Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1144/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadakı müqavilə sahəsi 261,72 kv.m (çıxarışa əsasən sahəsi 182,6 kv.m) ölçüdə olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən 190,9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla, cəmi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, qardaşı X2 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı başlanmış cinayət işi üzrə iddiaçının üç əmlakına həbs qoyulmuş, həmin əmlaklara dair xüsusi müsadirə tətbiq edilmişdir. Cinayət işi yekunlaşdıqdan sonra iddiaçının bir əmlakının üzərindən həbs götürülmüşdür. İddiaçı hesab edir ki, o, cinayət işi üzrə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs hesab edilmədiyindən digər iki əmlakı da həbsdən azad edilməlidir. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.2-ci maddəsinə əsaslanaraq iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). İddiaçı qərardaddan verdiyi şikayətdə isə göstərir ki, MPM-in 153.2.2-ci maddəsi cinayət işləri üzrə çıxarılmış məhkəmə aktını nəzərdə tutmur. Cinayət işləri üzrə qüvvəyə minmiş məhkəmə aktı əmlak üzərinə qoyulmuş həbs və xüsusi müsadirə hissəsində preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən, bu məsələyə dair artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 384/2022 nömrəli qərarı ilə vahid məhkəmə təcrübəsi də formalaşmışdır və həmin iş üzrə cinayət mühakimə icraatı çərçivəsində həbsdən azad edilməsindən imtina edilən əmlak yenidən mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək həbsdən azad edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iddianın icraata qəbul edilməsi məsələsini iş üzrə tərəflərin iştirakı olmadan müzakirə etməsi səhv olmuşdur. Məhkəmə hesab edir ki, hazırki iddianın mümkünlüyü haqqında məsələnin Rayon Məhkəməsi tərəfindən iş üzrə tərəflərin iştirakı ilə müzakirəsi zəruridir. MPM-in 151.2-ci maddəsinə görə, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1144/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1144/2024
09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver