Məhkəmə qərarları › İş №2(103)-1152/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1152/2023

07.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1152/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı əmək müqaviləsi əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətində elektrik çilingəri vəzifəsində çalışmışdır. İddiaçı tərəfindən dəfələrlə əmək və texnoloji intizamın pozulması halına yol verilmiş və bu səbəbdən onunla "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. İş materiallarında olan, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Y-141 saylı, 29 iyun 2022-ci il tarixli əmrindən görünür ki, müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol verdiyi üçün Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının İV ventilyasiya sahəsinin elektrik çilingəri İddiaçı (7928) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.(İş.v. 8).

3. İş materiallarında olan, X3 İttifaqı İcraiyyə Komitəsinin 80 saylı, 29 iyun 2022-ci il tarixli protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İcraiyyə Komitəsinin 26 nəfər üzvündən 22 nəfərinin iştirakı ilə "xxxx" QSC-nin sədrinin məktubuna (təqdimatına) baxılmışdır. Əlavə edilmiş sənədlərdə iddiaçının işdən azad edilməsi üçün əsas kimi qeyd edilən hallar müfəssəl şəkildə qeyd olunmuşdur. Protokoldan çıxarışa xx.xx.2022-ci il tarixli akt; iddiaçı barədə istehsalat xasiyyətnaməsi; "xxxx" QSC-nin 26 iyul 2021-ci il tarixli intizam məsuliyyətinin tətbiqi haqqında 630 saylı əmr; "xxxx" QSC-nin Elektromexanika xidməti rəisi yanında keçirilmiş 02 iyul 2021-ci il tarixli müşavirənin 9 saylı protokolu; QSCnin X1 İttifaqına ünvanladığı 23 iyun 2022-ci il tarixli 40N-10/3-804 saylı məktub; "xxxx" QSC-nin 05 oktyabr 2021-ci il tarixli intizam məsuliyyətinin tətbiqi haqqında 911 saylı əmr; QSC-nin Elektromexanika Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 40 saylı 28 iyun 2022ci il tarixli protokolundan çıxarış; həmin Xidmətin 2 saylı distansiyasının rəisi L.Mustafayevə İV ventilyasiya sahəsinin ustası Ceyhun Əliyevin təqdimatı; Xidmətin 2 saylı Elektromexanika distansiyasında keçirilən iclasın 25 aprel 2022-ci il tarixli 1 saylı protokolu; digər akt, izahat və s. sənədlər əlavə edilmişdir. Qərara alınmışdır ki, "xxxx" QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının İV ventilyasiya sahəsinin metropoliten avadanlıqlarına xidmət üzrə elektrik çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmiş və müsbət rəy verilmişdir. (İş.v. 51-80) İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 29 iyun 2022-ci il tarixli, X-141 saylı əmrinin ləğv edilməsi, Elektromexanika xidmətinə 4-cü dərəcə ilə elektrik çilingəri vəzifəsinə bərpa olunması, 29 iyun 2022-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin ona dəymiş 2.000 manat mənəvi zərərin ödənilməsi və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 10 noyabr 2015-ci il tarixdə onunla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə əsasən, o, həmin metropolitendə Elektromexanika xidmətinə 3-cü dərəcə ilə elektrik çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Kadr Komissiyasında iştirak edərək və imtahandan 100 % nəticələr göstərərək xx.xx.2020-ci il tarixdə "xxxx" QSC Sədrinin əmri ilə 4-cü dərəcə elektrik çilingəri dərəcəsinə layiq görülmüşdür. Cavabdeh Metropolitenin sədrin ümumi işlər üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Tərlan Dadaşov tərəfindən imzalanmış X-141 saylı, 29 iyun 2022-ci il tarixli əmrə əsasən onunla bağlanmış (7928) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol verdiyi əsası ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin çıxarılmasına əsas kimi guya o, iş yerində işcilərə kobud rəftar etmiş, sahə ustasının tapşırıqlarına vaxtında və düzgün əməl etmədiyi göstərilmişdir. Həmçinin guya o, əmək və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan işə gecikmə hallarına da dəfələrlə yol vermişdir. Bununla bağlı 01 iyun 2022-ci il tarixdə Elektromexanika xidmətinin rəisi yanında araşdırılma müşavirəsi keçirilmiş və iclasın nəticəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərarı məqbul hesab edilmişdir. Daha sonra onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi ilə bağlı münasibət bildirməsi üçün X3 İttifaqına "xxxx" QSC sədrinin xx.xx.2022-ci il tarixli 40N-10/3-804 saylı məktubu ilə müraciət edilmiş və toplanmış bütün materiallar onlara təqdim olunmuşdur. X3 İttifaqının xx.xx.2022-ci il tarixdə keçirilmiş araşdırma müşavirəsinin 80 saylı protokolundan çıxarışın nəticəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə müsbət rəy vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan əmrdə onun sahə ustası tərəfindən hansı tapşırığı vaxtında və düzgün əməl etmədiyini, hansı əmək və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğunu, nə vaxt, neçə dəfə və neçə saat üzrlü səbəb olmadan işə gecikdiyini konkret olaraq hansı qeyri-qanuni əməl törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Belə ki, ona, öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazması üçün dəfələrlə Metropoliten tərəfindən təzyiqlər göstərilmişdir. Lakin o, heç bir kobud pozuntuya yol vermədiyi üçün, 7 il əziyyətini, ömrünü həmin Metropolitenə verdiyi üçün işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Qeyd edilən heç bir müşavirələrdən onun xəbəri olmayıb, heç bir iclasda iştirak etməmişdir və heç bir protokola, akta imza atmamışdır. Hesab edir ki, Metropolitenin işçi heyəti ona qarşı qərəzlidirlər və hər yola əl ataraq onu işdən çıxartmaq üçün qeyri-mötəbər sübutlara istinad etmişlər. Bir daha qeyd edir ki, o, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmamışdır. Onun əmək fəaliyyəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Qeyd etmək istəyir ki, həmin əmr ona iş vaxtı 30 iyun 2022-ci il tarixdə təqdim edilmişdir. Əmri aldıqdan sonra həmin gün özünü çox pis hiss etmişdir, həm psixoloji sarsıntı keçirmişdir, həm fiziki. Bunu görən ustalar ona təcili yardım çağırmışlar və ondan sonra artıq evində müalicə almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, neçə illərdir məcburi köçkündür və onun üçün iş yeri və əmək haqqını itirməsi haqsız yerdə böyük itkidir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İşsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyan 2.000 manatdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-4403/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev), İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı "xxxx" QSC-nin Elektromexanika xidməti 2 saylı elektromexanika distansiyasının ventilyasiya sahəsinin elektrik çilingərinin vəzifə təlimatının 2.3, 2.6, və 2.7-ci bəndlərinə riayət etməməklə, verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirməmiş, sahədə istismar olunan avadanlıqlara texnoloji proses cədvəli üzrə qulluq göstərməmiş, həmin avadanlıqlara texniki baxış keçirməmiş, iş vaxtından bir qədər əvvəl işə gəlməli olduğu halda dəfələrlə işə gecikmiş, xx.xx.2021-ci il tarixində gündüz növbəsinə gəlməmiş və bu barədə heç kimə məlumat verməmiş və bu kimi hallara dəfələrlə yol verərək, iş prosesinin gedişatına mənfi təsir göstərməklə, əmək və icra intizamının normal ahəngininin pozulmasına səbəb olmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəllənin (bundan sonra - ƏM) 2.1, 10, 68, 70, 71, 72, 76.1, 83, 84, 186, 311-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

10. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

11. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, əmrdə onun sahə ustası tərəfindən hansı tapşırığı vaxtında və düzgün əməl etmədiyi, hansı əmək və müəssisədaxili nizamintizam qaydalarını kobud şəkildə pozduğu, nə vaxt, neçə dəfə və neçə saat üzürlü səbəb olmadan işə gecikdiyi, konkret olaraq hansı qeyri-qanuni əməl törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Həmçinin həmin əmri Sədrin ümumi işlər üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Tərlan Dadaşov imzalamışdır. Halbuki, vəzifə təlimatın 1.5-ci maddəsinə əsasən Elektrik çilingələrinin vəzifəyə təyin olunması, yerinin dəyişdirilməsi və işdən azad olunması xidmət rəisinin təqdimatına əsasən "xxxx" QSC-nin sədri tərəfindən həyata keçirilir. "xxxx" QSC işçilərinin əmək intizamı haqqında Nizamnamədən görünür ki, işçi bir intizam pozuntusuna görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə araşdırması zamanı tərəfindən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyinə dair iddialar öz təsdiqini tapmamışdır. Ona, öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazması üçün dəfələrlə Metropoliten tərəfindən təzyiqlər göstərilmiş, o, heç bir kobud pozuntuya yol vermədiyi üçün işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Qeyd edilən heç bir müşavirələrdən onun xəbəri olmayıb, heç bir iclasda iştirak etməmişdir və heç bir protokola, akta imza atmamışdır. Onun əmək fəaliyyəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə, işsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyan 2.000 manatdır. Proses iştirakçılarının izahatı:

12. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin etibarnamə əsasında nümayəndəsi X7 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

17. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsi:

18. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

19. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

20. 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

21. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

22. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

23. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

24. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

26. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verildiyini və iddiaçını işdən azad etdiyini, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslı olduğunu, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğunu, əmək müqaviləsinin ləğv edilməsi səbəbinin qeyd edildiyini, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqlarının pozulmadığını, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam verilməmişdən öncə iddiaçı barəsində bir neçə dəfə intizam tənbehlərinin tətbiq edildiyini və məhz həmin tənbehlərin tətbiq edilməsindən sonra iddiaçının hərəkətlərində hər hansı bir müsbət dəyişikliyin baş vermədiyin, habelə bu növ hərəkətlərə təkrarən yol verdiyini nəzərə alıb, hesab etmişdir ki, bu hallar cavabdehə (işəgötürənə) kifayət qədər əsas yaratmışdır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin. Bu səbəbdən də iddia əsassızdır və təmin edilə bilməz.

41. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, məhkəmə araşdırması zamanı tərəfindən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyinə dair iddialar öz təsdiqini tapmamış, ona, öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazması üçün dəfələrlə Metropoliten tərəfindən təzyiqlər göstərilmiş, heç bir müşavirələrdən onun xəbəri olmamış, heç bir iclasda iştirak etməmiş və heç bir protokola, akta imza atmamışdır. Onun əmək fəaliyyəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə, işsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur.

42. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, İddiaçı şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.

43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.

44. Belə ki, "xxxx" QSC-nin “İntizam məsuliyyətinin tətbiqi haqqında” 630 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının V ventilasiya sahəsinin elektrik çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sözügedən əmrdə İddiaçı ərizəsi nəzərə alınmaqla, onun vakant yer olan İV ventilasiya sahəsinə elektrik çilingəri peşəsinə keçirilməsi və analoji şikayətlər təkrarlansa ona qarşı daha ciddi tədbirlərin görüləcəyi müfəssəl şəkildə qeyd edilmişdir.

45. Həmçinin, "xxxx" QSC-nin “İntizam məsuliyyətinin tətbiqi haqqında” 911 saylı. xx.xx.2021-ci il tarixli əmri ilə Elektromexanika xidmətinin 2 saylı distansiyasının İV ventilasiya sahəsinin elektrik çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilmişdir.

46. Bundan başqa, birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, iddiaçı nəinki əmək funksiyalarının pozulmasına yol vermiş, habelə onunla birgə çalışan digər işçilərə də mənfi təsir göstərməklə, onların haqlı narazılıqlarına səbəb olmuşdur. Belə ki, iddiaçının davranışları ilə bağlı məsələyə baxılarkən çıxış edən şəxslər iddiaçının yol verdiyi bütün neqativ davranışları sadalamışlar. Bu cür hərəkətlər özünü digər işçilər barədə təhqiramiz ifadələrin işlədilməsi, güc tətbiq edəcəyi barədə hədələr; bir işçidən digər işçiyə doğru olmayan xəbər çatdırma; işçilərin arasında yanlış təbliğat və s. bu kimi davranışlarda büruzə vermişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində məhkəmə araşdırması zamanı tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyinə dair iddiaların öz təsdiqini tapmadığını, ona, öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazması üçün dəfələrlə Metropoliten tərəfindən təzyiqlər göstərilməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

50. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

53. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar