Məhkəmə qərarları › İş №2(103)-11370/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11370/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11370/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehin uşaqları və ona məxsus əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(001)-1095/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilinə cavabdehə 20.000 manat miqdarında kompensasiya ödənilməklə birgə nikahdan doğulmuş X4 və X3 istifadə hüququna xitam verilməsi və şəxsi cehiz əşyaları ilə birikdə onların yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10 iyun 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan 08.10.2006-cı il təvəllüdlü X8 və 05.08.2009-cu il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə nikahları pozulduqdan sonra o, Məmmədova (Qaraşova) Günay Cəlal qızı ilə rəsmi nikaha daxil olmuş və nikahdan 07.07.2013-cü il təvəllüdlü X9 və 07.07.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra, nikahdan əvvəl əldə etdiyi daşınmaz ev əmlakı kimi şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı 5 otaqlı mənzilində məskunlaşaraq son vaxtlaradək orada birgə yaşamışlar. Keçmiş həyat yoldaşı X7 onu mülkiyyətində olan mənzildən məhrum edəndən sonra bir müddət atasının Saray kəndində olan evinə sığınmış, sonra Sumqayıtda rəsmi müqavilə ilə ev kirayə edərək, orada yaşamışdır. Mübahisəli mənzil nikaha daxil olmamışdan öncə atasının şəxsi vəsaiti hesabına 26.10.2004-cü ildə onun adına alınmışdır. O, mənzildən çıxdığı ana qədər yaşayışa tam yararlı olmuşdur. O, mübahisəli mənzilə köçürülməsi və digər tələblərə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və onun bu iddiası qismən təmin edilərək, onun mübahisəli mənzilə köçürülməsi qət edilmiş, digər tələbləri rədd edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra cavabdehə 12.500 manat kompensasiya verilməklə, birgə nikahdan doğulmuş uşaqlarla birlikdə onun istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir. Eyni iddia 12.500 və sonradan 12.700 manat məbləğində kompensasiya ödənilməklə də qaldırılmış, lakin bu iddialarda təmin edilməmişdir. Hazırda şəxsi mülkiyyətində olan mənzil 8 ildir ki, iş üzrə cavabdeh X1 əlindədir və hazırda uşaqlarla birgə orada yaşayır və mənzilə köçürülməyə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2 qətnaməsi olsa da, bu hüquqlardan məhrum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(001)- 1095/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X2 20.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdeh X1 (uşaqları X11 və X8 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh X1 (uşaqları X11 və X8 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən ona məxsus bütün əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, cavabdeh X2 20.000 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi və onun (uşaqları X11 və X8 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən bütün əşyaları ilə (uşaqları X11 və X8 ilə birlikdə) birlikdə çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təklif olunan kompensasiyanın məbləği qanunvericiliyin tələblərinə, mübahisəli mənzilin dəyərinə və mənzilin kirayə haqqına uyğun deyildir. Bundan başqa, məhkəmə onun iki uşağının da həmin mənzildə doğulduğunu və burada böyüdüklərini nəzərə almamışdır. Kompensasiya məsələsi həll olunarkən uşaqların da mənafeyi nəzərə alınmalıdır. 20000 manat kompensasiya indi yaşadıqları mənzilə oxşar şəraitli mənzil kirayələrək müəyyən bir dövrə qədər yaşamaları üçün yetərli deyildir. "xxxx" MMC-nin müətəxəssis rəyinə əsasən mənzilin ilkin (likvid) dəyəri 132000 manat, orta aylıq kirayə haqqı isə 600 manat müəyyən edildiyi halda, məhkəmə əsassız olaraq kirayə haqqının 350-400 manat olması barədə Əmlak Bazarı İştirakçıları tərəfindən verilmiş 06 iyun 2017ci il tarixli arayışa əsaslanmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2(103)- 12933/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(001)-1095/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(102)-2306/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli 2(103)-12933/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(001)-1095/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli əlavə qətnaməsi ilə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına keçirilməsi, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 450 manatın İddiaçı