Məhkəmə qərarları › İş №2(103)-11436/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11436/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11436/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi Kənan Hüseyn oğlu Hüseynovun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62.200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2017-ci ilin əvvəllərindən başlayaraq aralarında baş tutmuş mal tədavülü və alış-veriş nəticəsində cavabdeh Əliyev Azər Yavər oğlunun ona 52000 (əlli iki min) manat borcu yaranmışdır. Yaranmış borcun əksər hissəsi onun cavabdehə verdiyi, cavabdehin isə bildirdiyi kimi “xxxxxx” MMC-yə verdiyi sement və sair tikinti materiallarının haqqının ödənilməməsi səbəbindən yaranmışdır. Bununla bağlı Cavabdeh xx.xx.2017-ci il tarixdə öz əli ilə yazdığı və iki nəfər şahidin iştirakı ilə təsdiq edilmiş iltizam da vermiş, eyni zamanda cavabdeh “xxxxxx” firmasına təhvil verərək, tikinti materiallarına görə əldə etdiyi kassa mədaxil orderlərinin surətlərini də ona təqdim etmişdir. Həmin iltizamla cavabdeh “xxxxxx” MMC-yə cavabdehə borclu olduğu 1300 kub/metr betonun, dəyəri 52.000 manat hesabladığı 650 kubunun ona verilməsinə göstəriş verir. Lakin bu iltizam yalnız onların arasında hüquqi əhəmiyyət kəsb edir. O, “xxxxxx” MMC-dən Cavabdeh borclu olduqları malı və ya malın pulunu tələb etmək hüququna malik deyil. “xxxxxx” MMC onun qarşısında öhdəlik götürməmiş və Cavabdehlə aralarında olan haqq-hesabda iştirakı olmamışdır. Ona görə də o, verdiyi tikinti materiallarına görə ödənilməmiş pul yalnız Cavabdeh tələb etmək hüququna malikdir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin borcu 52.000 (əlli iki min) manat əsas borc, borcun ödənilməsinin iki il gecikdirilməsi nəticəsində vurulmuş və əldən çıxmış ziyan olaraq ümumi məbləğin 10 faizi kimi 5.200 manat və vurulmuş mənəvi ziyan kimi 5000 manat qiymətləndirilməklə, cəmi 62.200 (altmış iki min iki yüz) manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 52.000 (əlli iki min) manat əsas borc, 3900 (üç min doqquz yüz) manat hesablanmış faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 55930 (əlli beş min doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianı təmin olunan hissəsində maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X4 ayrıayırılıqda apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh yazdığı xx.xx.2017-ci il tarixli iltizamda o, göstərmişdir ki, “mənim adıma “xxxxxx” MMC tərəfindən Kassa Mədaxil order qəbzi N AFL 615309 xx xxxxxx 2017-ci ildə verilmiş B25 markalı betonun mənə aid olan 1300 kubdan 650 kub yəni 52 min manatlıq betonu İddiaçı verirəm.” Həmçinin həmin iltizamdan görünür ki, Nəsibov İbrahim və Şükürov Ramil həmin iltizamı öz imzaları ilə təsdiq etmişlər. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış razılaşmadan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iş materiallarında olan “xxxxxx” MMC-nin AFL seriyalı Ns 615309 nömrəli Kassa mədaxil orderindən görünür ki, “xxxxxx” MMC-yə Cavabdeh tərəfindən 1300 kub B- 25 Betonun dəyəri olan 104000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Almalı olunan 1300 kub.m betonun dəyərini 104000 manat pul vəsaitinin “xxxxxx” MMC-yə ödənilməsini təsdiq edən 615309 saylı, xx xxxxxx 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzini təqdim edərək, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli yazılı iltizamı İddiaçı verib bildirmişdir ki, onun adına “xxxxxx” MMC tərəfindən 615309 nömrəli, xx xxxxxx 2017-ci il tarixli kassa mədaxil order qəbzi əsasında veriləcək 1300 kub.m betondan, 650 kub.m, yəni 52000 manatlıq betonu İddiaçı verəcəkdir. Həmin xx xxxxxx 2017-ci il tarixli iltizam verilərkən Nəsibov İbrahim və Şükürov Ramil də iştirak etmiş və öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, xx.xx.2017-ci il tarixli iltizamdakı imza ona məxsusdur. İddiaçı ilə iltizamda imzası olan digər şəxs Şükürov Ramil arasında iş birliyi movcud olmuşdur. Ramilin İlhama borcu olmuşdur. Həmin borcla bağlı ilk öncə beton verilməsi təklif edilmişdir və borcun təminatı kimi Cavabdeh həmin iltizamı vermişdir ki, alınacaq betondan 52000 manat dəyərində 650 kub.m betonu İddiaçı verəcək. Lakin Cavabdeh İddiaçı borcu olmamışdır. Eləcə də məhkəmə kollegiyasına X6 tərəfindən göndərilmiş teleqramda göstərilmişdir ki, İddiaçıla Cavabdeh arasında heç bir iş birliyi olmamışdır. Cavabdeh ona görə iltizam yazan günü İddiaçı tanımışdır. İltizam onun xahişi ilə Azər tərəfindən yazılmışdır. Onun İddiaçıla olan iş birliyi əsasında yaranmış borcla əlaqədar 66 kv.m qeyriyaşayış sahəsini İlhamın qardaşının adına alqı-satqı etməklə borcu bağlamışdır. Məhkəmə кollegiyası qeyd edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi-dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası eləcə də məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 və məhkəmə kollegiyasına teleqramla müraciət etmiş X3 ifadələrinə qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 453-cü maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Həmin Məcəllənin 526-cı maddəsinin tələblərinə görə əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında yazılı iltizam verilməklə, cavabdehin öhdəliyi yaranmışdır. Həmin öhdəliyə əsasən Cavabdeh 52000 manat dəyərində 650 kub.m betonu İddiaçı ödəməyi üzərinə götürmüşdür. Lakin iş üzrə cavabdeh öhdəliyi icra etməməklə razılaşmanın şərtlərini pozmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən 52.000 (əlli iki min)manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin 5200 (beş min ikiyüz) manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsində göstərilmişdir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilmişdir ki, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməli olduğu tarixdən, yəni 2017-ci ilin dekabr ayından qətnamənin qəbul olunduğu günədək Mərkəzi Bankın bank uçot dərəcəsi (üzərinə iki faiz bəndi əlavə edilməklə və MM-nin 439.3-cü maddəsi nəzərə alınmaqla) əsas götürülməklə 3900 (üç min doqquz yüz) manat faiz hesablanmalıdır. (52.000 manat x 5 % = 2600 manat /12 ay = 216.6 manat (aylıq faiz) x 18 ay (öhdəliyin icra olunmadığı müddət) =3900 manat) Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini - Cavabdeh 52.000 (əlli iki min) manat əsas borc, 3900 (üç min doqquz yüz) manat hesablanmış faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 55930 (əlli beş min doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində təmin etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər qeyd edildiyi kimi məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar