Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11486/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” 2(007)-2787/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Rəfael Babayev iddiaçının doğma qardaşıdır. İddiaçının anası Xalidə Babayevanın sağlığında 2012-ci ildə onun xahişi ilə Validə qardaşı Rəfaelə 3600 ABŞ dolları borc vermişdir. Bunu bir çox insanlar, həmçinin şahid qismində gələn qonşular da təsdiq etmişlər. O, dəfələrlə pulu istəsə də cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmayıb. Hər dəfə bu gün sabah edib vaxtı uzatmışdır. Sonuncu dəfə pulunu istəyən zaman anasından vərəsəliklə keçən mənzili satıb ona olan borcunu verəcəyinə söz vermişdir. O da evin satılmasına razılıq vermiş, lakin bir müddət sonra cavabdeh pulu yenidən qaytarmamışdır. İddiaçı məcburiyyət qarşısında qalıb polisə müraciət etmişdir. Orada araşdırma aparıldıqdan sonra cinayət işinin başlanması rədd olunmuş və Validəyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O da sənədləri tərtib edib məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alıb cavabdeh X1 3600 ABŞ dollarının Azərbaycan manatına hazırki kursu ilə olan məbləğ, yəni 6020 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3600 (üç min altı yüz) ABŞ dolları borc (alınmış gün ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla) İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Cavabdeh pul borcuna görə üzərinə heç bir öhdəlik götürməmişdir. Borc pulun alınması ilə bağlı iddiaçı ilə cavabdeh arasında heç bir borc və ya kredit müqaviləsi bağlanmamış, pulun alınması ilə bağlı cavabdeh iddiaçının adına nə qəbz, nə də iltizam vermişdir. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında cavabdeh tərəfindən iddiaçıdan hər hansı məbləğdə pulun borc olaraq alındığını təsdiq edən mötəbər sübut mövcud deyildir. İşdə olan Bakı şəhər Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 araşdırma zamanı verdiyi izahatında bacısı Validənin ona 3600 ABŞ dolları pul vermədiyini, anası Xalidənin vəfatından sonra onunla pis rəftar etdiyini, ünvanına nalayiq ifadələr işlətdiyini, anasının evini satdığı üçün pul istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hazırkı işə əvvəl qiyabi icraat qaydasında baxan zaman şahid qismində dindirilmiş şəxslərin ifadələrinə və iddiaçının izahatına əsaslanaraq belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh X3 2012-ci ildə 3600 ABŞ dolları borc borc pul vermişdir. Bu əsasla da iddia təmin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edən zaman prosessual qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh tərəfin iştirakı olmadan qiyabi icraat qaydasında işə baxılan vaxt dindirilmiş şahidlərin ifadələrinə əsaslanmış, nəticədə tərəfin prosessual hüquqları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(007)- 2787/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11486/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11486/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver