Eyni tərəflər arasında “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Biləsuvar rayonu Bağbanlar kənd bələdiyyəsinin sədri X1 barəsində “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ərizəçi eyni şəxsə münasibətdə, eyni hüquqi nəticənin əldə olunmasına yönəlmiş, eyni xarakterli və mahiyyət etibarilə dəyişməz olan tələb ilə təkrarən məhkəməyə müraciət etmişdir. Şikayətin borc məbləğinin fərqli olması barədə dəlili isə əsaslı sayıla bilməz. Belə ki, mübahisənin predmetinin müəyyən olunmasında həlledici meyar yalnız kəmiyyət xarakterli göstəricilər, yəni borc məbləğləri olmamışdır, çünki tələb mahiyyət etibarilə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına yönəlməsi və bu çərçivədə yaranan hüquq münasibətləridir. Hazırkı halda isə həm tərəflərin tərkibi, həm tələb edilən hüquqi nəticə, həm də həmin tələbin irəli gəldiyi hüquqi əsas dəyişməz olaraq qalmaqdadır. Məhkəmə qeyd edir ki, borc məbləğinin dəyişdirilməsi mübahisəyə yeni hüquqi məzmun qazandırmamaqla, əvvəlki mübahisənin formal şəkildə fərqli təqdim olunması halıdır. Belə ki, ərizəçinin məhkəmədən xahişi dəyişməz qalaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına nail olmaqdır. Bu tələbin əsasında duran tərəflərin aralarında mövcud olan borc mübahisəsinin fərqləndirilməsi eyni tərəf, eyni predmet anlayışının hazırkı işə tətbiq edilməməsini istisna edə bilməz. Qeyd edilməlidir ki, əks yanaşma qəbul edildiyi təqdirdə, istənilən tərəf eyni tələbi müxtəlif məbləğlər göstərməklə sonsuz sayda məhkəməyə çıxara bilər ki, bu da məhkəmə qərarlarının sabitliyini və hüquqi müəyyənlik prinsipini ciddi şəkildə pozar. Odur ki, məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-115)-243/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-115)-243/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-448/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-448/2026
30.04.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver