Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1150/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı1 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə MMC-nin daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunduğunu, işlədiyi dövr ərzində əmək və icra intizamını pozmadığını, heç vaxt inzibati tənbeh tənbehi almadığını və ciddi nöqsana yol vermədiyini, lakin xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini, həmin əmrin məzmununun Əmək Məcəlləsinin 84.1-cü maddəsində nəzərdə tutulmuş şərtlərə cavab vermədiyini, əmrin əsaslandırılmadığını, əmək müqaviləsinə xitam verilərkən azı dörd təqvim həftəsi əvvəldən ona xəbərdarlıq edilməli olduğu halda heç bir xəbərdarlıq olunmadan, eləcə də məzuniyyətdə olduğu dövrdə işdən çıxarıldığını irəli sürmüş, buna görə də MMC-nin xx.xx.2019-cu il tarixli 193 №-li əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı, onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, əmək müqaviləsinə xitam verilməsinə razılığı olmadığı halda guya belə bir razılığının olmasını vurğulamaqla işin hallarını təhrif etdiyini, işdən qanunsuz çıxarılmış olmasının Dövlət Əmək Müfəttişliyinin tərtib etdiyi protokolla da təsdiq olunduğuna əhəmiyyət vermədiyini, işə qərəzli yanaşaraq əsassız nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunaraq işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, tutduğu vəzifənin ixtisar olunması ilə bağlı iddiaçıya hər hansı rəsmi məlumat verilməmiş və xəbərdarlıq olunmamış, cavabdeh tərəfindən özbaşına olaraq onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə isə cavabdehin ona xəbərdarlıq etmiş olmasına dair heç bir sübut təqdim edə bilmədiyini nəzərə almadan Əmək Məcəlləsinin 77.1-ci və 77.4-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş, guya işdən çıxarılmasına iddiaçının razılıq verdiyinə əsaslanmışdır. Digər tərəfdən, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 193 №-li əmrin preambula hissəsindən görünür ki, daxili nəzarət şöbəsinin müstəqil struktur bölmə olaraq ləğv edilməklə Maliyyə şöbəsinin tərkibində tabeli bölmə olaraq yenidən təşkil edilməsi nəzərdə tutulmuşdur və belə olan təqdirdə iddiaçıya həmin vəzifə təklif edilməli idi. Çünki Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Lakin cavabdeh tərəfindən həmin vəzifəyə keçirilməsi barədə iddiaçıya hər hansı təklif olunmamış və bu barədə yazılı razılığı alınmamışdır. Qanunvericiliyin tələbinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsas üzrə işçinin əmək müqaviləsinə xitam verilməsinə işçini öz razılığı ilə digər işə keçirmək mümkün olmadıqda və ya işçi ona təklif edilmiş işdən imtina etdiyi halda yol verilir. Həmin iş müəssisədə mövcud olan bütün boş iş yerləri göstərilməklə yazılı formada edilməlidir. Digər əhəmiyyətli hal ondan ibarətdir ki, daxili nəzarət şöbəsi tabeli struktur bölmə olaraq başqa bir şöbənin tərkibinə verilməklə öz funksional vəzifəsini yerinə yetirir və bu o deməkdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi yalnız onun işdən uzaqlaşdırılması fonunda hazırlanmış və həmin əmr qanunsuz olaraq yalnız ona aid edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişiliyinə müraciət olunmuş, iddiaçıya xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. Məktubda "Cavabdeh” MMC tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi faktı müəyyən olunduğundan cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) müvafiq olaraq xx.xx.2019-cu il tarxdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmiş, həmin protokol və onun əsasında qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəməyə təqdim olunsa da, məhkəmə bu hala da heç bir qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, şirkətin “Daxili Nəzarət Şöbəsi” müstəqil struktur vahidi kimi ləğv edildiyi üçün həmin şöbənin müdiri ştatı da ləğv edilmiş, ştatın ləğv edilməsi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya 4 həftə əvvəl xəbərdarlıq olunmuş, daha sonra ƏM-nin 70-ci, 71-ci, 77-ci və 83-cü maddələrinə uyğun olaraq xx.xx.2019-cu il tarixli 193 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. İddiaçıya xəbərdarlıq müddəti əvəzinə öz razılığı ilə kompensasiya köçürülmüş, iddiaçı həmin kompensasiyadan istifadə etmişdir və şikayətində irəli sürdüyü dəlillər tamamilə əsassızdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı1 xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdən tərəflər arasındakı əmək müqaviləsinin növünün müddətsiz olduğu təsbit edilmiş, xx.xx.2019-cu il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinadla xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsini qanuni hesab edərkən xüsusilə ona əsaslanmışdır ki, o, ixitisar olunacağı barədə ƏM-nin 77-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlcədən xəbərdar olunmuş, onunla azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli əmək haqqının birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilməsi barədə razılığa gəlinmiş və həmin müavinət əmək haqqı kartına köçürülmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məcəllənin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” başlıqlı 77-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 2-4-cü hissələrinə görə isə, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İddiaçının mübahisələndirdiyi əmrin məzmunundan aydın olur ki, cavabdeh MMCnin İnsan Resursları şöbəsinin müdiri xx.xx.2019-cu il tarixdə təqdimatla müraciət edərək bölmələr arası əlaqəli fəaliyyətin təmin olunması və maliyyə resurslarına qənaət edilməsi məqsədilə cəmiyyətin bəzi struktur bölmələrinin kompleklətləşdirilməsini, Daxili Nəzarət Şöbəsinin müstəqil struktur bölmə olaraq ləğv edilməklə Maliyyə Şöbəsinin tərkibində tabeli bölmə olaraq yenidən təşkil edilməsini tövsiyyə etmiş, həmin tövsiyyə MMC-nin direktoru tərəfindən məqsədəmüvafiq hesab olunduğundan xx.xx.2019-cu il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, İnsan Resursları şöbəsinin müdirinin xx.xx.2019-cu il tarixdə müvafiq təqdimatı verməsindən cəmi 5 gün sonra iddiaçının əmək müqaviləsinə xitam verilmişdir; bu isə o deməkdir ki, tutduğu vəzifənin (müvafiq ştatın) ixtisar olunacağına dair iddiaçıya əmək qanunvericiliyinin nəzərdə tutduğu qaydada rəsmi xəbərdarlıq olunmamış, eləcə də o, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmək hüququndan məhrum edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh MMC-nin, xəbərdarlıq müddəti əvəzinə iddiaçıya məhz onun razılığı əsasında müavinət ödənilmiş olması arqumenti də öz təsdiqini tapmamışdır; belə ki, iddiaçının bank hesabına müvafiq pul vəsaitinin köçürülməsi onun buna razılıq verdiyi mənasına gələ bilməz. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının əmək qanunvericiliyi ilə təsbit olunan hüquqlarının pozulduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən də müəyyənləşdirilmiş, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdə ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir (bu protokol əsasında tətbiq olunan cərimə tənbehinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edildiyi müəyyən olunsa da, qərardan aydın olur ki, inzibati protokol əsasında yenidən icraat aparılması üçün iş Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir). Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı1la bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli 193 saylı əmri ləğv edilməli, İddiaçı1 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa olunmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6462/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın İddia təmin olunsun. Cavabdeh MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli 193 saylı əmri ləğv olunmaqla, İddiaçı1 Cavabdeh MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilsin. xx xxxxxxxx 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1150/2021
28.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver