Məhkəmə qərarları › İş №2(103)-1139/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1139/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1139/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-816/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, ZM-184/0-USD və ZM-185/0-AZN nömrəli zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ləğv prosesində olan Cavabdeh ASC ona və qeyrilərinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh “xxxxxxxxxxxx” MMC və Cavabdeh ASC arasında xx.xx.2010-cu il tarixli 327/0-USD saylı və xx.xx.2014-cu il tarixli, 78/0-AZN saylı kredit müqavilələrinin bağlanmasını və həmin müqavilələrin təminatı olaraq onunla hər ikisi xx.xx.2016 tarixli olmaqla, ZM-184/0-USD və ZM-185/0 AZN saylı zaminlik müqavilələrinin bağlanmasını bildirmiş və onu birgə borclu olaraq cavabdeh qismində göstərmişdir. Onunla ləğv prosesində olan ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış və onun belə bir niyyəti ümumiyyətlə olmamışdır. Həmin müqavilələrdə qoyulan imzaların kimə məxsus olması ona məlum deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 816/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.İş üzrə ödənilmiş dövlət rüsumunın iddiaçıya aid edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manatın isə iddiaçıdan dövlət nəfinə tutulması müəyyən edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, qətnamə əsassızdır. Əgər tərəf müqavilə bağlamaq niyyətində olmamışdırsa belə bir müqavilə bağlandığı andan etibarsızdır. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq yalnış nəticəyə gəlmişdir. Ekspertiza düzgün keçirilməmiş, rəy kifayət qədər əsaslandırılmamışdır. Ekspert rəyi ilə onun tanış olmasına şərait yaradılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu qeyd edib, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ZM-185/0- AZN nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ASC ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış 78/04-AZN saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli əlavə saziş üzrə İddiaçı borclu “xxxxxxxxxxxx” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ZM-184/0- USD nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ASC ilə «xxxxxxxxxxxx» MMC arasında bağlanmış 327/0-USD saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi və 101/0-USD saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli əlavə saziş üzrə İddiaçı borclu “xxxxxxxxxxxx” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı hazırda onunla Cavabdeh ASC arasında zaminlik müqaviləsi bağlanılmadığını, həmin müqavilələrdəki imzaların kimə məxsus olmasının məlum olmadığını iddia edərək, həmin müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən bu məqsədlə məhkəmə-xətşünaslıq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21251 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış ZM-184/0-USD nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsində «zamin» qrafasındakı imza; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış ZM-185/0-AZN nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsində «zamin» qrafasındakı imzanın – İddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında müvafiq zaminlik müqavilələri bağlanmışdır. İddiaçı belə bir müqavilənin bağlanılmadığını, həmin müqavilələrin onun tərəfindən imzalanmadığını iddia edir. Belə olan halda iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspert rəyi ilə də imzaların iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. İddia tələbində və apellyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur. Beləliklə, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfındən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-ü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya hesab edir ki, sözügedən zaminlik müqavilələri bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsasın olmaması barədə məhkəmənin qənaəti doğrudur. Beləliklə, Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-816/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar