Məhkəmə qərarları › İş №2(103)-1152/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1152/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1152/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5200/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (bundan sonra – mübahisəli ev) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2000-ci ildə Hüseyn və xx.xx.2007-ci ildə Muradəli adlı uşaqları anadan olub. xx.xx.2013-cü ildə nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında qalmışdır. Ailə münasibətləri pozulduğu vaxtdan Cavabdeh1 mübahisəli evdən uşaqlarla birlikdə getmişdir. Onlar artıq uzun müddətdir həmin evdə yaşamırlar. Cavabdeh1 xx.xx.2018-ci ildə yeni nikaha daxil olmuş, həyat yoldaşı birgə nikahdan olan uşaqları övladlığa götürmüşdür. Buna baxmayaraq cavabdehlər ona məxsus ünvanda qeydiyyatda qalmaqda davam edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5200/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə şahidləri dindirməyib. Məhkəmə işə birtərəfli baxmış, cavabdehin izahatını almamışdır. Mübahisəli ev qeydiyyatdan keçmədiyi halda, həmin evə ünvanın hansı orqan tərəfindən verildiyi, cavabdehlərə və digər şəxslərə şəxsiyyət vəsiqələrinin hansı ilkin sənədlər əsasında verildiyi araşdırılmayıb. İddiaçı və onun vəkili məhkəmə iclasında şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materialları və iddiaçının izahatı əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və özbaşına tikilidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2 və 180.3-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli evin özbaşına tikili olduğundan həmin evə istifadə hüququnun itirilməsi barədə iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamış, iddiaçı mübahisəli mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5200/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar