Məhkəmə qərarları › İş №2(103)-1150/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1150/2023

17.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1150/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X10 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Şeyda Ədalət qızının katibliyi ilə iddiaçı X7 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İş üzrə iddiaçı övladı olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, bina № 17, mənzil № 22-də yerləşən yaşayış sahəsinə cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı olan cavabdeh ailə quranadək həmin mənzildə yaşamışdır. Cavabdeh, 2007-ci ildə X11 ilə ailə qurduqdan sonra daimi yaşayış yerini dəyişmiş və mənzildən getmişdir. Cavabdehin özünün Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 31/23-cii məhəllədə “Everest Konstruktion“ MMC-nin inşa etdiyi “Union Park” yaşayış kompleksində 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.metr sahəsi olan 718 saylı mənzili vardır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə cavabdehin ərizəsi əsasında onunla “Everest Konstruktion“ MMC arasındakı xx.xx.2008-ci il tarixli müqaviləyə xitam verilmiş və mənzil cavabdehin qayınanasının – X2 adına sənədləşdirilmişdir. G.Salahova mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” alındıqdan sonra, yəni xx.xx.2021-ci il tarixdə mənzilin öz övladına, yəni cavabdehin arvadı M.Ağayevaya bağışlanmışdır. Hazırda həmin mənzil cavabdehin arvadının mülkiyyətindədir. Amma ola bilər ki, cavabdeh ona qarşı hazırkı iddia tələbindən xəbər tutub mənzili formal olaraq başqa şəxsin adına sənədləşdirsin. Belə hal baş verərsə, onda həmin hal cavabdehin məhkəməni aldatmaq üçün atdığı addım kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh 2007-ci ildən iddiaçıya məxsus mənzildən daimi yaşamaq üçün başqa yaşayış yerinə getmişdir. Bu barədə MKİS-nin və qonşuların müvafiq aktları da vardır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində məsul vəzifədə çalışır, onun yaşamaq və özünə yaşayış sahəsi ilə təmin etmək üçün hər cür maddi imkanı vardır. Lakin cavabdeh iddiaçıya məxsus mənzildən qəsdən qeydiyyatdan çıxmayaraq onu özündən asılı vəziyyətdə saxlayır. Belə ki, iddiaçı, mənzil üzərində mülkiyyət hüquqlarını tam və sərbəst həyata keçirə bilmir. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Eyni zamanda iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, o, qoca və xəstə olduğu halda cavabdeh ona məhkəmə qərarı olmadan heç bir maddi və mənəvi yardım etmir. O, cavabdehdən aldığı alimenti də məhkəmə qərarı əsasında alır. Cavabdeh 2010-cu ildə iddiaçını qanunsuz və qərəzli olaraq psixiatrik xəstəxanaya yerləşdirmək istəmiş, lakin bu baş tutmamışdır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. b) cavabdehin iddia tələbinə dair mövqeyi barədə məlumat

3. İş üzrə cavabdehin iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırki iş üzrə iddiaçının ona qarşı irəli sürdüyü eyni məzmunlu iddia tələbi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin baxışının predmeti olmuş və həmin məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qətnamə (İş № 2(009)-1125/2010) ilə iddianı əsassız hesab edərək, iddianı rədd etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, o, məcburiyyət qarşısında və müvəqqəti olaraq mənzili tərk etmişdir, çünki mənzilin mülkiyyətçisi olan anası (iddiaçı) ilə onun münasibətləri pozulmuş, onların aralarında narazılıq yaranmış və bu səbəbdən də o, qeydiyyatda olan mənzildə hazırda yaşaya bilmir. Həmçinin nəzərə alınmalıdır ki, mənzil iddiaçının adına özəlləşdirilərkən o buna razılıq vermiş, əks halda iddiaçı buna nail ola bilməyəcəkdir. Bundan başqa, o, mübahisəli mənzilə köçürülməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə (İş № 2(009)-237/2012) ilə onun mübahisəli mənzilə köçürülməsini qət etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, anası olan iddiaçı eyni binada yerləşən 21 saylı mənzilin də mülkiyyətçisidir. İddiaçı həmin 21 saylı mənzil ilə mübahisəli olan 22 saylı mənzili qanunsuz olaraq birləşdirmiş, nəticədə vahid 5 otaqlı mənzil əldə etmiş, lakin 1 sanitar qovşağı saxlamışdır. Bu səbəbdən o, mənzillə köçə bilmir, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. O, qanunsuz tikilinin sökülməsi və mübahisəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Düzdür Səbail Rayon Məhkəməsi həmin iddiaya dair mülki işin icraatına xx.xx.2022-ci il tarixli qərardadla (İş № 2(009)-2296/2022) xitam versə də, o, həmin qərardaddan şikayət vermişdir. O, göstərilənlərin nəzərə alınmasını və iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddianın əsassız hesab edilərək, rədd edilməsini Rayon Məhkəməsindən xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iddianın əsassız olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışıdır ki, cavabdeh məcburiyyət qarşısında və müvəqqəti olaraq mənzili tərk etmişdir. Mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehin arasında münasibətlər pozulmuş, onların aralarında narazılıq yaranmış və bu səbəbdən cavabdeh mənzildə yaşaya bilmir. Cavabdehin başqa daimi yaşayış yeri yoxdur. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

11. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** saylı, xx.xx.2011-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, bina № 17-də yerləşən 22 №-li mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iş üzrə iddiaçının adına qeydiyyata alınmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubdan görünür ki, (cavabdehin arvadı) X6 adına Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, 21 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 234, M8,m.2) xx.xx.2021-ci il tarixdə; Bakı şəhəri, Binəqədi rayonu, X17 küçəsi, 718 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 129, M7,m3) xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 adına hazırda Respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin adına hazırda Respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

13. Səbail Rayon 8 saylı Mənzil Kommunal İstismar Sahəsinin 130 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı və cavbadeh Bünyad Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində qeydiyyatdadırlar. İddiaçı həmin mənzildə yaşasa da, qonşuların tərtib etdikləri aktdan görünür ki cavabdeh 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamır.

14. Həmin MKİS-nin 210 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh mübahisəli mənzildə 2007-ci ilin yanvar ayına kimi yaşamış, həmin vaxtdan etibarən isə həmin mənzildə yaşamır.

15. "xxxx" MMC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış cavab məktubundan görünür ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən MMC tərəfindən cavabdehə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 3123- cü məhəllədə inşa etdiyi «Union Park» yaşayış kompleksindən Bina-1 (cənub korpus), 4-cü blok, 7-ci mərtəbə, 1 otaqlı, 64 kv.m. sahəsi olan 718 saylı mənzil satılmışdır. Sonradan, yəni xx.xx.2010-cu il tarixdə cavabdehin ərizəsi əsasında həmin müqaviləyə xitam verilmiş və mənzil MMC-yə geri qaytarılmışdır.

16. Həmin MMC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Union Park” yaşayış kompleksi, S.S.Axundov küçəsi, 718 saylı mənzil cavabdehin adından sonradan, yəni xx.xx.2010-cu il tarixdə müqavilə və qiymətin razılaşma protokolu əsasında X2 adına sənədləşdirilmişdir.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** saylı, xx.xx.2021-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, S.S.Axundov küçəsi, 3123-cü məhəllə, ev -, mənzil 718 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Qars küçəsi, 129, M7, m 3) xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X2 adına qeydiyyata alınmışdır.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** saylı, xx.xx.2021-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 140, mənzil 21 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 234, M8, m2) xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi (cavabdehin qayınatası) X12 adına qeydiyyata alınmışdır.

19. AZ-İ seriyalı 298073 nömrəli, xx.xx.2007-ci il tarixli “Nikah haqqında şəhadətnamədən” görünür ki, cavabdeh X8 və X11 xx.xx.2007-ci ildə nikah bağlamışlar.

20. Cavabdehin arvadının - xx.xx.1980-ci il təvəllüdlü X6 adına verilmiş Vİİ-JQ seriyalı, 390779 saylı, xx.xx.1981-ci il tarixli “Doğum haqqında şəhadətnamədən” görünür ki, X14 və X1 Məlahət Milik qızının valideynləridir.

21. Bakı Şəhəri 43 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, X14 xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 140 saylı evin 21 saylı mənzilini (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 234, M8, m2) qızı Məlahət Ağayevaya bağışlamışdır.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkilinə ünvanlandığı 23/1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 718 saylı mənzil xx.xx.2021-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 43 saylı DNK-nın 4Ə/1383 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Bağışlama müqaviləsinə” əsasən X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

22. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qətnaməsindən (İş № 2(009)-1125/2010) görünür ki, həmin qətnamə ilə iddiaçı X7 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması barədə” iddiasının təmin edilməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, (İş № 2(102)-1876/2011) qətnamədən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən (İş № 2(009)-237/2012) görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı irəli sürdüyü iddianın təmin edilməsi, X5 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

25. Səbail Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-237/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi icra olunmuş və X8 ünvan 4 ünvana köçürülmüşdür.

26. Göstərilənləri, iş üzrə tərələrin arasındakı hüquq münasibətlərin Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin təsiri altına düşməsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin 3-cü hissəsinə görə, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

27. Göründüyü kimi əvvəlki qanunvericilik şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını hər hansı dövlət orqanında, mənzil kommunal istismar sahəsində qeydiyyata alınması ilə şərtləndirməyərək, yaşayış sahəsinə köçmüş və orada daimi yaşayan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu tanıyırdı.

28. Həmin Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərdə icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87, hissə 2).

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

30. “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 123-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı M.Əkbərova mübahisəli mənzilə yaşamaq hüququnu əldə etmiş, onun hər hansı bir səbəbdən mübahisəli evi müəyyən müddətə tərk etməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmə kimi qiymətləndirilə bilməz, Niderland Krallığına getməsi onu evə olan hüququndan məhrum etmir. Bu zaman apellyasiya instansiyası məhkəməsi, həmçinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.

31. Beləliklə, cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi üçün xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsas da müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.

32. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçının oğludur və o, iddiaçı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı evin 22 saylı mənzilində 1983-cu il tarixdən 2007-ci ilin yanvar ayına kimi yaşamışdır. 2007-ci ildə cavabdeh ailə qurduqdan sonra cavabdehin həyat yoldaşı ilə iddiaçı arasında münasibətlər pozulduğu üçün cavabdeh həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildən gedərək başqa ünvanda yaşamağa məcbur olmuşdur. 2012-ci ildə cavabdehin iddiaçıya qarşı mənzilə köçürülmə barədə iddiası təmin olunaraq, o, mübahisəli mənzilə köçürülmüş olsa da, tərəflər arasında yaranmış münaqişəli vəziyyət cavabdehin mübahisəli mənzildə yaşamasını mümkünsüz etmişdir. Cavabdehin mübahisəli evdən başqa digər daimi yaşayış yeri yoxdur, cavabdehin mübahisəli mənzildən getməsi məcburiyyət qarşısında, tərəflər arasında yaranmış münaqişəli münasibətin nəticəsində olmuşdur. Bu isə cavabdehin mübahisəli mənzili daimi olaraq tərk etməsinə dəlalət etmir.

33. Göstərilənlərə əsasən, Rayon Məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

34. Lakin Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. İş üzrə iddiaçı cavabdehin 2007-ci ildə mübahisəli mənzili tərk etməsini, yalnız 2012-ci ildə mənzilə qısa müddətə qayıtmasını, cavabdehin "xxxx" MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə ilə əldə etdiyi mənzilin həmin MMC-nin vasitəsi ilə xx.xx.2010-cu il tarixdə qayınanası Güləbətin Salahovanın adına rəsmiləşdirməsini, bununla da mənzil şəraitinin çətin olması çörünüşünü yaratmasını, cavabdehin arvadının yaşayış evlərinin olmasını sübuta yetirmişdir.

36. Lakin, cavabdeh, məhkəmə qətnaməsinin icrası ilə bağlı 2012-ci ildə mənzilə köçürüldükdən bir qədər sonra mənzili tərk etdiyi vaxtdan hazıra kimi mənzilə qayıtmasının qeyri-mümkün olmasını, bununla bağlı iddiaçı tərəfindən 10 il ərzində ona iddiaçı tərəfindən maneçilik yaradılmasını təsdiq edə biləcək sübutları (məsələn: mübahisəli mənzilə təkrar köçürülməsi ilə bağlı müvafiq İcra Şöbəsinə müraciət etməsini) məhkəmələrə təqdim etməmişdir.

37. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin məhkəmələrə təqdim etdikləri sübutları əsasında müəyyən edilir ki, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə ehtiyacı yoxdur, onun yaşamaq üçün başqa yaşayış sahəsi var.

38. Belə olan halda hesab edilməlidir ki, “cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi barədə” iddia əsaslıdır; Rayon Məhkəməsi əsaslı olan iddianı rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli deyil.

38. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı X7 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X7 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 17 saylı evin, 22 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar