Məhkəmə qərarları › İş №2(103)-1152/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1152/2022

26.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1152/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X15, Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X10 etibarnamə əsasında nümayəndəsi X11 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2(001)- 4535/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu X14 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus X10 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrində aparılmış tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və X10 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu X22 tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X10 09 avqust 2004-ci il tarixli 1073 nömrəli sərəncamına əsasən vətəndaş X19 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X7 mülkiyyətinə, Bakı şəhəri Binəqədi rayonu X10 09 avqust 2004-ci il tarixli 1074/1 nömrəli sərəncamına əsasən vətəndaş X12 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X12 mülkiyyətinə, Bakı şəhəri Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1075/1 nömrəli sərəncamına əsasən vətəndaş X20 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X20 və Bakı şəhəri Binəqədi rayonu X10 09 avqust 2004-ci il tarixli 1076/1 nömrəli sərəncamına əsasən vətəndaş X3 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X3 mülkiyyətinə ayrılmışdır. Daha sonra 2014 və 2015-ci illərdə qeyd edilən torpaq sahələri (4 ədəd ayrı-ayrılıqda 600 kv.m təşkil edən) ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ayrı-ayrılıqda satılmışdır. Ərizəyə əlavə edilmiş Binəqədi rayonu X22 tərəfindən vətəndaş İddiaçı ünvanlanmış cavab məktubunda torpaq sahələrinə baxış zamanı X10 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələri qonşu torpaq sahələri olmaqla bərabər, eskiz-sxemləri ilə uyğunluq təşkil etməsi göstərilmişdir. Məhkəməyə müraciət edilməsinə səbəb Cavabdeh2 həmin torpaq sahələrinə alqı-satqı müqaviləsinin olmasını bildirərək orada tikinti işləri aparmasıdır (tikinti işlərinin aparılması ilə bağlı fotoşəkillər ərizəyə əlavə edilir). Dəfələrlə Cavabdeh2 və Binəqədi rayonu X14 tikinti işlərinin dayandırılması, torpaq sahəsinin təhvil verilməsi bildirilsə də, cavabdehlər iddiaçının hüquqlarını pozmaqda davam edirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, e-2(001)- 4535/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X22 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4535/2021 saylı iş üzrə 26.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iş üzrə (4 ədəd ayrı-ayrılıqda 600 kv.m) -Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1073 saylı sərəncamına əsasən vətəndaş X7 müraciəti ilə istifadəsində olan 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə, - Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1074/1 saylı sərəncamına əsasən vətəndaş X12 müraciəti ilə istifadəsində olan 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə, - Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1075/1 saylı sərəncamına əsasən vətəndaş X20 müraciəti ilə istifadəsində olan 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə, - Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1076/1 saylı sərəncamına əsasən vətəndaş X4 müraciəti ilə istifadəsində olan 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Daha sonra, 2014 və 2015-ci illərdə həmin 4 ədəd ayrı-ayrılıqda 600 kv.m torpaq sahəsini İddiaçı notarial qaydada etibarnamə ilə almışdır. Birinci Məhkəmə instansiyasında Məhkəmə qətnamədə qeyd edir ki, sözü gedən torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnu təsdiq edən heç bir sübutu yoxdur. Ancaq iş materiallarına əlavə olunmuş sənədlərdən (Bakı şəhəri 26 saylı notariat kontoru 07.04.2014-cü il tarixli və Bakı şəhəri 11 saylı notariat kontoru 12.06.2015-ci il tarixli etibarnamə) göründüyü kimi həmin torpaq sahələri üzrə mülkiyyətçi kimi hüququ olmasa da sərəncam vermək hüququna malikdir. X6 iş materiallarına əlavə olunmuş 06.09.2010-cu il tarixli 876 saylı arayışından görünür ki, X22 1778/1 saylı 17 dekabr 2005-ci il tarixli sərəncamla iş üzrə Cavabdeh2 Mehrəli oğlunun adına 900 kv.m torpaq sahəsi ayrılmışdır. Bildirir ki, mübahisə etdiyi torpaq sahəsini X2 bir il yarım sonra hansı ki, Binəqədi rayonu X10 09 avqust 2004-cü il tarixli 1073 sayl, 1074/1, 1075/1, 1076/1 saylı sərəncamlarla alqı-satqı yolu ilə X13, X16, X24 və X8 ayrılmışdır hansı ki, 2014 və 2015-ci il etibarnamə əsasında sərəncam hüququ İddiaçı vermişlər. Bu isə o deməkdir ki, verilmiş etibarın mahiyyətindən və müddətindən asılı olmayaraq həmin torpaq sahələri 4 ədəd ayrı-ayrılıqda 600 kv.m olmaqla X13, X16, X24 və X8 məxsusdur. Digər tərəfdən də X6 Məhkəməyə təqdim olunmuş və qətnamədə göstərildiyi kimi, Cavabdeh2 X22 ilə alqı-satqı müqaviləsi bağlamdığından ona verilmiş 1778/1 saylı sərəncam başa çatdırılmadan yarımçıq saxlanmış, ona görə də cavabdeh M.M. Abdullayevə X22 tərəfindən torpaq sahəsi ayrılmamışdır. Həmçinin X10 təqdim etdiyi məlumatlara əsasən 09 avqust 2004-cü il tarixli 1073 sayl, 1074/1, 1075/1, 1076/1 saylı sərəncamlarla əsasən X22 ilə X19, X25, X29 və X17 arasında bağlanmış alqı-satqı müqavilələri qüvvədədir. Eyni zamanda da iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlak kadastrı və ünvan reyestri xidmətinin 01.10.2021-ci il tarixli Arayışından (Mütəxəssis rəyi) görünür ki, Bakı şəhəri X10 09 avqust 2004-cü il tarixli 1073 sayl, 1074/1, 1075/1, 1076/1 saylı sərəncamları ilə ayrılmış hər biri 600 kv.m olan torpaq sahələrinin yerləşmə sxemlərində və Cavabdeh2 Mehrəli oğluna Bakı şəhəri X22 1778/1 saylı 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə ayrılmış 900 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtəsindən məsafə olmadığından tərəflər arasında mübahisəli torpaq sahəsinin yerləşmə sxemlərində göstərilmiş torpaq sahəsinin olub-olmamasını müəyyən etmək mümkün olmayıb. Bu isə o deməkdir ki, Cavabdeh2 Mehrəli oğluna Bakı şəhəri X22 1778/1 saylı 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə ayrılmış 900 kv.m torpaq sahəsi sonradan mövcud olmayan əraziyə verilib və buna görə də Cavabdeh2 Mehrəli oğlu ona, daha doğrusu X10 09 avqust 2004-cü il tarixli 1073 sayl, 1074/1, 1075/1, 1076/1 saylı sərəncamlarla əsasən X22 ilə X19, X25, X29 və X8 ayrılmış torpaq sahəsini zəbt etmişdir. Birinci instansiya məhkəməsində iddia tələbinin özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi olub. Kifayət qədər sübut təqdim etsələr də, həmin sübutlar araşdırılmamışdır, qətnamədə onlara hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə torpaq sahələrinə dair ayrıc aktlarının olub-olmaması hissəsində də araşdırma aparmamış, cavabdehdə olan sübutun istənilməsinə dair verilmiş şifahi vəsatəti təmin etməyərək, işin obyektiv, hərtərəfli və tam həllində maraqsız olduğunu biruzə vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X28 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq X10 vətəndaş Cavabdeh2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bələdiyyənin 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamının etibarsız sayılaraq ləğv edilməsi barədə 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərarını təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 etibarnamə əsasənda nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, X10 vətəndaş Cavabdeh2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bələdiyyənin 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamının etibarsız sayılaraq ləğv edilməsi barədə 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərardan məlumatları olmamışdır və bu Qərarın qanunsuzluğu ilə bağlı müvafiq orqanlara müraciət edəcəklər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 etibarnamə əsasında nümayəndəsi X26 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X10 09 avqust 2004-cu il tarixli 4 ayrı sərəncamının surətlərindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan hər biri 600 kv.m. olan 4 ayrı torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün müvafiq olaraq vətəndaşlar X7, X12, X20 və X3 alqı-satqı qaydasına mülkiyyətinə ayrılması barədə sərəncam verilmişdir. İş materiallarından aydın olur ki, yuxarıda adları çəkilən şəxslərdən X19 və X18 Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş 12.06.2015-ci il tarixli etibarnamələrə əsasən İddiaçı onlara ayrılmış həmin torpaq sahələrini idarə etməyi və onlar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi 80 il müddətinə (qüvvədə olma tarixi 12.06.2095-ci il), X25 adından etibarnamə əsasında hərəkət edən X37 isə Bakı şəhəri 26 saylı notariat kontorunda təsdiq edilmiş 04.07.2014-cü il tarixli etibarnaməyə əsasən İddiaçı Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən və X16 ayrılan torpaq sahəsinə sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müvafiq müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 7 il 1 ay müddətinə (qüvvədə olma tarixi 04.08.2021-ci il) etibar etmişlər. İş materiallarında olan həmin bələdiyyənin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamına əsasən, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 900 kv.m. boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh2 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir; həmçinin tərəflər arasında həmin torpaq sahəsinə dair tarixsiz “Torpaqların alqı-satqısına dair Akt” bağlanmışdır. İş materiallarında olan X10 06.09.2019-cu il tarixli 876 saylı Arayışından görünür ki, həqiqətən də bələdiyyənin 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh2 adına 900 kv.m. torpaq sahəsi ayrılmışdır. Arayış Azərbaycan Respulikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim etmək üçün verilir. İş materiallarında olan X10 İddiaçı ünvanladığı 25.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, müraciətdə qeyd edilən torpaq sahələrinin ayrılması barədə eskiz sxemlərə əsasən torpaq sahələrinə yerində baxış keçirilmiş, baxış zamanı X10 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m. təşkil edən torpaq sahələrinin qonşu torpaq sahələri olmaqla bərabər, eskiz-sxemləri ilə uyğunluq təşkil etdikləri müəyyənləşdirilmişdir. İş materiallarında olan X10 məhkəmənin sorğusu əsasında əldə edilmiş 09.07.2021ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 adına X10 arxiv materiallarında yalnız X10 1778/1 saylı sərəncamı aşkar olunmuşdur. Vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün qəbul edilmiş qərardan sonra vətəndaş X22 ilə alqı-satqı müqaviləsi bağlanmalı, bələdiyyənin büdcə hesabına müəyyən əsaslarla maliyyə vəsaiti köçürməlidir. Qeyd olunan əməliyyatlar həyata keçirildikdən sonra X10 memarı müraciətlə ona torpaq sahəsinin ayrılması xahişini edən vətəndaşa koordinatları müəyyən edilməklə torpaq sahəsi ayrılaraq esgizcizgisi hazırlanıb təsdiq olunaraq təqdim olunur. Cavabdeh2 X22 ilə alqı-satqı müqaviləsi bağlamadığından ona verilmiş 1778\1 saylı sərəncam başa çatdırılmadan yarımçıq saxlanılmış ona görədə Cavabdeh2 X22 tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 01 oktyabr 2021-ci il tarixli Arayışından (Mütəxəssis rəyindən) görünür ki, X22 tərəfindən Binəqədi qəsəbə ərazisindən vətəndaş X13 09 avqust 2004-cü il tarixli, 1073 saylı Sərəncamla aynlmış 600 kv.m., vətəndaş X16 09 avqust 2004-cü il tarixli, 1074/1 saylı Sərəncamla ayrılmış 600 kv.m., X24 09 avqust 2004-cü il tarixli, 1075/1 saylı Sərəncamla ayrılmış 600 kv.m., vətəndaş X9 09 avqust 2004-cü il tarixli, 1076/1 saylı Sərəncamla aynlmış 600 kv.m. torpaq sahələrinin yerləşmə sxemlərində və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu X10 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı Sərəncamı əsasında aynlmış 900 kv.m. torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtəsindən məsafə olmadığından, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin yerləşmə sxemlərində göstərilmiş torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmadı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarına əsasən tərəflərin iştirakı ilə ölçülən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edildi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X28 X10 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərarını təqdim etmişdir.Həmin Qərardan görünür ki, vətəndaş Cavabdeh2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bələdiyyənin 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamı natamam olması əsası ilə etibarsız sayılaraq ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı, cavabdeh bələdiyyənin müvafiq sərəncamları ilə X13, X16, X24 və X9 ayrılmış torpaq sahələrini 2014 və 2015-ci illərdə satın aldığını, digər cavabdehin isə həmin torpaq sahələrini zəbt edərək orada tikinti işləri apardığını və həmin işləri dayandırma tələbinə məhəl qoymadığını istinad edərək, müvafiq iddia tələblərini irəli sürmüşdür. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı, cavabdeh bələdiyyənin müvafiq sərəncamları ilə X13, X16, X24 və X9 ayrılmış torpaq sahələrini 2014 və 2015-ci illərdə satın aldığını (başqa sözlə, həmin torpaq sahələrinin özünə məxsus olduğunu) və məhz ona məxsus torpaq sahələrinin digər cavabdeh tərəfindən zəbt olunduğunu bildirsə də, həmin hallara dair dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçının özünə məxsus olduğunu bildirdiyi torpaq sahələrinin ayrı-ayrı şəxslərin adlarına ayrıldığı, həmin şəxslərdən X7, X3 və X12 (onun adından çıxış edən X30) torpaq sahələrinə dair özündə geniş səlahiyyətləri ehtiva edən etibarnamələr verdikləri, sonuncunun adından verilmiş etibarnamənin müddətinin isə 04.08.2021-ci il tarixdə bitdiyi müəyyən edilmişdir (X24 ayrılmış torpaq sahəsinə münasibətdə isə iddiaçıya hər hansı etibarnamənin verilmiş olduğu belə, müəyyən edilmir). Nəticə etibarı ilə, iddiaçının mübahisəsini etdiyi torpaq sahələrindən sadəcə ikisinə – X13 və X9 ayrılmış torpaq sahələrinə münasibətdə təmsilçilik səlahiyyətlərinə sahib olduğu müəyyən edilmiş, bununla belə o, hazırkı iddianı onların (təmsil edilənlərin) adından deyil, bilavasitə öz adından qaldırmışdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 362.1-ci maddəsinə görə isə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Bu mənada məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə kollegiyası əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya apellyasiya baxışı zamanı İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X15 təqdim etdiyi X10 vətəndaş Cavabdeh2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bələdiyyənin 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamının etibarsız sayılaraq ləğv edilməsi barədə 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərarına münasibətdə qeyd edir ki, həmin 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərarın qəbul edilməsi cavabdehin müvafiq torpaq sahəsinə subyektiv hüququnun itirilməsinə səbəb ola bilər, lakin hazırkı halda yenə də iddiaçıya mübahisəli torpaq sahələrinə dair hər hansı hüquq vermir. Məhkəmə kollegiyası iddia tələblərinin əsassız olduğu qənaətinə gələrkən yuxarıda şərh edilənlərlə yanaşı həmçinin onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin araşdırılması zamanı əldə edilmiş mütəxəssis rəyində, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarına əsasən tərəflərin iştirakı ilə ölçülən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu göstərilmişdir ki, işin qeyd edilən halı da iddia tələblərinin əsassız olduğu mənasına gəlir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X22 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər iddia ərizəsi ilə oxşar məzmunlu olmaqla onlara yuxarıda qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, e-2(001)- 4535/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar