Məhkəmə qərarları › İş №2(103)-1147/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1147/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1147/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5312/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxxxxxxxxx” X2rşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4736,24 manat (dörd min yeddi yüz otuz altı manat iyirmi dörd qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh “Hyundai Elantra” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz adına kreditlə götürmüşdür. Kredit müqaviləsi “xxxxxxxxxxxx” ASC ilə cavabdeh arasında bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər xarici valyuta - dollarla müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh xx xxxxxx 2015-ci il tarixli etibarnamə ilə avtomobil alğı-satqısı ilə bağlı münasibətlərdə səlahiyyətlərini ona ötürmüş və aralarındakı razılığa əsasən, kredit müqaviləsi üzrə bütün kredit ödənişləri tərəfindən ödənilməli idi. Eyni zamanda xx xxxxxx 2015-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə sözügedən avtomobilə sahiblik və istifadə hüququ yaranmışdır. Həmin tarixdən etibarən tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş müddətlərdə və məbləğlərdə “xxxxxxxxxxxx” ASC mütəmadi olaraq, ödənişlər edilmişdir. Eyni zamanda Bakı Şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-11375/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh cəmi 6975,26 ABŞ dolları və ödənilmiş dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti tutularaq, “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməli idi. Həmin pul məbləği də xx.xx.2017ci il tarixində onun tərəfindən “xxxxxxxxxxxx” ASC-ə ödənilmişdir. İddia ərizəsinə həmin ödənişləri təsdiq edən sənədlərin surətləri də əlavə olunmuşdur. Qeyd etmək istəyir ki, sözügedən avtomobilə görə kreditlərin ödənilməsi dövründə ölkədə devalvasiya baş vermiş və dollara görə manatın məzənnəsi 1 dollar=1,55 manata qədər aşağı düşmüşdür. Məlum olduğu kimi, xx xxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamışdır. Bu fərmana müvafiq olaraq, fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməli idi. Fərmana müvafiq olaraq, sözügedən kredit müqaviləsi üzrə ödənişlərə görə bank tərəfindən 4736,24 (dörd min yeddi yüz otuz altı manat iyirmi dörd qəpik) manat kompensasiya ödənilmiş və bu kompensasiyanı baxmayaraq ki, kredit müqaviləsi üzrə əsas borc öhdəlikləri onun tərəfindən yerinə yetirilmişdir, Cavabdeh öz hesabına götürmüşdür. Bu barədə cavabdehə dəfələrlə bildirməyinə baxmayaraq o, bu pul məbləğini ona geri qaytarmaqdan imtina etmişdir. Müqavilə üzrə öhdəliklər tərəfindən yerinə yetirildiyinə görə kredit müqaviləsi üzrə ödənişlərə görə olunacaq kompensasiyanın da ona çatmalı olduğunu hesab edir. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən edilən bu hərəkət nəticəsində əmlak hüquqları pozulmuş və maddi ziyan vurulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5312/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 4736,24 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir alğısatqı müqaviləsi bağlanmamış və öhdəliklər müəyyən edilməmişdir. Həmçinin, mülki işə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(004)-l 1375/2016 saylı qətnamədən də göründüyü kimi, onunla “xxxxxxxxxxxx” ASC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, Bank ona mənə 36 ay müddətinə illik 16% olmaqla, 12366 ABŞ dolları məbləğində kredit vermişdir. Onun həmin kreditin ödənişlərində çətinlik yarandığı üçün Bank tərəfindən 2016-cı ildə ona qarşı iddia qaldırılıb və pulun ondan tutulması qət edilib. Əgər hazırkı iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, iddiaçı ilə onun arasında kredit müqaviləsi üzrə razılığı olsaydı, Bank ona qarşı deyil, İddiaçı qarşı iddia qaldırardı. Hazırkı iddia tələbi hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Lakin, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış və səhv nəticəyə gələrək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, qətnamədə iddiaçının belə bir hüququnun yaranma əsası, düzgün əsaslandırılmayaraq mübahisəyə tətbiq edilməli olmayan hüquq normalarını mübahisəyə tətbiq etmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, qeyd etmişdir ki, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Bank tərəfindən verilmiş 4736,24 manat kompensasiyanı almaqla, əsassız varlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı mübahisənin əsasını “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Bank tərəfindən hesablanaraq 4736,24 manat məbləğində kompensasiyanın cavabdehə ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh “Hyundai Elantra” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz adına kreditlə götürmüşdür. Kredit müqaviləsi “xxxxxxxxxxxx” ASC ilə cavabdeh arasında bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər xarici valyuta - dollarla müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh xx xxxxxx 2015-ci il tarixli etibarnamə ilə avtomobili alğı-satqısı ilə bağlı münasibətlərdə səlahiyyətlərini ona ötürmüş və aralarındakı razılığa əsasən, kredit müqaviləsi üzrə bütün kredit ödənişləri tərəfindən ödənilməli idi. Həmin tarixdən etibarən tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş müddətlərdə və məbləğlərdə “xxxxxxxxxxxx” ASC-yə mütəmadi olaraq, ödənişlər edilmişdir. Cavabdehin iddiaçının qarşısında hər hansı bir öhdəliyi olmamışdır. İddiaçı avtomobilin razılaşdırılmış dəyərini ödəmiş, nəticə etibarilə icra vərəqəsi üzrə icraata borcun ödənilməsi əsası ilə xitam verilmişdir. Buna görə də, iddiaçıya hər hansı formada zərər dəyməmişdir. İddiaçı cavabdehin banka olan borcunu təmənnası olaraq ödəməmiş, bu borcu avtomobili əldə etmək üçün etibarnamə ilə alğı-satqı zamanı razılaşdırılmış məbləğdən nəğd şəkildə ödəmədiyi pulun əvəzi olaraq banka ödəmişdir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin aşkar halıdır ki, iddiaçının cavabdehlə arasında hazırkı mübahisədən irəli gələn müqavilə və digər əsasla hər hansı tələb hüququ yaranmamış, cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud deyildir. Belə olan halda iddiaçı iddia tələbində göstərilən əsaslarla cavabdehdən pul tələb etmək hüququna malik olmadığından, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-5312/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar