Məhkəmə qərarları › İş №2(103)-11393/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11393/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11393/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Mirağa Ağamirovun, Cavabdeh Rafiq Vahabovun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(008)-1238/2018 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(008)- 1238/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 11698.71 ABŞ Dolları məbləğində əsas kredit borcu, 2202 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14000.71 ABŞ Dolları məbləğində borcun tutularaq ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 11698.71 ABŞ Dolları məbləğində əsas kredit borcu, 2202 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14000.71 ABŞ Dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)- 3453/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2018 saylı, 31.08.2018ci il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu Qara Çuxur qəsəbəsi Nizami İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 123 V fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(008)- 1238/2018 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməməsi ilə əlaqədar geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 15.03.2021-ci il tarixdə dövlət rüsumunu da ödəyərək qeyd olunan qətnamədən şikayət verilmə müddətinin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilərkən dövlət rüsumunu ödəmədiyi üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda apellyasiya şiayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş rüsum iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən də ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(008)-1238/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. İddiaçı ASC qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qətnaməni 26 aprel 2019-cu il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Cavabdehin qətnaməni rəsmi qaydada alıdığı halda 2 il keçdikdən sonra müddətin bərpası qanunsuz va əsassızdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş 29 may 2019-cu il tarixdə apellyasiya şikayəti məhkəməyə daxil olmuş, tərəf apellyasiya şikayətində həmin qətnaməni 26 aprel 2019-cu il tarixdə poçt vasitəsi ilə qəbuk etdiyini bildirmişdir. Lakin Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu ödənilmədiyi üçün məhkəmənin 29 may 2019-cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş, iddiaçının apellyasiya şikayətinə 29 iyul 2020-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyası tərəfindən hüquqi qiymət verilmişdir. Daha sonra Cavabdeh1 qətnamədən yenidən apellyasiya şikayəti vermiş, Sabunçu Rayon Məhkəməsi cavabdehin apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməsinə istinad edərək 14 sentyabr 2020-ci il tarixli qərardadla şikayəti geri qaytarmış, cavabdeh prosessual müddətin bərpası barədə ərizə ilə həmin məhkəməyə müraciə etmiş, Sabunçu Rayon Məhkəməsi 04 iyun 2021-ci il qərardadı ilə ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən qətnamədən iki il keçdikdən sonra apellyasiya şikayətinin verilməsinin qəbul edilməsi prosessual baxımdan yolverilməzdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iştirak etmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Beləliklə də, həmin cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatı olmuşdur. Digər tərəfdən cavabdeh tərəfindən qətnamənin mübahisələndirilməsi üçün müddətin üzrlü səbəb olmadan bərpa edilməsi iddiaçının pozulmuş hüquqlarının bərpasının yubadılmasına yönəlmiş hərəkət kimi qəbul edilməlidir. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki “... Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur...” Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(008)- 1238/2018 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(008)- 1238/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar