Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1141/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4985/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqının, məzuniyyət pulunun ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi və s. dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC cavabdeh Sultanova (Yusifli) Səriyyə Rasim qızına qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4985/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Həbibə Miriyeva) qarşılıqlı iddia ərizənin ona əlavə olunmuş sənədlər birlikdə qaytarılması qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh MMC-yə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" MMC-nin (nümayəndəsi və vəkili Nümayəndə2) şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-405/2024 saylı, 16 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə qənaətində göstərib ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdeh "xxxx" MMC vəkillə təmsil olunmasına baxmayaraq, cavabdeh tərəfindən qarşılıqlı iddia məhkəməyə təqdim edilməmişdir. Cavabdehin vəkilinin mövqeyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ilk növbədə, "xxxx" MMC hüquqi şəxs olmaqla, elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə malikdir, hansı ki iddia ərizəsi həmin kabinetə yerləşdirilmiş və hüquqi şəxs kimi cavabdeh müvafiq iddia ilə tanış olmuşdur. Buna görə də vəkillə yeni müqavilənin bağlanması MMC-nin qarşılıqlı iddianın qanunla nəzərdə tutulmuş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəb kimi qiymətləndirilməsi üçün əsas deyildir. O da qeyd olunmalıdır ki, vəkillə müvafiq müqavilə bağlandıqdan sonra belə, bundan əvvəl keçirilmiş hazırlıq iclasında da qarşılıqlı iddia təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün müddətində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Göründüyü kimi, MPM-in 156-cı maddəsində qarşılıqlı iddianın qəbulunun üç müstəqil əsası nəzərdə tutulmuşdur. Həmin normada əks olunan birinci iki əsasdan fərqli olaraq MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsas tam başqa halı tənzimləyir. Belə ki, birinci iki halda qarşılıqlı iddianın qəbulu, onun, ilkin tələbin ödənilməsinə və ya onun təmin edilməsini tam və yaxud da qismən aradan qaldırılması ilə şərtləndirilmişdir. MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş şərt isə digər iki haldan tam fərqli olub, (ilkin tələbin ödənilməsi, eləcə də onun tam və ya qismən təmininin aradan qaldırılması ilə əlaqəli olmayıb) daha geniş mənada qarşılıqlı və ilkin tələblər arasında qarşılıqlı əlaqənin olmasını və mübahisələrə daha tez və düzgün baxılmasını nəzərdə tutur. Eyni tərəflər arasında əlaqəli mübahisələrin olması, eləcə də məhkəmələrdə işlərin sayının çoxluğu (artması) baxımından, qarşılıqlı iddianın qəbulunun qeyd olunan əsasının əhəmiyyəti olduqca böyükdür. Qarşılıqlı iddianın qəbulunun həmin əsası heç də təsadüfi olmayıb, məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, eləcə də prosessual qənaət kimi çox ümdə prinsiplərə xidmət edir. Hazırkı işdə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması mübahisə doğurmur. Birinci instansiya məhkəməsi də iddia ərizəsi ilə qarşılıqlı iddia ərizəsinin hər hansı bir əlaqəsi olmadığına görə deyil, yalnız 20 gün ərzində qarşılıqlı iddianın verilmədiyinə görə geri qaytarmışdır. Burada hər iki iddia arasında qarşılıqlı əlaqənin olması qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılmasını labüd edir. Ancaq birinci instansiya məhkəməsi iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirildiyini, həmçinin, xx.xx.2024-cü il tarixli hazırlıq iclasında vəkillə təmsil olunmasına baxmayaraq qarşılıqlı iddianın məhkəməyə təqdim edilmədiyini göstərsə də burada qarşılıqlı iddianın verilməsi müddətini nəzərdə tutan normanı məqsədindən xaric tətbiq etmişdir. Çünki qarşılıqlı iddianın ilk iddia ilə bilavasitə əlaqəsi olduğundan onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxılması ilə nəticələnmiş olur. Onsuzda qarşılıqlı iddia müstəqil iddia kimi məhkəməyə verilməklə sonradan ilkin iddiaya birləşdirilməsinin prosessual qaydasını mülki prosessual qanunvericilik imperativ qaydada müəyyən etmişdir. Məhz buna görə də prosessual qənaət prinsipi də tələb edir ki, bu cür ilk və qarşılıqlı iddialara qanunvericiliyin imkan verdiyi həddə mümkün qədər birgə baxılsın. Məhkəmənin qarşılıqlı iddianı icraata götürüb ilkin iddia ilə birgə baxması barədə qərarından şikayətin verilməsinin nəzərdə tutulmaması da bu mövqeyi əsaslı edir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır, ona görə də şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4985/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi qəraraaldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4985/2024 saylı, 26 noyabr 2024cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1141/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1141/2025
13.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver