Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11477/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadından ərizəçilər tərəfindən birgə verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Vəlizadə İlhamə Rəhim qızının maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Vəli Məcid oğlunun 1931 -ci ildə ölməsi faktının, Məcid İbad oğlunun 1933-ci ildə ölməsi faktının, Qulam Əli Məcid oğlunun 1943-cü ildə ölməsi faktının, Malik Vəli oğlunun 1928-ci ildə doğulması faktının, Malik Vəli oğlunun Vəli Məcid oğlunun oğlu olması barədə qohumluq faktının, ünvan 1 ünvandakı mirasın 3/8 hissəsinin Ərizəçi1 tərəfindən, 3/8 hissəsinin Ərizəçi2 tərəfindən, 1/16 hissəsinin Ərizəçi3 tərəfindən, 1/16 hissəsinin Vəlizadə İlhamə Rəhim qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Vəlizadə İlhamə Rəhim qızının maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun ərizəçilərə izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçilər şikayət verərək, qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Vəlizadə İlhamə Rəhim qızının maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, ərizəçilər iddia ərizəsi ilə deyil, Azərbaycan Respublikası MPM-nin 307.2.1,307.2.3 və 307.2.9-cu maddələrinə müvafiq olaraq xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin gəldiyi nəticəyə görə ərizəçilər 9 saylı Notariat Ofisini cavabdeh qismində cəlb etmişlər. Lakin ərizədən də görünür ki, 9 saylı Notariat Ofisinə qarşı heç bir tələbləri yoxdur. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizəçilər MPM-nin 306.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə iştirak etmək üçün maraqlı şəxs olaraq 9 saylı Notariat Ofisini ərizədə göstərmişlər. Belə ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələrində şəxslərin qohumluq münasibətlərinin (MPM 307.2.1. maddə), doğumun, ölümün qeyd edilmə faktının (MPM 307.2.3. maddə), mirasın qəbul edilməsi faktının (MPM 307.2.9. maddə) müəyyən edilməsini xahiş etmişlər. Mirasın qəbul edilməsi faktına görə 9 saylı Notariat Ofisini maraqlı şəxs olaraq qeyd edilməsi ərizənin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, əgər iş üzrə digər maraqlı şəxslər olarsa, onlar da məhkəmə iclasına cəlb edilə, dəvət edilə bilərlər. Kollegiya eyni zamanda qeyd edir ki, ərizəçilər tərəfindən maraqlı şəxsə heç bir tələb irəli sürülməmiş, ərizədə yalnız məhkəmədən Azərbaycan Respublikası MPM-nin 307.2.1, 307.2.3 və 307.2.9-cu maddələrində nəzərdə tutulan hüquqi faktların müəyyən edilməsi xahiş edilmişdir. Eyni miras əmlaka dair, eyni ünvanda yaşayan mirasın qanuni vərəsələri tərəfindən vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə bir-biri ilə bağlı olan və bir ailənin üzvlərinə aid olan bir neçə hüquqi faktın (doğum, olüm, qohumluq münasibəti, mirasın qəbulu) müəyyən edilməsinin eyni ərizədə xahiş edilməsi prosessual qanunvericiliklə qadağan edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halda ərizəçilərin şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi ərizənin yuxarıda qeyd olunan əsaslarla geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Vəlizadə İlhamə Rəhim qızının maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 4002-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Vəlizadə İlhamə Rəhim qızı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4210/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Vəlizadə İlhamə Rəhim qızının maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsinin yenidən icraata qəbulu məsələsinin müzakirəsi üçün iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11477/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11477/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver