Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11396/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(005)- 2585/2021 saylı qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-dən Cavabdeh tərəfindən alınmış bitki mühafizə vasitələrinə görə olan borcun-33460 AZN pul məbləğinin alınaraq İddiaçı-nin hesabına keçirilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əaslandırılır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı ilə bağlı 14A saylı, 17 fevral 2016-cı il tarixli müqavilə bağlamışdır. "xxxx" MMC-ni bu məsələdə özünü MMC-nin direktoru kimi təqdim edən X11 təmsil edirdi. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət İddiaçı-nə 14A saylı, 17 fevral 2016-cı il tarixli müqavilə üzrə 30 dekabr 2016-cı il tarixədək 33460 AZN ödənişi həyata keçirməli idi. İddiaçı malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1 saylı əlavə razılaşmaya əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Borcun ödənilməsi ilə bağlı "xxxx" MMC-nə xəbərdarlıq da edilmişdir. MMC tərəfindən ünvanlanan məktuba 14 saylı, 05 fevral 2018-ci il tarixli, cavabdehin imzası ilə olan cavab məktubunda borcun 2018-ci ilin avqust ayı ərzində ödəniləcəyi göstərilmişdir. Borcun ödənilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi və Şirvan Apelyasiya məhkəməsinə verilmiş iddia tələbi və apelyasiya şikayəti məhkəmələrin 23 may 2018-cı il tarixli və 20 noyabr 2018-ci il tarixli Qətnamələri ilə təmin edilməmişdir. Məhkəmələr qəbul etdiyi qətnamələrində iddiaçı tələbini təsdiq edən hər hansı yazılı əqdin bağlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdin edə bilməməsi, cavabdeh təşkilatın isə iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını göstərmişdir. Yəni keçirilən məhkəmə proseslərində məlum olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 A saylı, 17 fevral 2016-cı il tarixli müqaviləyə, 26 fevral 2016-cı il tarixli 01 saylı Əlavə razılaşmaya və qaimə-fakturaya özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən, əslində isə MMC-nin təsisçisi olan Qəmbərov Səxavət Zəki oğlu tərəfindən imzalanmış və mallar ona təhvil verilmişdir. Qeyd olunan sənədlərdə cavabdeh özünü MMC-nin direktoru kimi göstərmiş və həmin qrafalarda imza etmiş, lakin MMC-nin möhürü ilə təsdiqləməmişdir. Səbəb isə möhürü özü ilə gətirmədiyini növbəti dəfə Bakıya gələrkən təsdiqləyəcəyini bildirmişdi. Məhkəmə prosesinə işirak edən "xxxx" MMC-nin direktoru X14, Səxavətin onun qardaşı və MMC-nin təsisçisi olduğunu bildirmiş, lakin hal-hazırda onun Bakı şəhərində ailəsi ilə yaşadığını, bu işlərlə məşğul olmadığını və buna baxmayaraq ona görə məsuliyyət daşımadığını söyləmişdi. Məhkəmə prosesində həmin malların MMC tərəfindən istifadə edilməsinə baxmayaraq iddiaçı ilə onun rəhbərlik etdiyi MMC arasında hər hansı bir müqavilənin bağlanmadığına görə məsuliyyət daşımadığını söyləmişdi. Borcun ödənilməsi ilə bağlı iddia tələbinin əsas cavabdehin X5 olduğu və bununla bağlı yenidən ona qarşı iddianın verilməsi hər iki məhkəmə tərəfindən bildirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02.01.2019-cu il tarixli 2(005)-709/2019 saylı qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, X3 33460 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 05.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02.01.2019-cu il tarixli, 2(005)- 709/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı pul tələbi ilə iddiası ilə məhkəmə iclası barəsində məlumatı olmamışdır. Qiyabi qətnamənin sürətini nümayəndə vasitəsi ilə 02 aprel 2021-ci il tarixdə almışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(005)-2585/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 709/2019 nömrəli, 24.01.2019-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh X8 qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 23 iyul 2021-ci il tarixli 515 nömrəli ərizə ilə müraciət edərək, tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı itirilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X9 26 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edərək iddia tələbinin əsassız olduğu hesab etdiyini bildirərək iddiaçının iddia ərizəsini geri götürəcəyi halda işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(005)-2585/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(005)-2585/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı müqavilənin icrası ilə bağlı 29 yanvar 2018-ci il tarixli, 76 saylı məktub özünü "xxxx" MMC-nin rəsmisi kimi qələmə verən cavabdehdən iddiaçının ünvanına müraciət daxil olmuşdur. Müraciətdə İddiaçı tərəfindən “bitki mühafizə və gübrələrlə təmin edildiyi, lakin bu borcun meyvə mövsümünə qədər güzəşt olaraq uzadılmasını xahiş etmişdir. Bu məktubda da, S.Z.Qəmbərov özünü MMC-nin direktoru kimi göstərmiş və imzalamışdır. Məhkəmə məsələ ilə bağlı araşdırma belə aparmamış və hər hansı bir sübuta istinad etməmişdir. Məhkəmə qətnamədə işdə olan sənədləri tədqiq edərək və sübutlatı qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yəni məhkəmə Qətnamədə göstərir ki: “Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları məhkəmədə təsdiq edə bilmədi. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bütün sənədlər İddiaçı-nin “Əsli ilə düzdür" möhürü ilə təsdiq edilmiş kserosurətlərdir. Məhkəmə tərəfindən iddiaçıya sənədlərin əsillərinin təqdim edilməsi təklif edilsə və bunun üçün vaxt verilsə də, iddiaçı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz.” Qeyd edilməlidir ki, cavabdeh Qəmbərov Səxavət özünü "xxxx" MMC-nin direktoru kimi qələmə verərək və “Aqrokimya" MMC-yə mal almaq üçün müraciət etmiş və bununla bağlı bütün sənədləri imza etmişdir. MMC-nin anbarından malları alaraq, Lənkəranda yerləşən torpaq sahəsində istifadə etmişdir. Sonradan isə aldığı mallara görə ödəniş etməkdən imtina etmişdir. Bununla bağlı “Cənub-Aqro" MMC-nin Şirvan İnzibati-İqtisadi məhkəməsinə iddia tələbi ilə müraciət olunmuşdur. Məhkəmədə məlum olmuşdur ki, Səxavət Qəmbərov "xxxx" MMC-nin direktorunun yerinə saxta imza edərək, bu addan öz məqsədi üçün istifadə elmişdir. Məhkəmə prosesinə iştirak edən MMC-nin direktoru kimi özünü təqdim edən şəxs, nümayəndə Səxavətin onun qardaşı və MMC-nin təsisçisi olduğunu bildirmiş, lakin buna baxmayaraq ona görə məsuliyyət daşımadığını söyləmişdi. Cavabdehin qardaşı X14 S.Z.Qəmbərovun MMC-nin işçisi olmadığını, MMC-nin adından müqavilə bağlamaq və ya çıxış etmək səlahiyyəti olmadığını bildirdiyini göstərmişdi. Məhkəmə prosesində həmin malların MMC tərəfindən istifadə edilməsinə baxmayaraq iddiaçı ilə onun rəhbərlik etdiyi MMC arasında hərhansı bir müqavilənin bağlanmadığına görə məsuliyyət daşımadığını qeyd etmişdi. Bu baxımdan məhkəmə əsl cavabdeh X7 olduğunu göstərərək onu aidiyyəti üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsində və Şirvan Apelyasiya məhkəməsində sənədlərin əsllərinə baxılmışdır. Digər tərəfdən iki il ərzində X10 İcra şöbəsi tərəfindən özü və onun mülkiyyətində olan minik maşını axtarışa verilmiş və tapılmamışdır. Yalnız sonradan İcra şöbəsinin hərəkətsizliyi ilə bağlı müvafiq qurumlara etdikləri şikayətdən sonra cavabdehin mülkiyyətində olan Lənkərandakı torpaq sahəsinə İcra şöbəsi tərəfindən verilmiş təqdimata Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qoyulduqdan sonra cavabdeh qətnamənin ona rəsmi təqdim edilməməsi ilə bağlı məhkəməyə müraciət etmiş və mülki işə yenidən baxılmışdır. İddiaçı isə məhkəmə məsələsinin bitdiyini və üstündən iki il keçdiyini nəzərə alaraq, “Arxiv haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən çıxış edərək vaxtı çatan sənədləri utilə göndərmək məqsədilə vaxtı və müddəti bitmiş bu tipli sənədləri özünün anbarına yığmışdır. Bu sənədlərdə anbarda kortəbii şəkildə yığılmışdır. Sənədlərlə bağlı anbarda natamam araşdırmalar aparılsa da, hələki bir nəticə verməmişdir. Çünki şəraitlə bağlı burada sənədlərin axtarılması qeyri-mümkündür. Məhkəmə cavabdeh S.Qəmbərovun malların alınması, müqavilə və digər sənədlərin qanunsuz imzalanması ilə bağlı məsələyə də qiymət verməmişdir. Məhkəmə çıxışlarında vəkil bu malın alınmadığını, imzanı onun müdafiə etdiyi tərəfin imzalamadığı, saxta imzanın olduğunu iddia edir. Məhkəmə buna da hüquqi qiymət verməmişdir. Bununla bağlı məhkəmədən müvafiq prokurorluq orqanlarına müraciət olunması tələb edilsə də bu vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, sənədlər anbara yığılmışdır. Onlar hələki sənədləri axtarırlar. Əgər vaxt verilərsə, sənədlərin axtarılması müsbət nəticələnə bilər. Xahiş etdi ki, qətnamə ləğv edilsin, iddia təmin edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh qiyabi qətnamədən xəbər tutan kimi, qiyabi qətnamənin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh əlil insandır. O, iddiaçı ilə heç bir müqavilə bağlamamış, mal götürməmişdir. Əgər iddiaçı sübut edə bilirsə, müqavilənin əslini ortaya çıxartsın, imzalar yoxlanılsın. İddiaçı tərəf 2018-ci ildən məhkəməyə müraciət edib, surətini öz möhürü ilə təsdiq edilmiş kserosurət sənəd ortalığa çıxardır. Bu günə kimi, iddiaçı tərəf sənədlərinin əslini axtarır. Hazırda da, apellyasiya instansiyası mərhələsində vaxt istəyir ki, müqavilənin əslini tapsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X4 Cəmiyyətinə ünvanlanmış 05.02.2018-ci il tarixli 14 nömrəli məktubun surətindən müəyyən olunur ki, 2017-ci ildə gözlənilməz sərt hava şəraiti "xxxx" MMC-nin meyvə təsərrüfatının məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Bu da şirkətin bəzi müqavilə öhdəliklərinin kəsirlə yerinə yetirməməsinə səbəb olmuşdur. Bağlanmış müqaviləyə əsasən Aqrokimya MMC, "xxxx" MMC-ni bitki mühafizə və gübrələrlə təmin etmişdir. Müəssisənin gəlirininın yalnız meyvə mövsümü ilə bağlı olması İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 33460 manat olan qalıq borcunu ödəməyə imkan vermir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən bu borcun ödənişinin meyvə mövsümünə qədər (yəni 2018 ci il avqust ayı ərzində ) güzəşt olaraq uzadılmasını xahiş edilmişdir. İş materiallarında olan 17.02.2016-cı il tarixli 14A nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” müqavilənin surətindən müəyyən olunur ki, bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nə bitki mühafizə vasitələri satmağı, alıcı isə həmin malları qəbul edib razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləni X11 imzalamışdır. İş materiallarında olan 17.02.2016-cı il tarixli 14A nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” müqaviləyə 01 saylı əlavə razılaşmanın surətindən müəyyən olunur ki, AqrokimyaMəhdud Məsuliyyətli Cəmiyyəti Cənub-AqroMəhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 19682.22 ABŞ dolları dəyərində mallar satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 26.02.2016-cı il tarixli, BNR seriyalı, 290488 saylı qaiməsinin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X5 33459,83 manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 427.3, 600.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı öz iddiasının əsasının təşkil edən halları məhkəmədə təsdiq edə bilmədi. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bütün sənədlər (müqavilə, qaimə-faktura və s.) "xxxx" MMC-nin “Əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş kserosurətlərdir. Məhkəmə tərəfindən iddiaçıya sənədlərin əsillərinin təqdim edilməsi təklif edilsə və bunun üçün vaxt verilsə də, iddiaçı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əssassız olduğundan, təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(005)-2585/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11396/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11396/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver