Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11400/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadından İddiaçı KB ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddia ərizəsi 17.04.2017-ci il tarixdə Yasamal RM-nə verilib. İddia ərizəsində cavabdehlərdən biri kimi göstərilən Cavabdeh1 bu tarixdən 4 ay əvvəl – 13.12.2016-cı il tarixdə ölüb. Buna baxmayaraq Yasamal RM ölümüş şəxsə qarşı verilmiş iddianın təmin edilməsi barədə 08.01.2018-ci il tarixli qətnamə qəbul edib. Daha sonra iddiaçı qətnamənin bir hissəsini – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması barədə tələbin rədd edilməsinə aid hissəsini mübahisələndirib. Yasamal RM-nin qətnaməsinin mübahisələndirilən hissəsi Bakı Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilib, həmin hissədə tələb qismən təmin olunub, qət olunub ki, ipoteka predmetinin ilkin satış qiyməti 210.000 manat müəyyən olunsun və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Bundan sonra icra vərəqəsi verilib. Qətnamə icraya yönəldildiyinə görə Cavabdeh1 övladı Maraqlı şəxs 03.06.2019cu il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək xahiş edib ki, həmin məhkəmənin qəbul etdiyi 04.06.2018-ci tarixli qətnamənin surəti ona verilsin. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin surəti 13.06.2019-cu il tarixdə Maraqlı şəxs verilib (cild 1, iş v. 196). Bundan 26 gün sonra - 09.07.2019-cu il tarixdə Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verib. Göründüyü kimi, Maraqlı şəxs qanunla müəyyən edilmiş prosessual müddətin (2 ayın) daxilində qətnamədən (ölmüş şəxsə qarşı qəbul olunmuş qətnamədən) narazı olması barədə iradəsini (ölmüş şəxsin vərəsəsi kimi iradəsini) ifadə edib. Lakin Bakı Apellyasiya Məhkəməsinin 11.07.2019-cu il tarixli qərardadı ilə qərara alınıb ki, kassasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi Yasamal RM-nin qətnaməsinin bir hissəsini – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması barədə tələbin rədd edilməsi hissəsini yoxlayıb, Yasamal RM-nin qətnaməsinin apellyasiya şikayəti verilməyən hissəsi – kredit borcunun tutulmasına aid hissəsi qanuni qüvvəyə minib, Maraqlı şəxs apellyasiya baxışının predmeti olmayan hissədən kassasiya şikayəti verə bilməz. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı Ali Məhkəmənin 07.11.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılıb. Bundan sonra Maraqlı şəxs ərizə ilə müraciət edərək Yasamal RM-nin 08.01.2018-ci il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş edib. Həmin qətnamənin surəti 24.02.2020-ci il tarixdə Maraqlı şəxs verilib (cild 2, iş v. 57). Bundan 26 gün sonra - 16.03.2020-ci il tarixdə Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verib. Göründüyü kimi, Maraqlı şəxs qanunla müəyyən edilmiş prosessual müddətin (1 ayın) daxilində qətnamədən (ölmüş şəxsə qarşı qəbul olunmuş qətnamədən) narazı olması barədə iradəsini (ölmüş şəxsin vərəsəsi kimi iradəsini) ifadə edib. Bakı Apellyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, apellyasiya şikayəti təmin edilsin, Yasamal RM-nin 08.01.2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Lakin bu qərardad Ali Məhkəmənin 22.02.2021-ci il tarixli qərardadı ilə ləğv edilib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Ali Məhkəmənin həmin qərarında qeyd olunub ki, qətnaməyə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün icra şöbəsinə göndərildikdən sonra borclu Cavabdeh1 qızı icra şöbəsinə 29.05.2019cu il tarixdə ərizə ilə müraciət edərək bildirib ki, atası ölüb. Bu isə onu təsdiq edir ki, borclunun hüquq varisi Maraqlı şəxs məhkəmə qərarlarının mövcudluğundan azı 29.05.2019-cu il tarixdən xəbəri olub, lakin o, 09.07.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verib, həmin şikayət geri qaytarıldıqdan sonra isə 16.03.2020-ci il tarixdə Yasamal RM-nin qətnaməsindən apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılıb-buraxılmadığı məsələsini araşdırmadan apellyasiya şikayətini icraata qəbul edib, bu isə hissəvi olsa da apellyasiya qaydasında yoxlanılmış, qanuni qüvvəyə minərək artıq icra olunmuş qətnamənin ləğvi ilə nətcələnib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət keçdiyinə görə Maraqlı şəxs apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab olunsun. Həmin qərardadda həmçinin Fidan Qulyevaya izah edilib ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılan prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Şikayət olunan akt: Yuxarıda qeyd olunanlar baş verdikdən sonra Maraqlı şəxs müddətin bərpası üçün ərizə ilə Yasamal RM-nə müraciət edib. Yasamal RM-nin 13.09.2021-ci il tarixli qərardadı ilə qərara alınlb ki, Yasamal RM-nin 08.01.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Maraqlı şəxs münasibətdə bərpa edilsin. Şikayət: İddiaçı Yasamal RM-nin 13.09.2021-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilmsini xahiş edib. Yasamal RM şikayətə baxaraq onu təmin etməyib, bundan sonra şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətin həlli: Şikayət rədd olunmalıdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində işə mahiyyəti üzrə baxılarkən “cavabdeh” kimi göstərilmiş Cavabdeh1 vərəsəsi hüquq varisi kimi işə cəlb edilməyib. Vərəsinin hüquq varisi kimi işə cəlb edilməsi mümkün deyil, çünki Cavabdeh1 iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb. Şəxs prosessual statusa (cavabdeh və s.) malik olduğu halda prosessual hüquq varisliyi, yəni prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi mümkündür. Əgər şəxs iddia verilənə qədər ölürsə, o, prosessual statusa malik olmur, olmayan status isə başqasına keçə bilməz. Mülki-Prosessual Məcəllənin 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Odur ki, Fidan Qulyeva hazırkı apellyasiya şikayətini “cavabdehin hüquq varisi” kimi deyil, “qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxs” kimi verib. Mülki- Prosessual Məcəllənin 357.2-ci maddəsinə görə qətnamədən apellyasiya şikayəti vermək hüququna, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Fidan Qulyeva ölmüş şəxsin vərəsəsi olduğuna görə qətnamə onun hüquq və vəzifələrinə toxunur. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yasamal RM-nin 08.01.2018-ci il tarixli qətnaməsinin surəti Maraqlı şəxs 24.02.2020ci il tarixdə rəsmi qaydada verilib, bundan 26 gün sonra - 16.03.2020-ci il tarixdə Maraqlı şəxs apellyasiya şikayəti verib. Göründüyü kimi, müddətin axımı qətnamənin rəsmi qaydada verildiyi gündən hesablandıqda Fidan Qulyeva 1 aylıq müddəti ötürməyib. Əgər müddətin axımı Ali Məhkəmənin göstərdiyi tarixdən (yəni Maraqlı şəxs məhkəmə qərarlarının mövcudluğundan xəbər tutduğu 29.05.2019-cu il tarixdən) hesablansa, bu halda apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi üzrlü hesab olunmalıdır. Belə ki, 29.05.2019-cu il tarixdən 2 ay keçməmiş (yəni 09.07.2019-cu il tarixdə) Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verib. Yəni Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini mübahisələndirməli olduğunu düşünərək qanunla müəyyən edilmiş prosessual müddətin (2 ayın) daxilində kassasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti mahiyyətcə onu təsdiq edir ki, Maraqlı şəxs həm də Yasamal RM-nin qətnaməsindən narazıdır, çünki hər iki qətnamə eyni maddi-hüquqi mübahisəyə aiddir. Maraqlı şəxs onun Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olmaması bildirildikdən (bu barədə qərardad qəbul edildikdən) sonra o, ağlabatan müddətdə Yasamal RM-nin qətnaməsini mübahisələndirib. Bundan başqa, “məhkəmə qərarlarının mövcudluğundan xəbərdar olma” özözlüyündə şikayətvermə müddətinin axımına səbəb olmur. Yəni bu hal vahid qayda kimi hər işdə tətbiq oluna bilməz, işin digər halları da nəzərə alınmalıdır. Belə ki, şəxsin məhkəmə qərarından şikayət verə bilməsi üçün o, şikayət verilməsinin qaydasını və müddətini də bilməlidir. Həmin qayda və müddət isə məhkəmə qərarının məzmununda qeyd olunur və şəxs məhkəmə qərarını rəsmi qaydada aldıqdan və tanış olduqdan sonra qərardan şikayət vermə qaydasını və müddətini bilir. Yəni məhkəmə qərarı şəxsə həm də ona görə rəsmi qaydada verilməlidir ki, o, qərardan şikayət verilməsinin qaydasını və müddətini bilsin. Əgər müəyyən olunsa ki, şəxsin məhkəmə qərarının mövcudluğundan və bu qərada gəlinmiş nəticədən xəbəri olub, habelə məhkəmə qərarını almasa da qərardan şikayət verilməsinin qaydasını və müddətini bilib (hüquqi savadına görə, başqa məhkəmə işlərində iştirak edərkən əldə etdiyi təcrübəyə görə və s.), belə halda hesab oluna bilər ki, o, şikayətvermə müddətini ötürüb, məhkəm aktını mübahisələndirməklə prosessual hüququndan sui-istifadə edir. Maraqlı şəxs münasibətdə belə hal müəyyən olunmur. Bundan başqa, hazırkı iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul olunmuş qətnamələr qanuni qüvvəyə minməyib. Qətnamənin qanuni qüvvəyə minməsi üçün apellyasiya və kassasiya şikayətləri verməsindən ötrü qanunda müəyyən edilmiş müddət işdə iştirak edən bütün şəxslərə münasibətdə bitməlidir. “İşdə iştirak edən” şəxslərdən biri - Cavabdeh1 iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölüb. Odur ki, həmin şəxsə münasibətdə apellyasiya və kassasiya şikayətləri verilməsi müddətinin axımının başlanması mümkün deyil. Başlanmayan müddət bitə bilməz, müddət bitmədikdə isə qətnamə qanuni qüvvəyə minə bilməz. Mülki-Prosessual Məcəllənin 233 və 393-cü maddələrinin göstərişləri də bunu təsdiq edir. Beləliklıə, məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə qərardad qəbul etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı KB ASC-nin şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11400/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11400/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver