Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11505/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 və X1 ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11oktyabr 2021-ci il tarixli, 2(004)-4428/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)- 4428/2021 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 382/K nömrəli 16 may 2021-ci il tarixli əmri ləğv edilmiş və İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının fərqinin İddiaçı ödənilməsi ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(004)-4428/2021 qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh tərəfindən qeyd olunan qərardaddan verilmiş şikayət məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində, yəni 30 sentyabr 2021-ci il tarixində rabitə orqanına verilsə də, yerli poçt şöbəsi tərəfindən daxil olan sənədlərin çoxluğu səbəbindən növbəti günə saxlanılaraq, 01 oktyabr 2021-ci il tarixdə qeydə alınaraq göndərilmiş, məhkəmə bu səbəbdən haqlı olaraq bu halı müddətin ötürülməsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 şikayəti müdafiə etdi, şikayətdə götərilənlərə uyğun məzmuna izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 şikayəti müdafiə etdi, şikayətdə götərilənlərə uyğun məzmuna izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etmədi, şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11oktyabr 2021-ci il tarixli, 2(004)-4428/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)-4428/2021 nömrəli qətnaməsi 24 avqust 2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi ünvanına göndərilmiş və 30 avqust 2021-ci il tarixdə həmin ünvanda poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qətnamə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayəti və poçt zərfindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 01 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayətini poçt vasitəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ünvanlamış və apellyasiya şikayəti 07 oktyabr 2021-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Qeyd olunan prosessual hüquq normasına əsasən, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi apellyasiya şikayətini 01 oktyabr 2021-ci il tarixdə poçta təqdim etdiyinə görə, cavabdeh apellyasiya şikayətini həmin tarixdə vermiş hesab olunur. Həmçinin, iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsi haqqında məlumatdan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)- 4428/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti poçt məntəqəsinə 01 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti qətnamənin rəsmi qaydada alındığı gündən bir ay ərzində verilməlidir. Yəni, cavabdeh 30 avqust 2021-ci il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci 30 sentyabr 2021-ci il tarixdə (saat iyirmi dördə qədər) apellyasiya şikayətini poçta təqdim etməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, cavabdeh apellyasiya şikayətini 01 oktyabr 2021-ci il tarixdə poçta təqdim etdiyinə görə, o, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti bir gün ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilən Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.12.2006-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(004)-4428/2021 nömrəli qətnaməsindən qanunla nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra apellyasiya şikayəti verdiyindən, onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(005)- 4428/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11505/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11505/2021
24.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver