Məhkəmə qərarları › İş №2(103)-11501/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11501/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11501/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən 2017-ci ildə Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən “Qızıl-gül Xəyal” kafesini icarədar Elvin adlı şəxsdən ortağı Romalla birlikdə 4500 manat pul ödəyərək icarəyə götürülmüşdür. Kafenin icarə haqqı 1500 manat təşkil edirdi, hər on gündən bir 500 manat verməklə icarə haqqını ödəyirdilər. 2018-ci ildə kafenin sahibi Cavabdeh2 onlara müraciət edərək kafeni öz tanışı Cavabdeh1 təhvil verməklərini təklif etmiş, qarşılığında 4500 manat pulun Cavabdeh1 tərəfinən onlara ödəniləcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Cavabdeh1 ona cəmi 1800 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Daha sonra Məstan ondan 400 manat borc almış lakin geri qaytarmamışdır. Səs yazılarındanda göründüyü kimi, Rəhman Məstanın ona 2250 manat vərəcəyini boyun olduğunu bildirir. Lakin bu günə kimi 1 manat belə ödəməmişlər. Yenə kafenin sahibi Rəhman ondan 500 manat borc adıyla almış üstündən 1 ay keçəndən sonra guya ki, ona kafenin icarəsindən 500 manat borcu qaldığını və bu səbəblə həmin məbləği qaytarmayacağını bildirmişdir. O isə icarənin işgüzar adətlərə görə hər ayın əvvəli ödəndiyi bildirsə də xeyri olmamışdır. Daha sonra dəfələrlə həmin pulu geri qaytarmasını tələb etsə də, nəticə dəyişilməz olaraq qalmışdır. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh1, birlikdə onu aldadaraq ümumulikdə 3600 manat məbləğində pulunu mənimsəmişlər. 2 ildirki 3600 manatdan 1 qəpik belə olsun ona ödənməmişlər. Məlum olduğu kimi ona xeyli maddi zərər vurmuşlar. 3600 manat pul ilə hər hansı iş görüb gəlir əldə etmək olardı. Lakin onların bu hərəkətləri nəticəsində əlidə olan-qalan puluda itirmiş, iş qura bilməmiş və ona xeyli ziyan dəymişdir. Qeyd olunanlar bağlı Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ şöbəsinə şikayət etsə də, 27 may 2019-cu il tarixli qərar qəbul edilmiş və işdə cinayət tərkibinin olmadığı üçün rədd edilmişdir. Eyni zamanda işə mülki qaydada baxılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən 3600 (üç min altı yüz) manat əsas borc, 2 il gecikdirməsi səbəbi ilə üzərinə mərkəzi bankın uçot faiz dərəcəsi olan illik 7% əsasında işləyən 504 manat gecikmə faizinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 4134 (dört min yüz otuz dört) manat pulun cavabdehlər Cavabdeh1 Hüseyn oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Məhkəmə iclasında iddiaçı qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmir. O, Rəhmana təklif etmişdir ki, “Qızıl-gül Xəyal” kafesini ona icarəyə versin. Rəhman isə həmin vaxt ona “səbrli ol icarəçi kafedən çıxsın kafe sənindir gəlib işləyərsən” deyə bildirmişdir. Bir müddət sonra Rəhmana zəng vuraraq “icarəçi nə vaxt çıxır və kafeni mənə icarəyə vermək fikrin varmı?” deyə soruşmuş, Rəhman isə ona gəl kafeni təmir etdir, oranı səliqəyə sal və işlət deyə bildirmişdir. O, kafeyə gələn zaman həmin kafenin iddiaçı tərəfindən işlədildiyini görmüş və Vüsala kafeni onun çörəyinə bais olmasın deyə birlikdə işlətməyi təklif etmişdir. Vüsal ondan borca pul istəmiş, o da öz növbəsində 1800 manat pulu borca vermişdir. Bu pulu Rəhmanın yanında iddiaçıya vermişdir. Vüsal ondan sözü gedən məbləği borca alsa da, o Rəhmana hallalıq olsun deyə verdiyini bildirmişdir. Lakin Rəhman ondan Vüsala hər hansı bir məbləğdə pul verməməsini bildirmişdir. Əslində niyyəti kafenin icarəsini başqa şəxsə verərkən veriləcək şəxsdən əvvəlkilər kimi həmin pulu almaq olmuşdur. Bir müddət Vüsal ilə işlədikdən sonra Vüsalın çəkidə onu aldatdığını, aldığı ərzaqları qeyd kitabına daha yüksək məbləğə yazdırdığını aşkar etmişdir. Bundan başqa kafenin yaxınlığında yerləşən Yasamal Rayon Prokurorluğunun işçiləri çay sifariş etdikdə, hesabı ödəmirlər, qonşudular deyərək pulları mənimsəyirdi. O, Vüsalın əli əyriliyi barədə Rəhmana məlumat vermiş, bundan sonra Vüsal kafedən çıxmışdır. O, Vüsala haqq-hesab etməsini bildirmiş, sonuncu isə qəbul etməmişdir. O, ümumilikdə 1700 manat ziyana düşmüşdür. Onun Vüsala heç bir verəcəyi yoxdur. Əksinə Vüsal ondan aldığı borcunu bu günə kimi qaytarmamışdır. O, özüdə hazırda o kafeni işlətmir, təhvil verib çıxmışdır. Onda olan məlumata görə hazırda kafeni başqa admalar icarəyə götürüblər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözü gedən “Qızıl-gül Xəyal” kafesi onun bacısının yoldaşının mülkiyyətində olmuşdur. Sonradan bacısının yoldaşı rəhmətə getmiş və kafe bacısının adına keçmişdir. Hazırda bacısı ürək xəstəsi olduğundan kafeni bacısının adından etibarnamə əsasında o idarə edir. Bütün məsələlər ilə özü məşğul olur. Kafeni icarəyə vermiş, onun xəbəri olmadan icarəçilər bir-birinə pul ödəyərək sıralarını satmış və ona bildirmişlər ki, güya icarə haqqını ödəməyi çatdırmırlar və bu səbəbdən şərik kimi başqa şəxslər ilə işləyirlər. O, Məhərrəm adlı şəxs ilə müqavilə bağlayaraq kafeni ona icarəyə vermişdir. Bir müddət sonra Məhərrəm dedi ki, Natiq adlı şəxs onun şərikidir, yoldaşı xəstədir və onun mualicəsi üçün özü gedir Sankt-Peterburq şəhərinə, şəriki Natiq kafeni işlətməyə davam edəcəkdir. Sonradan Natiq ona bildirmişdir ki, o, Məhərrəmə 3500 manat pul verib ki kafeni işlətsin. Natiq bir müddət kafeni işlətdi sonra bildirdi ki, Elvin adlı şəxs onun şərikidir və onlar birlikdə işləyəcəklər. O, hər on gündən bir yəni, hər ayın 10-u, 20-si, 30-u 500 manat olmaqla icarə pulunu alırdı. Bir gün icarə pulunu almaq üçün kafeyə getmiş və Natiqi orada görməmişdir. Natiqin şəriki Elvin ona bildirmişdir ki, Natiq Rusiyaya gedib kafeni özü işlədəcək və Natiqə 4500 manat pul verərək kafeni icarəyə götürüb. Sonradan kafedə Elvinin adından Vüsal işləməyə başladı. Kafe bərbad gündə idi, təmiri demək olar yox səviyyəsində idi, otaqların divarları ayaqqabı izləri idi. Bundan başqa qonşulardan eşitmişdir ki, orada yığışıb qumar oyunları da oynayırlar. O, Vüsala buna son verməsini, kafeni Cavabdeh1 ilə işlətməsini, Məstanın oraya ağsaqqalıq edəcəyini bildirmişdir. Vüsal bunu qəbul etdikdən sonra onlar birlikdə işləməyə başlamışlar. Məstana kafeni icarəyə götürdüyü üçün Vüsala pul verməməyini bildirmiş, Məstan isə halallıq olması üçün Vüsala pul ödəmişdir. Məstan Vüsalın dəfələrlə oğurluq etdiyini tutmuş, ona əli əyri olduğunu bildirmişdir. Bu səbəbdən Vüsal kafedən çıxıb getmişdir. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o, heç vaxt Vüsaldan 500 manat borca pul almamışdır. Vüsal kafeni tək işlətdiyi zamandan ona 500 manat icra borcu qalmşdır və həmin pulu da sonradan ona gətirib vermişdir. Yəni Vüsalın ona ödədiyi həmin məbləğ kafenin icarə haqqı idi. O, Cavabdeh1 ilə kafeni icarə verməyi barədə müqavilə bağlamışdır. Hal-hazırdada kafe başqa şəxslərin icarəsindədir. Onun bu söhbətlərdən ümumiyyətlə sonradan xəbəri olmuş, Vüsalada sonuncu icarədar çıxanda ona pul verməməsini, verdiyi pulu da geri almasını bildirmişdir. Odur ki qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 ona 2250 manat borcunun olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmiş, bunu əksi olaraq işin halları eləcə də, iddiaçının etiraf edici izahatı ilə kafenin icarə sırasının ona keçməsi üçün, yəni işlətməsi üçün onun tərəfindən ödənilmiş məbləğ hazırki iş üzrə cavabdehlərə deyil, aralarındakı razılığa əsasən məhz kafenin ondan öncə icarədarı olmuş Elvin adlı şəxsə ödənilmiş, bu haldan kafeni faktiki olaraq idərə etmiş və icrayə vermiş iş üzrə cavabdeh olan Cavabdeh2 isə sonradan məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı kafeni işlədə bilməsi üçün Elvin adlı şəxsə 4500 manat məbləğində pul verməsini iddia etsə də, məhkəməyə həmin halları da təsdiq edən sübutlar təqdim edə bilməmiş, həmin hallar öz təsdiqini tapmış olsaydı belə, həmin hallar hazırki cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlərdən Cavabdeh2 500 manat məbləğində borca pul verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı, tələb olunan ümumi məbləğin nə üçün cavabdehlərdən müştərək qaydada tutulmasının tələb edilməsini əsaslandıra bilməmişdir. Məhkəmə, iddia tələbinin əsas borc hissəsində təmin edilməməsi qənaitinə gəldiyindən, digər hissədə, 2 il gecikdirilməsi səbəbi ilə üzərinə mərkəzi bankın uçot faiz dərəcəsi olan illik 7% əsasında işləyən 504 manat gecikmə faizinin, cavabdehlərdən müştərək qaydada tutulması hissəsində müzakirəsini məqsədə müvafiq hesab etmir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar