Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1137/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "Azəriqaz" İstehsalat Bırlıyinin cavabdeh Qulıyev Soltan Aydin oğluna qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5984/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı "Azəriqaz" İstehsalat Bırlıyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3640,60 manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı hesabına köçürülməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5984/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3260/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-5023/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərar ilə, İddiaçı "Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2020-ci il tarixli, 2(103)-3260/2021 nömrəli qətnaməsi ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1, 88, 217.4, 218.1, 220.4, 392.1.5, 416 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı pul tələbini iki əsasla irəli sürmüş, cavabdehin debitor borcu və akta əsasən hesablanmış ziyan. Birinci instansiya məhkəməsi yalnız ikinci əsasa hüquqi qiymət verməklə iddianı tam rədd etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri məhz həmin məsələ olsa da, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamış və bir cümlə ilə apellyasiya şikayətini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. 4.İşin mübahisə edilməyən halları, iddiaçının təqdim etdiyi sübutlar və təkrar apellyasiya icraatı zamanı müəyyən edilən hallar ondan ibarətrdir ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli "qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.5-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir; Abonent saldosu ilə, **********00450 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 3628,80 manat məbləğində borc hesablanmışdır; xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surəti ilə, ünvan 1 ünvanına yerləşən istixanaya quraşdırılmış qaz sayğacına texniki baxış keçirilən zaman qaz sayğacın plastmas qapağının yan tərəfindən kronşteynə birləşən qulaqçıqlarında cızıq izlərinin olduğu aşkar olunmuş və dəymiş ziyan hesablanmış, aktı cavabdeh imzalamamışdır.(iş.səh. 13,12,15, 16) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətini təmin edilərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnmə qəbul edilməsini xahiş etmişdir. 6.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 77.2, 217.1-ci maddələrinə itsinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ümumi maddi zərər məbləğinin 3628,80 manat hissəsi cavabdehin təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz sayğacına bilərəkdən və ya qəsdən müdaxilə etməsi nəticəsində təbii qazı özbaşına talaması, qaz sayğacının işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla da rəsmiləşdirilmiş zərər məbləğidir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ümumi maddi zərər məbləğinin 11,80 manat hissəsi isə cavabdehin 05/2018-ci il tarixinə qədər iddiaçı qarşısında istehlak etdiyi təbii qaza görə yaranmış debitor borcudur. Məhkəmə tərəfindən İddiaçı İB-nın iddia tələbi təmin edilməməklə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, laboratoriya rəyi, təbii qazın dəyəri üzrə ödəniş cədvəli olan SALDO ilə) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir, məhkəmə iclaslarında belə iştirak etməmişdir. Qaz sayğacına da bilərəkdən və ya qəsdən müdaxilə etməməsinə dair etirazını dilə gətirməmişdir.Cavabdeh şəxs tərəfindən məhkəmədə qaz sayğacına bilərəkdən və ya qəsdən müdaxilə faktı ilə bağlı etiraz və ya pretenziyaların bildirilməmiş olması, bir növ onun tərəfindən qaz sayğacına müdaxilə faktının əsaslılığına dəlalət verir. Yuxarıda qeyd olunan bu və s. kimi halları aşağı instansiya məhkəməsi qətnaməsində düzgün müəyyən etməmiş, işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktı da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir.Odur ki, göstərilənləri nəzərə alaraq apelyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Beləliklə, tərəflərindən toplanmış sübutlarla müəyyən edilir ki, iddia tələbi əsaslıdır, lakin onun təmin olunmamış hissəsində aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin həqiqi və faktiki hallarına uyğun gəlmir.Tərtib olunmuş apelyasiya şikayətinin dəlilləri də formal mülahizə xarakteri daşımır, məhkəməyə təqdim olunmuş dəlilllər tam əsaslıdır. Bu kimi fakt və hallan düzgün tədqiq etməmiş asağı instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. (Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385.1, 442, 454, 1096.1, 1096.2, 1097.1, 1115; Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279-282, 542; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 10.İddia edilən borcun bir hissəsi akta əsasən tələb edilən borcdur ki, bunun əsaslarını dövlət əmlakının talanması təşkil edir. Lakin iddiaçının müvafiq cinayət təqibi və ya ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsususiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir. 11.Qeyd edilənlərə müvafiq akta əsasən hesablanmış borc hissədə qətnamənin maddi və prosessual hüquq normalarına uyğun olan apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır, lakin ekspert rəyi ilə təsnif edilən debitor borca münasibətdə qətnamənin də əsaslı olmasını təsdiq etmək mümkün deyildır və cavabdehin borcun ödəmək vəzifəsinə müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, aktda qeyd edilənlərə münasibətdə cavabdehin hərəkətlərinin qanunsuzluğu təkzib edilməz sübutlarla (delikt, inzibati xəta və sair) təsdiq edilməmişdir. İstehlakçıya qarşı yönələn və onun tərəfindən qəbul edilməyən tələbi sübut etmək yükü iddiaçıya– aktla tələb edilən məbləğə - aid edilən hissədə sübuta yetirilmədiyindən, debitor borc hissəsi istisna olmaqla, iddianı təsdiq edən digər hallar müəyyən edilmədiyindən iddia qismən təmin edilməli, debitor borc cavabdehdən iddiaçının xeyrinə tutulmalı və borcun qismən müəyyən edilməsi müəyyən edildiyindən ekspertiza xərci cavabdehdən tutulmalıdır. 12.Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı "Azəriqaz" İstehsalat Bırlıyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5984/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Azəriqaz" İstehsalat Bırlıyinin cavabdeh Qulıyev Soltan Aydin oğluna qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbi qismən təmin edilsin. Qulıyev Soltan Aydin oğlundan 11,80 manat (on bir manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq "Azəriqaz" İstehsalat Bırlıyinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Qulıyev Soltan Aydin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin.