Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1151/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına və X2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kredit müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və nəqliyyat vasitəsinin yüklülükdən azad olunması” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına və X1rşı kredit müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və nəqliyyat vasitəsinin yüklülükdən azad olunması tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2089/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsinin və xx.xx.2010-cu il tarixli, xx/xx/2077/10 saylı ipoteka müqaviləsinin iddia müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi qeydə alınaraq silinməsi, cavabdehlər LPO QSC "xxxx" KB-ə və X1rşı öhdəlik münasibətlərinə xitam verilməsi və "Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunmasının cavabdehlər LPO QSC "xxxx" KB-ə və X2 həvalə edilməsi barədə iddia tələbi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2089/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 11 fevral 2022-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Belə ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7145/2019 saylı qərarına əsasən iddiaçı LPO QSC "Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı xx.xx.2010-cu il tarixli 1xx/xx/2077/10 saylı kredit müqaviləsi üzrə cavabdehdən 8100,18 manat məbləğində əsas borcun, 3405,33 manat məbləğində faiz borcunun, 1760,91 manat məbləğində cərimə borcunun, 1185,37 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə 14451,79 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş "Skoda Fabia” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir (iş. səh. 15). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 2089/2022 nömrəli qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 11 fevral 2022-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə, qətnaməsində iddiaçı tərəfindən verilmiş sübutlara düzgün qiymət vermədən, həmin sübutları niyə sübut formasında qəbul etdiyinə, həmin sübutların sübut növü kimi qəbul edilməsinin mümkün olmasına düzgün qiymət vermədən, qətnamə qəbul etmişdir.
5. İddiaçı apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, İddiaçı ilə LPO QSC "xxxx" KB arasında xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən 15042 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. LPO QSC "xxxx" KB qarşısında İddiaçı tərəfindən öhdəlik vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2715/2019 nömrəli qətnaməsi ilə LPO QSC "xxxx" KB-nin iddia tələbi iddia müddətinin keçməsinə görə rədd edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8887/2019 nömrəli qətnaməsinə əsasən LPO QSC "xxxx" KB-nin apellyasiya şikayəti təmin olunmamış Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2715/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7145/2019 nömrəli qərarı ilə LPO QSC "xxxx" KB-nin kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8887/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-7145/2019 saylı qərarından sonra LPO QSC "xxxx" KB-yə yazılı məktubla müraciət edərək, onunla bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi üzrə əsas borcun, faizin və cərimə borcunun ödənilməsi və həmin məbləğin “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qeyri-mümkün olduğundan, ümidsiz borc kimi qeydə alınaraq, silinməsi, kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində Mərkəzləşdirilmiş Reyestr Xidmətində silinərək qeydiyyatdan çıxarılması barədə bildirilmişdir. LPO QSC "xxxx" KB xx.xx.2022-ci il tarixli, **********895 saylı məktubla, borcun silinməsinin mümkün olmadığını bildirmişdir. “Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı istifadəsində deyildir. Belə ki, 2015-ci il tarixdə Bankın əməkdaşları maşını İddiaçı məcburən tutub almışlar. Konstitusiya Məhkəməsinin qərarı tövsiyə xarakterli qərar deyil sadəcə baxılan bir iş üzrə xüsusi qərardır. Ona görə də Konstitusiya Məhkəməsinin həmin qərarını bu işdə tətbiq etmək qanunsuz və əsasızdır. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1, 550, 551.1, 556.1-ci maddələrinin tələbini pozmuşdur (öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; (tələb, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; (əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir). İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz) Maşın İddiaçı olmadığından və həmin pulu ödəmək qabiliyyətində olmadığına görə tələbkar öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə qətnaməsində iddiaçı tərəfindən verilmiş sübutları qeydə alsa da həmin sübutlara düzgün qiymət vermədən, qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək tərəflər arasında razılaşmaya əsasən bağlanmış müqavilədən 13 il keçdiyini, Konstitusiya Məhkəməsinin Qərarının bir iş üzrə xüsusi qərar olduğunu, ona görə də Konstitusiya Məhkəməsinin həmin Qərarının bu işdə tətbiq edilməsinin qanunsuz və əsassız olduğunu, məhkəmənin qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1, 550, 551.1, 556.1-ci maddələrinin tələblərinin pozduğunu bildirmişdir.
7. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək əsas tələb üzrə iddia müddətinin keçməsinin öhdəliyin xitamına səbəb olmadığından ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün əsasların olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və qanunla müəyyən edilmiş hallarda əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324; 385-390, 550-554, 556, 560, 739-745; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
10. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri aidiyyəti qanunvericiliyin müddəalarına uyğun təfsir etmədən, yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 11 fevral 2022-ci il tarixli qərarına istinad etməklə öz qənaətinin əsasını müəyyən etmişdir: Bu qərara əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
11. Nəzərə alınmalıdır ki, burada əsas tələb üzrə iddia müddətinin keçməsi əsası ilə ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına aid olan münasibətlərdən irəli gələn mülki münasibətlər ehtiva edilir. Hazırkı tələb üzrə isə qanuni qüvvəyə minmiş qətnamə ilə bankın (onun xələfinin) tələbi rədd edildiyindən, sonuncunun borcun qaytarılması və sair tələbləri üzrə iddiaçının öhdəliklərinin yerinə yetirilməməsi əsasından irəli gələnləri eyni əsasla iddia verməsi istisna edildiyindən, habelə tərəflər arasında müqavilələrin qüvvəsi və onlardan irəli gələrək şəxsin bank qarşısında öhdəlikləri (onların icra edilməsi) istisna edilir. Beləliklə, əsas öhdəliyə (kredit müqaviləsinə) xitam verildiyindən, ipoteka müqaviləsinə də (ipotekaya da) xitam verilmiş sayılır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur; 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz; 556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
13. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2. və 48.1.5-ci maddələrinin tələblərinə əsasən: əsas öhdəliyə xitam verildikdə və bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
15. Beləliklə, iddianın tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli, xx/xx/2077/10 saylı ipoteka müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və "Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunmasının cavabdehlərə həvalə edilməsi hissəsi əsaslı olduğundan bu hissədə iddia tələbi təmin edilməlidir.
16. Qeyd edilən tələbin təmin edilən hissəsi həmin borc üzrə qeydiyyatların ləğvi üçün əsas olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi qeydə alınaraq silinməsi əsası isə bu hissədə iddianın təmin edilməsinə əsaslar olmadığından təmin edilməməlidir. Belə ki, iddia müddətinin keçməsi ilə əlaqədar iddiaçıya qarşı tələb rədd edildiyindən, hazırkı işdə tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməz, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə müzakirələr aparıla bilməz, habelə öhdəliklərə xitam verilməsi borc üzrə qeydiyyatların silinməsi üçün əsasdır. Bununla belə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.7.9-cu maddəsinə əsasən bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) səlahiyyətlərini ləğvedici həyata keçirdiyindən ümidsiz borcların silinməsi istinad edilən qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilməli olduğundan hazırkı icraat daxilində məhkəmə tərəfindən bu vəzifələrin icrasının həvalə edilməsi yolverilməzdir, bu vəzifələrin icra edilməməsi iddiaçının yeni tələblə (əsaslarla) məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra bilməz.
17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-119-cu maddəsinə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəyən şəxslərə aid edilməlidir.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2089/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı kredit müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsi və nəqliyyat vasitəsinin yüklülükdən azad olunmasına dair iddiası qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli, xx/xx/2077/10 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilsin və "Skoda Fabia” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad olunması cavabdehlərə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.