alınaraq, “Ekspress” Lisdinq” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(102)-2306/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı tərəfindən hazırda təklif edilən 30000 manat məbləğində kompensasiya məbləği ilə razılaşmadıqlarını, 35000- 40000 manat məbləği təklif edildiyi halda razı olacaqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi 30000 manat kompensasiya ödəməyə razı olduqlarını, daha artıq məbləğin isə verilməsinə imkan olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İddiaçı kompensasiyanın məbləğini artıraraq işə birinci instansiya məhkəməsində baxılarkən 20000 manat, apelyasiya instansiyası məhkəməsində baxılarkən isə 22000 manat kompensasiya təklif etmişdir. Birinci instansiya məhkəməsi 20.000 manat kompensasiya məbləğini cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verdiyini hesab etsə də apelyasiya instansiyası məhkəməsi təklif edilən məbləğin yetərli olmadığını və cavabdehi uşaqları ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edə biləcək kompensasiya məbləğinin 30000 manat təşkil etdiyi qənaətinə gəlmişdir. Bu qənaətə gələrkən apelyasiya instansiyası məhkəməsi qiymətləndirmə rəylərinə əsasən 5 yaşayış otağından ibarət mənzilin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqının 600 manat və daha artıq məbləğ təşkil etdiyini, cavabdehin himayəsində iddiaçı ilə birgə nikahlarından olan iki uşağının da olmasını nəzərə almışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə təklif edilən kompensasiyanın məbləğinin cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verib-vermədiyini müəyyənləşdirərkən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 77, 7 saylı mənzilin 5 otaqdan ibarət olmasını əsas götürmüş və yetərli sayılan 30000 manat məbləği də 5 otaqlı mənzilə münasibətdə müəyyən etmişdir. Halbuki iddiaçı cavabdehə qarşı iddia qaldırmaqla sonuncunun və onun 2 uşağının, yəni ümumilikdə 3 nəfərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu növ iddialara baxılması zamanı işə baxan məhkəmələr təklif edilən kompensasiyanın yetərli olub-olmamasını müəyyənləşdirərkən istifadə hüququ əldə edilmiş mənzillə münasibətdə eyni sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını deyil, istifadə hüquqlarına xitam verilən şəxslərin sayına uyğun olaraq onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verən sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını əsas götürməlidir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hansı sahəyə və otaq sayına malik mənzilin cavabdehə uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verdiyini müəyyənləşdirməli, bundan sonra həmin mənzilin kirayə haqqına uyğun olaraq təklif edilən kompensasiyanın məbləğinin yetərli olub-olmamasına hüquqi qiymət verməlidir. Bundan başqa işə kassasiya qaydasında baxılarkən Ali Məhkəməyə iddiaçının adından cavabdehə 30000 manat kompensasiya verilməsinə razı olması barədə ərizə daxil olmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və daxil olmuş ərizə notarial qaydada təsdiq edilmədiyindən həmin ərizə ilə bağlı iddiaçının iradə ifadəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də işə yeni apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsi qeyd edilən ərizəyə də hüquqi qiymət verməli və iddiaçının ərizədə göstərilən məbləğdə kompensasiya ödəməsi ilə bağlı iradə ifadəsinin olub-olmamasını müəyyənləşdirməlidir.” Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinə aid hissədə dəyişdirilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzili 26.11.2004-cü ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin mənzil onun mülkiyyətinə keçdikdən sonra o, cavabdeh X7 ilə 10 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüşdür. Onların birgə nikahından 08 oktyabr 2006-cı il təvəllüdlü X8 və 05 avqust 2009-cu il təvəllüdlü X11 doğulmuşdur. Sonradan onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 03 noyabr 2012-ci il tarixdə X10 ilə nikaha daxil olmuş, həmin nikahdan onların iki uşaqları 07 iyul 2013-cü il təvəllüdlü X6 və 07 iyul 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2013-cü il tarixli və 08.04.2015-ci il tarixli qətnamələri ilə İddiaçı və X10 onların birgə nikahdan doğulmuş uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür. İddiaçı ötən dövr ərzində cavabdehə qarşı iddialar qaldıraraq, 9.000 manat, 12.500 manat, 12.700 manat və sonuncu dəfə 12900 manat məbləğində kompensasiya müqabilində onun mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmişdir. Lakin onun iddiaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvədə olan 31.05.2013-cü il tarixli, 08.04.2015-ci il tarixli, 05.09.2016-cı il tarixli və 09.01.2017-ci il tarixli qətnamələri ilə təmin edilməmişdir. “Əmlak Bazarı” İştirakçıları tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən 5 otaqlı mənzilin 06 iyun 2017-ci il tarixində kirayə haqqı 350-400 manat təşkil edir. "xxxx" MMC-nin 29.05.2019-cu il tarixli, LP-056/19 nömrəli evin likvid dəyərinin və orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 77, 7 saylı mənzilin ilkin (likvid) dəyəri 132.000 manat təşkil edir, orta aylıq kirayə haqqısı 600 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli, PR-M/024-2020 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 77, mənzil 7-də yerləşən 5 otaqlı mənzilin 19.10.2020-ci il tarixə (əmlaka baxış keçirilən tarix) satış üzrə dəyəri 165000 manat, satış üzrə likvid dəyəri 155000 manat, kirayə üzrə aylıq dəyəri 600 manat təşkil edir. "xxxx" MMC-nin 02 noyabr 2020-ci il tarixli, 02/11-20/AM saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 77, mənzil 7-də yerləşən 5 otaqlı mənzilin orta aylıq kirayə haqqı içərisində məişət avadanlıqları, mebellər, yumşaq yataq dəsti və digər gündəlik tələbat vasitələri ilə təzhiz olundutu halda ***-**** manat, adi qaydada yəni yalnız stol-stul, soyuducu, kondisioner, televizor və yataq taxtı olduqda 550-620 manat civarında təklif olunur. Qeyd olunan mənzilin ümumi sahəsi faktiki artılrmalar nəzərə alınmaqla, oktyabr 2020-yə orta bazar qiyməti 142000 manat civarında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasım Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur...Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir... Mülki Məcələnin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənlyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz... Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər... ...Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir...Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.07.2016-cı il tarixli Qərarına əsasən: “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Hazırkı apelyasiya baxışı zamanı iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehə 30000 manat məbləğində kompensasiya ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra mülkiyyətçinin ailə üzvü kimi mübahisəli yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. İddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Bunun üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Birinci instansiya məhkəməsi cavabdehə cəmi 20000 manat kompensasiya ödənilməklə onun istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlmişdir, hazırda isə iddiaçı kompensasiya məbləğini artıraraq 30000 manat verdiyini bildirmişdir, belə olan halda Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilən 30000 manat kompensasiya cavabdehin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Belə nəticəyə gələn Kollegiya həmçinin mübahisəli evin bazar dəyərini və orta aylıq kirayə haqqının 500-600 manat təşkil etməsi barədə mütəxəssis rəylərini də nəzərə alır, belə ki, eyni şəraitli yaşayış evinin aylıq kirayə haqqı 600 manat olsa belə, ödəniləcək 30000 manat kompensasiya məbləği cavabdehə 50 ay (4 il 2 ay) kirayə haqqı ödəməyə kifayət edir. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli və cavabdehə cəmi 30000 manat kompensasiya ödənilməklə onun (uşaqları X11 və X8 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, 77 saylı evin, 7 saylı mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1095/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh X2 ödənilməli olan kompensasiyanın məbləğinə (20000 manat) aid hissədə dəyişdirilərək, həmin məbləğ 30000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat X5 alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN: AZ58RBTA********************,VÖEN:**********, Benefisiar bank: "xxxx" ASC Nərimanov filialı, Müxbir hesab: AZ61nabz********************, FAD:505442; VÖEN:**********, S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat X5 alınaraq, “Ekspress” Lisdinq” MMC-nin hesabına (VÖEN **********1, H/h **********406A60, İBAN-AZ98JBBK**********0191406A60, "xxxx" ASC MXD filialı, Kodu 506924, VÖEN **********, M-h-AZ27NABZ********************, S.W.İ.F.T. BİK JBBK AZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar