Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-114/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı KB ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə görə 113 442 manat əsas, 67 595,38 manat faiz, 204 615,47 manat cərimə borcu olmaqla cəmi 383 652,85 manat borcun, xx.xx.2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən 2214,40 ABŞ dolları əsas, 703,54 ABŞ dolları faiz, 5200,30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 8118,24 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 135 000 manat müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə 113 442 manat əsas, 67 595,38 manat faiz, 5000 manat dəbbə pulu borcu olmaqla cəmi 186 037,38 manatın (bir yüz səksən altı min otuz yeddi manat otuz səkkiz qəpik), İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2214,40 ABŞ dolları əsas, 703,54 ABŞ dolları faiz, 221 ABŞ dolları dəbbə pulu borcu olmaqla cəmi 3138,94 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 135 000 manat məbləğində müəyyən edilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat dövlət rüsumunun 14,40 manat hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat dövlət rüsumunun 14,40 manat hissəsinin Cavabdeh1 tutularaq banka ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmənin Cavabdeh1 müvafiq müqavilələri bağlayarkən fəaliyyət qabiliyyətinin olmadığına və ipoteka müqaviləsi bağlanarkən mənzildə yaşayan uşaqlarının – Lalə və Ağamalı Qarayev(a)ların - razılığının alınmadığına əhəmiyyət vermədiyi, eləcə də borc məbləğlərini düzgün hesablamadığı, bununla bağlı ekspertiza keçirmədiyi arqumentləri ilə əsaslandırmışlar. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəfat etdiyi (xx.xx.2020-ci il tarixdə) müəyyən olunduğundan işin icraatı onun hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmış, mərhumun adına vərəsəlik işinin açılmadığı barədə məlumat əldə olunduqdan sonra icraat təzələnmiş və Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, eləcə də apellyasiya şikayətində ipoteka predmeti olan mənzildə yaşadıqları bildirilən övladları Lalə Qarayeva və Ağamalı Qarayev onun prosessual hüquq varisləri qismində işə cəlb edilmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh (həmçinin digər Cavabdeh1 prosessual hüquq varisi) Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil mərhum Cavabdeh1 mirasının yalnız həyat yoldaşı və oğlu Ağamalı Qarayev tərəfindən faktiki qəbul edildiyini bildirməklə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, Ağamalı Qarayev də həmin halı təsdiq edərək şikayəti müdafiə etmişdir. İddiaçı bankın məhkəmə iclaslarında iştirak edən nümayəndələri şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir və bu səbəblə də iddia tələbinin təmin edilməyən hissəsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mərhum Cavabdeh1 hüquq varislərindən tutulmalı olan əsas kredit və faiz borcunun məbləğləri hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə - xx.xx.2018-ci il tarixədək - illik 25% ödəmək şərtilə 124 000 manat, xx.xx.2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən isə 24 ay müddətinə - xx.xx.2018-ci il tarixədək - illik 20% ödəmək şərtilə 2695 ABŞ dolları məbləğində kreditlər verilmiş, xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli sazişlə kredit müqaviləsinin məbləği 1 000 000 manat, kreditin bitmə müddəti xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmiş, öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili ipotekaya qoyulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, xx xxxxxx 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) onun xx.xx.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 113 442 manat, faiz borcu üzrə 67 595,38 manat, cərimə borcu üzrə 204 615,47 manat olmaqla cəmi 385 652,85 manat, 25UB/16 saylı xx xxx 2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən isə xx.xx.2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) əsas kredit borcu üzrə 2214,40 ABŞ dolları, faiz borcu üzrə 703,54 ABŞ dolları, cərimə borcu üzrə 5200,30 ABŞ dolları olmaqla cəmi 8118,24 ABŞ dolları borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edir – belə ki, xx.xx.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan əsas borcun 103 772,39 manat, faiz borcunun 31 153,93 manat; 25UB/16 saylı xx xxx 2016-cı il tarixli əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmalı olan faiz borcunun isə 699 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Qətnamənin, 5000 manat və 221 ABŞ dolları cərimə borclarının Cavabdeh1 tutulması ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Kollegiyanın qənaətinə görə, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır və qanunvericilik də yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə hesablanmış cəriməni ədalətli (mütənasib) həddədək azaltmış, mənafelər arasındakı mütənasibliyi təmin etmişdir. Kollegiya qətnaməni “tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 135 000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili satıldıqdan ən geci 1 ay ərzində boşaldılması” hissəsində də əsaslı hesab edir: Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 müqavilələri bağlayarkən fəaliyyət qabiliyyətsiz olması, habelə ipoteka müqaviləsinin bağlanması zamanı mənzildə yaşayan digər şəxslərin razılığının alınmadığı barədə apellyatorların dəlillərini isə kollegiya əsassız hesab edir; çünkü birincisi onlar, həmin dəlillərinin araşdırılmasını mümkün edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsinin Cavabdeh1 psixi vəziyyətinin yoxlanılması məqsədilə təyin etdiyi ekspertiza isə onun ekspertizaya getməməsi səbəbindən baş tutmamışdır; digər tərəfdən, Cavabdeh1 2007-ci ildə anlaqsız vəziyyətdə cinayət törətmiş olması, onun 2015-2016-cı illərdə fəaliyyət qabiliyyətsiz olması mənasına gəlmir. İpoteka müqaviləsinə münasibətdə həmçinin qeyd olunmalıdır ki, iş materiallarından ipoteka predmetində yalnız cavabdehlərin qeydiyyata olduğu və məhz onların razılıqları ilə müqavilənin bağlandığı aydın olur; eyni zamanda, mənzildə yaşayan şəxslərin razılıqlarının alınmaması müqavilənin etibarsızlığını şərtləndirən hal deyildir. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır; apellyasiya baxışı zamanı yaranmış xərclər isə tərəflər arasında bölüşdürülməlidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda qeyd olunduğu kimi, kredit borclusu olan Cavabdeh1 (mirasqoyan) mirasının onun həyat yoldaşı və oğlu Ağamalı Qarayev tərəfindən faktiki qəbul edildiyi təsbit olunmuş, mirasın aktivinə isə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının (14 saylı meyvə tərəvəz mağazası) daxil olduğu müəyyənləşdirilmişdir. Təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin bazar dəyəri 138 000 manat (likvid dəyəri 131 000 manat), Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının (14 saylı meyvə tərəvəz mağazası) bazar dəyəri isə 20 000 manat təşkil edir. Başqa sözlə, Cavabdeh1 məlum olan mirasının aktivinin dəyəri ümumilikdə təxminən 158 000 manatdır və bu o deməkdir ki, mirası qəbul etmiş vərəsələr bankın tələblərini maksimum həmin məbləğ həddində təmin etmək öhdəliyi daşıyırlar – hazırkı işdə isə bankın tələbi ümumilikdə həmin məbləğdən artıq deyildir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 sözügedən miras aktivinin onunla Cavabdeh2 nikahda olduqları dövrdə əvəzli əqd üzrə əldə olunmuş olması göstərilən nəticəyə gəlməyə maneə törətmir; çünkü birincisi, bazar dəyəri 138 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili bilavasitə Cavabdeh2 razılığı ilə ipotekaya qoyulmuşdur; ikincisi isə, Cavabdeh1 bankdan götürdüyü kredit ər-arvadın birgə borcu olduğundan, Cavabdeh2 həmin mənzilə münasibətdə ½ hissə payının vərəsəlikdən kənarda qalması, onun məsuliyyətinin həcminə təsir göstərmir. Mülki Məcəllənin 1306-cı maddəsinin mənasına görə, vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Maddədə “özlərinin hər birinin payına mütənasib surətdə” ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Hazırkı işdə vərəslərin payı barəbər olduğundan onların hər biri borcun 1/2 hissəsini ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-36/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi “xx.xx.2015-ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə 113 442 manat əsas, 67 595,38 manat faiz borcunun, ümumilikdə isə 186 037,38 manatın; xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 703,54 ABŞ dolları faiz borcunun, ümumilikdə isə 3138,94 ABŞ dollarının Cavabdeh1 tutularaq banka ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 hüquq varisləri (vərəsələri) olan Cavabdeh2 və X2 xx.xx.2015-ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 103 772,39 (yüz üç min yeddi yüz yetmiş iki manat 39 qəpik) manat, faiz borcu 31 153,93 (otuz bir min yüz əlli üç manat 93 qəpik) manat, cərimə borcu 5000 (beş min) manat olmaqla cəmi 139 926,32 (yüz otuz doqquz min doqquz yüz iyirmi altı manat 32 qəpik) manat; xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 2214,40 ABŞ dolları, faiz borcu 699 (altı yüz doxsan doqquz) ABŞ dolları, cərimə borcu 221 ABŞ dolları olmaqla cəmi 3134,40 (üç min yüz otuz dörd dollar 40 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyənləşdirilsin və ümumi borc məbləği onların hər birindən 1/2 hissədə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 150 (yüz əlli) manatın 100 (yüz) manatı İddiaçı KB ASC-dən, 50 (əlli) manatı isə Cavabdeh2 və X2 (hər birindən 1/2 hissədə) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22), qiymətləndirmə ekspertizasının xərci olan 250 (iki yüz əlli) manat isə Cavabdeh2 və X2 (hər birindən 1/2 hissədə) tutularaq “X5” MMC-nin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellaytorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-114/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-114/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver