Məhkəmə qərarları › İş №2(103)-1147/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1147/2025

13.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1147/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2(005)- 4316/2024 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia vermə müddətinin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4316/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “qarşılıqlı iddia ərizəsi verilməsi müddətinin bərpa edilməsi barədə” vəsatətin təmin edilməməsi, xx.xx.2024-cü il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, qarşılıqlı iddia və ona əlavə edilmiş sənədlərin bu məhkəməyə geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətlərin formal tətbiqi bu institutun mahiyyətinə zidd olardı. Qərardadda üzrlü hesab edilməsi təklif olunan hallar kimi "iş üzrə sənədlərin çoxluğu, onların məlumatlarını təhlil etmək, qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbləri ilə tanış olmaq, cavabdehin ailə üzvləri ilə məsləhətləşilməsi" qeyd edilmişdir. "Qarşılıqlı iddia"nın mətnində bu məlumatların dairəsi bir qədər geniş olmuşdur. Orada göstərilmişdir: "Etirazla yanaşı tərəfimdən "qarşılıqlı iddia" qaldırılmışdır. Onun hazırlanması üçün çoxsaylı sənədlərin məzmunu ilə tanış olmaq, onların məlumatlarını təhlil etmək, qanunvericiliyin və məhkəmə təcrübəsinin (o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin) tələblərin ilə tanış olmaq, nəhayət həcmi 17 vərəqə olan "qarşılıqlı iddia"nın (hazırki vəsatətə əlavə edilir) mətnin hazırlanması lazım gəlib. Bəzi məsələlərin həlli öncədən nümayəndəsi olduğu Cavabdeh1 ailə üzvləri, o cümlədən, Moskva şəhərində yaşayan oğlu - Cavabdeh4la məsləhətləşməsini zəruri edib. Bunlar "qarşılıqlı iddia" müddətinin üzrlü olan obyektiv səbəblərə görə ötürülməsi ilə nəticələnib". Mülki iş üzrə icraatın sənədlərindən görünür ki, bu iş doğrudan da həm həcminə, həm də məzmununa görə sıradan bir iş deyil. Onu həcmcə böyük, məzmunca mürəkkəb saymamaq üçün əsas yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(005)- 4316/2024 nömrəli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4316/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e- 2(005)-4316/2024 nömrəli qərardadından verilmiş şikayət üzrə etiraz ünvanlayaraq cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “qarşılıqlı iddia verilməsi müddətinin bərpa edilməsi barədə” vəsatətin təmin edilməməsi, xx.xx.2024-cü il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2(005)- 4316/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024cü il tarixli, e-2(005)-4316/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılması başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 156.1-ci və 156.1.1-156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə ki, , iş materialları ilə müəyyən olunmuşdur ki, mülki iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Cavabdeh1 xx.xx.2023cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir. O, hazırki iş üzrə “cavabdeh” qismində elektron sistemə əlavə edilmiş, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən etibarən iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, ona qarşı etiraz, qarşılıqlı iddia ərizəsi və s. ilə məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Eyni zamanda iddia ərizəsi məhkəmə bildirişi ilə birlikdə xx.xx.2024-cü il tarixdə mülki iş üzrə cavabdehlərin, habelə Cavabdeh1 qeydiyyat ünvanına (ünvan 1i poçt vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə imza edilməklə qeyd olunan ünvanda rəsmi qaydada təhvil alınmışdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə Vəkil2 mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili olaraq sistemə əlavə edilməsini xahiş etmiş, eyni tarixdə (saat: 15:55) sistemə cavabdehin “vəkil”i olaraq mülki işə elektron qaydada əlavə edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmiş, həmçinin 20 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmişdir. Mülki iş üzrə qarşılıqlı iddia ərizəsi, habelə qarşılıqlı iddia ərizəsi verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə isə xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, buraxılmış müddəti yalnız buraxılmanın səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün səbəblər, yalnız onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmadıqda, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxdıqda, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətdikdə və ya məhdudiyyət yaratdıqda üzürlü hesab edilə bilər ki, hazırki mülki iş üzrə bu cür (cavabdehin prosessual hərəkətin edilməsi imkanından məhrum olmasına dair) hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, iş üzrə sənədlərin çoxluğu, onların məlumatlarını təhlil etmək, qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbləri ilə tanış olmaq, cavabdehin ailə üzvləri ilə məsləhətləşilməsi və s. müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Cavabdeh1 xx.xx.2024-cü il tarixdən (cavabdehin nümayəndəsi və vəkili isə xx.xx.2024cü il tarixdən) ona qarşı qaldırılmış iddia ərizəsinin icraata qəbul edildiyindən, iddia ərizəsinin məzmunundan məlumatlı olmuş, iddia ərizəsinin surətini rəsmi qaydada almış və qanunvericiliklə nəzərdə tutulmuş qaydada 20 (iyirmi) gün müddətində qarşılıqlı iddia vermək hüququna malik olmuşdur. Bununla belə bu müddət ərzində onun tərəfindən qarşılıqlı iddia verilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin prosessual müddətin ötürülməsi barədə dəlilləri məhkəmə tərəfindən üzürlü səbəb kimi nəzərə alına bilməz Qeyd olunanlara əsasən məhkəmə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2(005)-4316/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2(005)- 4316/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar