Məhkəmə qərarları › İş №2(103)-11465/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11465/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11465/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 01 iyun 2021-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.06.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işin materiallarından görünür ki, qətnamə rabitə orqanı vasitəsilə Rayon Məhkəməsi tərəfindən cavabdeh ASC-nin ünvanı üzrə göndərilmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməməsini nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, qətnamə 22.07.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra Rayon Məhkəməsi qətnaməni icraya yönəltmişdir (iş v. 64). 29.09.2021-ci il tarixdə cavabdeh ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir (iş v. 67-69, 72). Qətnamənin artıq icraya yönəldilməsi və apellyasiya şikayətinin məhz bundan sonra verilməsi Məhkəmə üçün belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh ASC tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni Rayon Məhkəməsinə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin cavabdeh tərəfindən ötürülübötürülməməsini araşdırmamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi Rayon Məhkəməsi tərəfindən müzakirə edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 01 iyun 2021-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar