Məhkəmə qərarları › İş №2(103)-115/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-115/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-115/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc tələbi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borc tələbi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi K.X2, Cavabdeh iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc tələbinin birgə qaydada tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, Bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqda cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdeh 1 ay ərzində həmin mənzili tərk etmədiyi halda məcburi qaydada çıxarılaraq, mənzilin boşaldılması və Banka təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi (hakim Samir Talıbov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc məbləği 53.647,68 manat, faiz borcu üzrə 23.641,17 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.330,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla, cəmi 85.119,65 manat borc və 30 manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bank müqavilədə göstərilən məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

4. Məhkəmə ekspert rəyini əsas götürməklə hesab etmişdir ki, cavabdehdən əsas və faiz borcu rəydə göstərilən məbləğdə tutulmalıdır. Bundan başqa, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat iddiaçının xeyrinə tutulması barədə iddia tələbi də əsaslıdır.

5. Bununla belə, məhkəmə tələb olunan cəriməni əsas tələbə nisbətdə tənasübsüz yüksək hesab etmiş və cəriməni 500 manata azaltmışdır.

6. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini əsaslı hesab etmiş və ekspert rəyini nəzərə almaqla onun ilkin satış qiymətini 150.000 manat müəyyən etmişdir.

7. Məhkəmə, həmçinin belə qənaətə gəlmişdir ki, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehin mənzildən çıxarılması hissədə iddia rədd olunmalıdır.

8. Belə ki, ipoteka qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.

9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin cərimə hissəsində tam təmin edilməsini, əmlakla bağlı təkrar qiymətləndirmə ekspertizasının təyin olunmasını və yeni ekspert rəyi əsasında əmlakın ilkin satış (likvid dəyəri) qiymətinin müəyyən olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamədə müəyyən olunmuş qiymət əmlakın real dəyərini əks etdirmir. Belə ki, ipoteka müqaviləsi 24 oktyabr 2014-cü il tarixində bağlanmışdır. İpoteka müqaviləsinə əsasən əmlakın bazar dəyəri 100.000 manat, likvid dəyəri 85.000 manat müəyyən edilmişdir. Həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Həmçinin, cərimə borcunun kredit müqaviləsi üzrə 500 manat müəyyən edilməsi 66.224,30 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır. Məhkəmə cərimə məbləğini müəyyən edərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Birinci apellyasiya icraatı:

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instaniya icraatı:

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5367/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə dəbbə pulu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi K.Səfərli Üzeyir apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

15. "xxxx" ASC-nin “Avtoinvest” filialı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh24 ay müddətində illik 24 faiz ödəmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir.

16. İddiaçıASC tərəfindən cavabdehə ünvanlanmış 06 fevral 2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncuya 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunur.

17. 14 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 13 aprel 2017-ci il tarixədək 53.647,68 manat məbləğində əsas kredit borcu, 29.685,51 manat faiz borcu, 37.040,11 manat cərimə borcu olmaqla cəmi 120.373,30 manat borcu yaranmışdır.

18. 23 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18 iyul 2019-cu il tarixədək 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində borcu yaranmışdır.

19. 86 saylı, 24 oktyabr 2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətində olan ünvan 2 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin "xxxx" MMC tərəfindən bazar dəyəri 100.000 manat, likvid dəyəri - 85.000 manat məbləğində qiymətləndirilmişdir.

20. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* №-liçıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilipoteka müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə 24 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

21. 12.04.2017-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, bank tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənziləməhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

22. Məhkəmə Ekspertiza Mərkəzinin 22764 saylı, 28 yanvar 2019- cu il tarixli rəydən görünür ki, Cavabdeh kredit müqaviləsinin müddəti bitən tarixə, yəni xx.xx.2016cı il tarixə İddiaçı ASC-yə olan borcu 53.647,68 manat əsas, 23.641, 46 manat faiz borcu olmaqla ümumilikdə 77.289,14 manat təşkil edir.

23. "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli, LP-227/19 saylı rəydən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 7, 4 saylı mənzilin orta bazar dəyəri 150.000 manat təşkil edir.

24. "xxxx" MMC-nin MB 15/1034 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilin hazırkı likvid qiymətinin 76.000 manat, bazar dəyərinin 80.000 manat olduğu qeyd edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmış, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilin həyət evi olması və əlavə tikililər nəzərə alınmaqla hazırkı real bazar və likvid qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur.

26. "xxxx" MMC-nin MB 16/0204 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 7 ünvanında yerləşən 4 saylı mənzilin bazar dəyəri 160.000 manat və likvid dəyəri 150.000 manat təşkil edir.

27. Cavabdehin təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 120 saylı, xx.xx.2019-cu il tarixli sərəncamından məlum olur ki, vətəndaş Cavabdeh Sabunçu Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1087/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 7 saylı evin 4 saylı mənzilinə dair Sabunçu RİHB-nın 221 saylı 25 aprel 2007-ci il tarixli Sərəncamında qeyd edilən ölçülərə uyğun onunla mənzil kirayə müqaviləsi bağlanmasını və mənzilin mövcud vəziyyətə uyğun layihəsini təsdiq edilməsini xahiş etmişdir.

28. Həmin Sərəncama əsasən, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 7 saylı evin ümumi sahəsi 102,68 kv.metr olan 4 saylı mənzilinə dair Cavabdeh ilə mənzil kirayə müqaviləsinin (ailə tərkibi 1 nəfər özü) bağlanması, vətəndaş Cavabdeh adına yeni şəxsi maliyyə hesabı açılması, mənzilin yeni layihəsinin təsdiq edilməsi, sərəncamın icrasının Sabunçu rayon MKTB-nə və 44 saylı Mənzil-kommunal istismar sahəsinə tapşırılması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

30. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı:

32. Bənd 11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

33. Bənd 21. ...kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

39. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

40. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

41. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

47. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5367/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilərək və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarıldığından, iddaçının şikayətinə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

51. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əmlakın likvid qiyməti əsasında deyil, bazar dəyəri ilə müəyyən etmişdir. Halbuki ipoteka haqqında qanunvericilik (“İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi) ipoteka predmetinin ilkin satış qiymətinin müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin likvid qiyməti əsasında müəyyən edilməsini tələb edir.

53. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilin hazırkı likvid qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur.

54. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1937 nömrəli, xx.xx.2022-ci il tarixli məlumatına əsasən eskpert vəsatətinin təmin edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.

55. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir.

56. "xxxx" MMC-nin MB 15/1034 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.43 kv.m olan (yaşayış sahəsi 31.13 kv.m, yardımçı sahəsi 17.3 kv.m) mənzilin hazırkı likvid qiymətinin 76.000 manat, bazar dəyərinin 80.000 manat olduğu qeyd edilmişdir.

57. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq ekspert rəyinə etiraz etdiyini bildirmiş, çünki ekspert mənzildə olmamış, baxış keçirməmişdir, əvvəlki rəydə evin dəyəri 150.000 manat hesablanmışdır. Hesab edir ki, rəy qərəzli olmuşdur. Məhkəməyə vəsatət göndərərək iş üzrə yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Belə ki, ev 4 otaqlı olaraq həyətyanı sahəsi vardır, İcra Hakimiyyətinin sərəncamı əsasında 100 kv metrdən artıq tikililər təsdiq edilmiş, yeni çıxarış üçün DƏRX-yə göndərilmişdir.

58. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1279/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmış, həmin qərardada əsasən, verilmiş "xxxx" MMC-nin MB 16/0204 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 7 ünvanında yerləşən 4 saylı mənzilin bazar dəyəri 160.000 manat və likvid dəyəri 150.000 manat təşkil edir.

59. Kollegiya qeyd edir ki, cavabdehin təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 120 saylı, xx.xx.2019-cu il tarixli sərəncamından məlum olur ki, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yerləşən 7 saylı evin ümumi sahəsi 102,68 kv.metr olan 4 saylı mənzilinə dair Cavabdeh ilə mənzil kirayə müqaviləsinin (ailə tərkibi 1 nəfər özü) bağlanması, vətəndaş Cavabdeh adına yeni şəxsi maliyyə hesabı açılması, mənzilin yeni layihəsinin təsdiq edilməsi, sərəncamın icrasının Sabunçu rayon MKTB-nə və 44 saylı Mənzil-kommunal istismar sahəsinə tapşırılması qərara alınmışdır.

60. Göründüyü kimi, müvafiq inzibati orqanın qərarı ilə əlavə tikililər nəzərə alınmaqla mənzilin yeni layihəsinin təsdiq edilməsi qərara alınmışdır.

61. Bundan əlavə, mülki işin materiallarından müəyyən olunur ki, hələ ipoteka müqaviləsi bağlanan vaxt, yəni 2014-cü il tarixdə iddiaçı bankın öz sifarişi ilə həmin mənzilin "xxxx" MMC tərəfindən bazar dəyəri 100.000 manat, likvid dəyəri - 85.000 manat məbləğində qiymətləndirilmişdir.

62. Kollegiya qeyd edir ki, 2014-cü ildən hazırkı dövrə kimi daşınmaz əmlak bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artması mübahisəsizdir. Eyni zamanda da müəyyən olunmuşdur ki, hazırda ipoteka qoyulmuş mənzilin sahəsi səlahiyyətli dövlət orqanının 15 may 2019-cu il tarixli rəsmi qərarına əsasən 102,68 kv.m. təsdiq olunmuşdur. Demək ki, həmin mənzilə dair hərrac keciriləyi halda mənzilin hazırkı sahəsinin 102. 68 kv.m. olduğu əsas götürülməlidir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 150.000 manat müəyyən edilməsi ilə bağlı mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmiş, bununla belə, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin məbləğin məhz likvid dəyər olduğunu qeyd etməmişdir. O da nəzərə alınmalıdır ki, rayon məhkəməsinin həmin qətnaməsi xx.xx.2019-cu il tarixində qəbul olunmuşdur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti kimi qeyd olunan 150.000 manat ipoteka predmetinin likvid dəyəri kimi qəbul edilməli, qətnamə dəiyşdirilmədən saxlanılmalıdır. Çünki MPM-in 385.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

64. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza xərcləri (300+300=600) 600 manat iddiaçıdan tutulmalıdır.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-156/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri (300+300=600) 600 (altı yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar