Məhkəmə qərarları › İş №2(103)-1143/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1143/2022

12.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1143/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin “əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, 02 fevral 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 ildir ki, Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 20.12.2019- cu il tarixdə qeyd edilən məktəbə direktor təyin edilmiş Elnarə Zeynalova İddiaçı yanına çağıraraq onunla işləmək istəmədiyini, özünün işləmək üçün başqa məktəbə köçürülməsini məsləhət etmiş, tutduğu vəzifəyə isə öz adamını gətirəcəyini bildirmişdir. İddiaçı məktəbin direktoru Elnarə Zeynalovanın tələbini yerinə yetirməkdən imtina etmiş və bundan sonra məktəb direktoru həmin məktəbdə hərbi müəllimi işləyən İsmayıl Hüseynovla birlikdə İddiaçı qarşı “şər-böhtan” kampaniyasına başlamış, hətta Bakı şəhəri üzrə Təhsil İdarəsi bu kampaniyaya qoşularaq İddiaçı tutduğu vəzifədən ərizə yazıb çıxmağı tələb etmişlər. İsmayıl Hüseynov məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini müvəqqəti icra edən şəxsə çevrildikdən sonra İddiaçı qarşı “material” toplamağa başlamışdır. İsmayıl Hüseynov hətta dəfələrlə İddiaçı yaşadığı ünvana gələrək məktəb direktorunun adından vəzifədən çıxmağını israr etmiş, əks halda daha ağır nəticələr yaradacaqları ilə hədələmişdir. İddiaçı isə İsmayıl Hüseynova şəxsən və “WhatApp” vasitəsi ilə yazarkən ləyaqətsiz işlərindən əl çəkməsini tələb etmişdir. Şagirdlərlə baş verən anlaşılmazlıqdan sonra böyük şişirtmə əsnasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-15 №-li Əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. İsmayıl Hüseynov növbəti dəfə məqsədli hərəkətlərini davam etdirməklə şantaj və təhdidlərə keçərək “burada rəhbər mənəm”, “başına oyun açacağam” kimi təhdidlərdən sonra İddiaçı İsmayıl Hüseynova məxsus nömrəsinə zəng etdikdə sonuncu cavab vermədiyindən bir neçə dəfə mesaj yazaraq şəxsən özünə aid sözləri çatdırmışdır. İsmayıl Hüseynov bütün üsullardan istifadə edərək istəyinə nail olmaq üçün dərhal məktəb direktoru ilə məsləhətləşib Bakı şəhəri Təhsil İdarəsinə şikayət yazmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K-52 №-li Əmri ilə “Əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 Qaydaları”nın tələbini kobud şəkildə pozduğuna görə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02.02.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin Əmrdə göstərilmişdir ki, “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynov tərəfindən məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı tərəfindən 24.12.2020-ci il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsmayıl Hüseynovun ünvanına “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”,”Səni məhv edəcəm” kimi qeyri-pedaqoji ifadələr yazaraq Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın 2.1.5-ci, 2.1.7-ci və 3.8-ci bəndlərinin tələblərini pozmuşdur. X1 izahatı və araşdırma zamanı toplanmış digər zəruri sənədlərlə təsdiq olunmuşdur. “Qeyd olunanlarla bağlı İddiaçı qismən etirafedici izahat verərək həmkarı İsmayıl Hüseynovun ünvanına yazdığı qeyripedaqoji ifadələrin zarafat xarakterli olduğunu bildirmişdir. Aparılan araşdırmanın nəticələri İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışa yol verdiyini, bununla da Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın tələblərinin pozulduğunu müəyyən etməyə əsas verir. Analoji hallara yol verdiyinə görə “Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-15 №-li Əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tətbiq edilmiş və gələcəkdə belə hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehinin tətbiq edələcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Beləliklə Bakı şəhəri Xətai rayonu 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq alınması üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqları Komitəsinə müraciət olunmuş, cavab məktubunda həmin Komitənin 29.01.2021-ci il tarixli iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qatnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığını, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, habelə nəticəsinin işin faktiki hallarına uyğun gəlmədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin olunması, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri Xətai rayonu 194 No-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, 02 fevral 2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6153/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş; hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5211/2021 saylı 09 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...iş materiallarından görünür ki, iddiaçı 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində işləyərkən gənclərin çağırışaqədərki hazırlığının rəhbəri İsmayıl Hüseynovun mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsi ilə 24 dekabr 2020-ci il tarixdə “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”, “Səni məhv edəcəm” kimi ifadələr göndərmişdir. İddiaçı bundan əvvəl də törətdiyi intizam xətasına görə işəgötürənin 22 sentyabr 2020- ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunduğundan cavabdeh onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yol verilmiş həmin hərəkətin iş saatlarından sonra baş verməsini və həmin hərəkət nəticəsində işin normal ahənginin pozulmaması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməməsini iddianın təmin olunma əsaslarından biri kimi qəbul edərkən nəzərə almamışdır ki, iddiaçı həmin hərəkəti əmək kollektivinin üzvünə qarşı iş fəaliyyəti zamanı yaranmış narazılığı ilə əlaqədar etmişdir. İsmayıl Hüseynovun məktəbin rəhbərliyi ilə arasında yaranmış münaqişənin iştirakçısı saydığı üçün iddiaçı onun ünvanına müəllim kimi fəaliyyəti ilə bir araya sığmayan ifadələr işlətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini müəyyən edən 10-cu maddəsinin “b” və “e” bəndlərinə görə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının qanuni mənafelərini pozmamaq işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. İddiaçı ilə işəgötürən arasında bağlanmış işin 59-cu səhifəsində olan əmək müqaviləsində Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmək işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərəkətinə Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələbləri baxımından qiymət vermədən onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qanunsuz saymışdır. ... Şagirdlərin məktəbdənkənar və sinifdənxaric tərbiyəsi ilə məşğul olan iddiaçı, müəyyən olunduğu kimi, onun həyata keçirdiyi tərbiyə funksiyası ilə uzlaşmayan hərəkətə yol vermişdir. Göstərilən vəziyyətdə iddiaçının hərəkəti kollegiyanın qənaətinə görə birmənalı olaraq əmək funksiyasının pozulmaması və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunmadığından qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan aktlardan, ərizələrdən, yazılı izahatlardan və digər sənədlərdən görünür ki, Bakı şəhəri 194 №-li orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı dəfələrlə nizam-intizam qaydalarını pozaraq məktəbə sərxoş halda gəlmiş, məktəbin bəzi şagirdlərinə fiziki təzyiq göstərmiş, şagirdlərin valideynlərindən müxtəlif əsaslarla pul tələb etmiş, habelə məktəbin təlimtərbiyə işləri üzrə müavini İsmayıl Hüseynova zəng edərək ona hədə qorxu gəlmiş, şərböhtanlar atmış, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mesajlar göndərərək şəxsiyyətini alçaldan ifadələr işlətmiş, üzrlü səbəblər olmadan işə gəlməmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F175 nömrəli əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmiş, gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29.01.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19.01.2021-ci il təqdimatının təmin edilməsi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, “X4 Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin 02.02.2021-ci il tarixli K52 nömrəli əmrindən görünür ki, fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdə iddiaçının şagirdləri itəliyərək kobud davrandığı görünür. Birinci instansiya məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı “onunla bağlanmış əmək müqaviləsinin 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair” 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini, 02 fevral 2021-ci il tarixindən başlayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Lakin, iş materillarında olan sənədlərdən, eləcə də cavabdehin etiraz ərizəsindən görünür ki, İddiaçı “X4 Qaydaları”nı pozmuşdur. Belə ki, o, müəllim olaraq işlədiyi məktəbin kollektivi ilə davranışında nəzakətli olmamış, ona qarşı iradları, tənqidi fikirləri qəbul etməmiş, qiymətləndirməyərək onlardan düzgün nəticə çıxarmamışdır. Etik davranış qaydalarını pozarkən həmin halı aradan qaldırmamış, icra və əmək intizamına riayət etməmiş, üzrsüz səbəbdən işdən yayınmışdır. Bundan başqa İddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq təkrarən məktəbin kollektivinə qarşı qeyri-etik və qeyri-pedaqoji rəftara yol vermişdir. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2020-ci il tarixli F-175 nömrəli əmrinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmişdir. Daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 29.01.2021-ci il tarixli, 54 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməklə, məktəbin 02.02.2021-ci il tarixli K-52 nömrəli əmrinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, əmək vəzifələrini və “X4 Qaydaları”nın tələblərini kobud şəkildə pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi 02 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması ondan ibarət olmuşdur ki, İddiaçı ona verilən tənbeh tədbirlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən həmkarına qarşı qeyri-pedaqoji rəftara yol verdiyindən, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinə qanunvercilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək, yol verilən pozuntuların iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsi üçün əsas olduğu barədə qənaətə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işgötürən tərəindən ləğv edilə bilər. Həmin Məcəlləyə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71.2); İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (71.3). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (maddə 80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (maddə 80.2) İş materiallarında olan 20.09.2004-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələri icra etmək işçinin əsas vəzifəsi kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini müəyyən edən 10-cu maddəsinin “b” və “e” bəndlərinə görə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının qanuni mənafelərini pozmamaq işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-cı hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İş materiallarından görünür ki, iddiaçı 194 №-li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı vəzifəsində işləyərkən gənclərin çağırışaqədərki hazırlığının rəhbəri İsmayıl Hüseynovun mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsi ilə 24 dekabr 2020-ci il tarixdə “Səni məhv edəcəm inək”, “Səni sənsiz edəcəm”, “Sənin şərəfsizliyin heç nəyə sığmaz, sən şərəfsizsən”, “Səni həmişə təhqir edəcəm”, “Səni məhv edəcəm” kimi ifadələr göndərmişdir. İddiaçı daha əvvəl də törətdiyi intizam xətasına görə işəgötürənin 22 sentyabr 2020ci il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. Göründüyü kimi Bakı şəhəri 194 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdanxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarasi tərəfindan verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkraran həmkarına qarşı qeyri-pedaqoji rəftara yol vermiş bununla da əmak vəzifələrini kobud şəkildə pozduğundan onun əmək müqaviləsinə düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məktəb direktoru Elnarə Zeynalova və onun yaxın ətrafı tərəfindən ona qarşı təzyiqlər olması, işdən çıxarılmasına səbəb də onların olması barədə dəlilləri əsassızdır belə ki, bununla bağlı məhkəməyə hər-hansı bir sübut və bu halın yenidən yoxlanılması ilə bağlı heç bir əsas təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2021 saylı 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar