Məhkəmə qərarları › İş №2(103)-11399/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11399/2021

07.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11399/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsinin etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsinin rəisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsində qarşı “əvvəlki işə bərpa və əmək haqqı fərqinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon Sukanal İdarəsindən işdən çıxarılmağı barədə 30 aprel 2021-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqını, mediasiya xərclərinin 50%-in cavabdeh tərəfindən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, heç bir qanun pozuntusu törətmədən işdən çıxmağa vadar edilmişdir. Belə ki, o, özünə məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil nömrəsini sataraq torpaq sahəsi almaq istəyib. Qaradağ rayon Sukanal idarəsinin rəisi, X3 həmin nömrəni ona satmasını istəmiş, nömrənin əvəzində isə tanışlarının köməyi ilə tapdığı torpağın qiymətini 5000 manat endirəcəyini bildirmişdi. Buna görə də razılaşıb 2020-ci ilin sentyabr ayında özünə məxsus avtomobil nömrəsini Elnur Əliyev vermiş, lakin bir müddət keçəndən sonra Elnur Əliyevə torpağı almaqda ona kömək etməyini xahiş etsədə, rəis hər dəfə torpaq məsələsinin tezliklə həll olunacağını bildirmişdi. 2021-ci ilin aprel ayında almaq istədiyi torpaq sahəsi satılmışdı. Elnur Əliyev ona verdiyi avtomobil qeydiyyat nişanın əvəzində torpağı almaqda ona heç bir köməklik etməmiş, bu səbəbdən avtomobilinin nömrəsini geri qaytarmağı xahiş etmişdi. Bundan sonra rəis Elnur Əliyevlə aralarında problemlər yaranmışdı. Elnur Əliyev ona təzyiq edərək işdən çıxmağı barədə ərizə yazmağı tələb etmiş, özü könüllü olaraq işdən çıxmağı barədə ərizə yazmayacağı təqdirdə onu maddəyə əsasən işdən çıxaracağını və karyerasını korlayacağını bildirmiş, özü ərizə yazacağı təqdirdə ona məxsus avtomobil qeydiyyat nişanını ona qaytaracağını və onu maddə ilə deyil, öz ərizəsi əsasında işdən çıxaracağını bildirmişdi. İşdən maddə ilə çıxarılacaqda əmək kitabçası korlanağacından 2021-ci ilin aprelin 30-da işdən çıxmaq barədə ərizə yazmışdı. Göründüyü kimi 2021-ci ilin aprel ayının 30-da işəgötürən ona qanunla qadağan edilən təzyiqlər göstərməklə, iradəsi əleyhinə əmək müqaviləsinin ləğvi barədə ərizə yazmağa məcbur etmiş və onu işdən azad etmişdir. İşdən çıxdığı gün əmrin surəti, əmək kitabçası ona verilməmişdir. Məhkəməyə müraciət etdikdən sonra işə qəbul olunmağı barədə əmr, əmək müqaviləsi, sonradan tərtib edilmiş həqiqətə uyğun olmayan 30.04.2021-ci il tarixli akt, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr, 30.04.2021-ci il tarixli əriz təqdim edilmişdir. O, 31.05.2021-ci il tarixdə işə bərpa olunmağı ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh tərəf ona iddia ərizəsini geri götürəcəyi təqdirdə barışıqla mübahisəni həll edib, onu işə bərpa edəcəklərinə söz verdiklərinə görə o ərizə yazaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarlmasını və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra cavbdeh tərəflə danışıb mübahisənin məhkəmədən kənar həll olunmasını təklif etmiş, lakin cavabdeh tərəf verdiyi sözə əməl etmədiyindən o, mediasiyaya mürəciət etmişdir. 19 avqust 2021-ci il tarixdə cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış alınmışdır. Onun işdən çıxarılması zamanı cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. O, məcburiyyət qarşısında qalıb özünə məxsus dövlət qeydiyyat nişanını geri alınması və maddə ilə işdən çıxarılmaması üçün işdən çıxma barədə ərizə yazmış, nömrəni aldıqdan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq 1 ay müddəti bitmədən işdən çıxma barədə ərizəni ləğvi barədə mürcaiət etmiş, lakin cavabdeh əsassız və qanunsuz olaraq 1 aylıq müddəti bitmədən və imtina ərizəsini nəzərə almadan onu işdən azad etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Qaradağ Rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Qaradağ Rayon Sukanal İdarəsinin 30 aprel 2021-cu il tarixli 27-K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Qaradağ Rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iş üzrə iddiaçı tərəfidnən ödənilmiş məcburi mediasiya xərcinin yarısı miqdarını təşkil edən 25 manat məbləğində olan pul vəsaitinin cavabdeh Qaradağ rayonu Sukanal İdarəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Qaradağ rayon Sukanal İdarəsinin rəisi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə cəfəngiyyat və şər-böhtandır. Məhkəmənin işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsasən gəldiyi nəticə yanlışdır. İddiaçının istinad etdiyi səsyazma da tamamailə yalandır və şantaj xarakterlidir. Cavabdeh təşkilatın rəhbərinin hər hansı bir səsyazması varsa o tədqiq olunmalıdır. İddiaçı işdən çıxdığı gündən sonrakı gün ərizəsinin ləğv edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İkincisi iddiaçı belə bir ərizə ilə müraciət etmiş olsaydı belə, artıq onun ərizəsi əsasında əmr verilmiş, işçi öz istəyi ilə işdən azad edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə həmin maddəni səhv təfsir edərək bu qənaətə gəlmişdir ki, sanki, maddədə göstərilən hallardan başqa heç bir halda, işəgötürən işçini ərizəsində göstərdiyi gün işdən azad edə bilməz. Hansı ki, tərəflər arasındakı münasibət müqaqvilə münasibətidir. Müqavilələrin bağlanması, ona əlavə və dəyişikliklər edilməsi, habelə, müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunur. Məhkəmənin gəlmiş olduğu nəticə müqavilə azadlığı prinsipinə ziddir. Həmin maddənin 4cü bəndi hazırki münasibətə tətbiq edilməli olmayan maddi hüquq normasıdır. Belə ki, həmin bənddə xəbərdarlıq müddəti ərzində işçinin fikrini dəyişməsi, ərizəsini geri götürməsi imkanından söhbət gedir. Hazırki iş üzrə isə, işçinin yazdığı ərizəsində onunla əmək müqaivləsinə xitam vrilməsinin konkret tarixi göstərilmiş, xəbərdarlıq müddəti müəyyən olunmamışdır. Xəbərdarlıq müddəti göstərilmədən əmək müqaviləsinə xitam verilməsi halında, 4-cü bənddə nəzərdə tutulmuş təminatlar tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı işdən çıxma barədə ərizəni təzyiq altında yazdığını iddia etsə də məhkəməyə bu halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə isə heç bir sübut olmadığı halda iddia tələbini təmin etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsinin nümayəndəsi və vəkili X4 cavabdeh təşkilat tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Qaradağ rayon Sukanal İdarəsinin rəisi Elnur Əliyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh qismində çıxış edən işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə məhz ərizədə yazıldığı gün xitam verilməsini yalnız işçinin ərizədə yazması halı ilə əsaslandırmış, qanunvericilikdə qeyd edilən hallardan hər hansı birinin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə də əmək müqvailəsinə məhz ərizənin yazıldığı gün xitam verilməsinə əsas olan həmin hallara dair heç bir məlumat qeyd edilməmiş, əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.2 və 69.3-cü maddələri ilə əsaslandırmışdırş. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, işəgötürən "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsi ilə işçi İddiaçı arasında bağlanılmış 191 saylı, 11.12.2014-cü il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, işəgötürən qismində Qaradağ rayonu Sukanal İdarəsi (rəisi) işçi qismində İddiaçı arasında əmək müqaviləsi bağlanmış, həmin müqvailəyə əsasən İddiaçı Qaradağ rayonu Sukanal İdarəsininin Mühasibat uçotu və hesabatı şöbəsi 11-ci dərəcə ilə mühasib vəzifəsinə işə qəbul edilmiş, işə 11 dekabr 2014cü il tarixdən başlamışdır.(İ.vər. 12 - 17) İş materialalrında olan, "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsi rəisinin 11 dekabr 2012-ci il tarixli 106-K № li işə qəbul olunmaq haqqında əmrin məzmunundan görünür ki, İddiaçı 11.12.2012-ci il tarixdən Qaradağ rayonu Sukanal Departamentinin Mühasibat uçotu və hesabatı şöbəsinə 11-ci dərəcəli mühasib vəzifəsinə içə qəbul olunmuşdur.(İ.vər. 11) İş materialalrında olan, İddiaçı 30 aprel 2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Qaradağ rayonu Sukanal İdarəsinin mühasibi Bağırov X2 Rayonu Sukanal İdarəsinin rəisinə onunla bağlanmış əmək müqaviləsinə 30 aprel 2021-ci il tarixdən xitam verilməsinə dair yazılı ərizə ilə müraciət etmişdir.(İ.vər. 20) İş materialalrında olan, "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsi rəisinin 30 aprel 2021-ci il tarixli 27-K № li əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin məzmunundan görünür ki, İddiaçı-İqtasiyyat və uçot şöbəsinin mühasib ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “işçinin təşəbbüsü ilə” 30.04.2021-ci il traixdən xitam verilmişdir.(İ.vər. 19) İş materiallarında olan, 30.04.2021-ci il tarixdə tərtib edilmiş aktın məzmunundan görünür ki, İqtisadiyyat və uçot şöbəsinin mühasibi İddiaçı əmək kitabçasını götürlməli olduğu izah edilmiş və o, əmək kitabçasını götürməkdən imtina etmişdir.(İ.vər. 18) İş materialalrında olan, İddiaçı "xxxx"ASC-yə ünvanladığı 24.05.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı müraciət edərək, onun Qaradağ rayonu Sukanla İdarəsində 9 il mühasib vəzifəsində işlədiyini, 30 aprel 2021-ci il tarixdə Qaradağ rayonu Sukanal İdarəsinin rəisi ilə aralarında olan mübahisə zamanı ondan işdən çıxmağı tələb etdiyini, o da əsbəi olaraq işdən çıxma ərizəsini yazdığını və həmin gündə işdən çıxma əmrini verdiyini, həmin gün əsəbi olaraq ərizə yazdığını nəzərə alaraq, onun işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.(İ.vər. 10) Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələridir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək müqvailəsinə onun öz ərizəsi əsasında xitam verilmiş və o tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən çıxması barədə 30.04.2021-ci il tarixli ərizəni məhz işəgötürənin aralarında avtomobil nömrəsi ilə bağlı münasibətlərinin gərginləşməsi ilə bağlı etdiyi təsirin nəticəsində, onun ona məxsus avtomobil nömrəsini qaytarmaması ilə bağlı etdiyi hədə-qorxunun təsiri nəticəsində həm nömrəni itirməkdən ehtiyat etdiyindən, işdən çıxma barədə ərizə yazdığını, işəgötürənin tələbi ilə ərizəyə məhz həmin tarixi qeyd etdiyini, lakin sonradan ərizəsini geri götürmək istəsə də, onu işə bərpa etmədiklərini, ona heç bir şərait yaradılmadığını əsas gətirərək, belə bir tələbi irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqvailəsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinin tələbinə əsasən işçinin işdən çıxma barədə ərizəsini verdiyi gündən 1 aylıq xəbərdarlıq müddətində öz ərizəsini geri götürmək və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququ olmuşdur. Göründüyü kimi, hazırki mülki iş üzrə işçi ilə əmək müqaviləsinə ərizədə qeyd edildiyi tarixdə xitam verilməsi üçün əmək qanunvericiliyində qeyd edilmiş hallardan hər hansı biri olmadığı halda, işçinin ərizənin verildiyi gündən 1 təqvim ayı müddətində ərizənin geri götürülməsi barədə yeni ərizə vermək hüququ mövcud olmuş, lakin iddiaçı işdən çıxma barədə yazılı ərizə veridyi gündən növbəti gün ərizənin geri götürülməsi barədə ərizə verdiyi halda, onun həmin ərizəsi işəgötürən tərəfindən nəzərə alınmamış, bununla da işəgötürən tərəfindən əmək qanunvericiliyinin 69.2 və 69.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69.3 və 69.4-cü maddəsinin tələblərinə əməl edilmədiyindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsinin rəisi Elnur Əliyevin apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh "xxxx" ASC Qaradağ rayon Sukanal İdarəsinin rəisi Elnur Əliyevin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə tərəflərin verdiyi apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsinin rəisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2957/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar