Məhkəmə qərarları › İş №2(103)-1154/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1154/2022

12.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1154/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-6618/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.07.2021ci il tarixli K-136 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6618/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Onun müddətli əmək müqaviləsinə xitam verilməsi barədə 02.07.2021-ci il tarixli əmr qanunsuzdur, çünki o həmin gün işdə olmuşdur, əmrdən xəbəri olardı, hesab edir ki, əmr o xəstə olduğu dövrdə verilmişdir. Həmçinin onunla əmək müqaviləsi 2018-ci ildə bağlanmış, "xxxx" MMC ilə onun arasında müddətli əmək müqaviləsi bağlanmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi L.Məmmədova şikayətlə razılaşmayaraq qeyd etdi ki, iddiaçı ilə bağlanan əmək müqaviləsi müddətli olaraq 02.07.2018-ci il tarixdə bağlanmış, Mərkəzin 02.07.2018-ci il tarixli K-93 saylı əmri ilə təsdiq edilərək, iddiaçı Bakı Layihə-Tədqiqat İdarəsinə işə qəbul olunmuşdur. İddiaçının iş fəaliyyətinə ehtiyac olması səbəbindən onun əmək müqaviləsi tərəfərin razılığı ilə eyni müddətə uzadılmış, Mərkəzin 02.07.2021-ci il tarixli, K-136 saylı əmri ilə həmin tarixdən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə 02.07.2021-ci il tarixli əmr də elə həmin gün elektron sistemə yüklənmişdir. Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Cavabdeh MMC-nin direktoru X4 ilə İddiaçı 3 ay sınaq müddəti müəyyən edilməklə 1 il müddətinə Bakı Layihə-Tədqiqat İdarəsinin 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin direktoru səlahiyyətlərini icra edən A.Tağıyevin 02.07.2021-ci il tarixli K-136 saylı əmri ilə İddiaçı 02.07.2021-ci il tarixindən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 02.07.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, 02.07.2021-ci il tarixdə də bildiriş elektron informasiya sisteminə daxil edilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 03.07.2021-ci il tarixdən 05.07.2021-ci il tarixədək müvafiq diaqnozla işdən azad edilir. X2 tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli, İMS A 003/21 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, İddiaçı Layihə-Tədqiqat Mərkəzi” MMC-yə qarşı qaldırılmış “əmrin ləğvi və işə bərpa barədə” mübahisə üzrə 28.09.2021-ci il tarixində, saat 18:00-19:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 45ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Kollegiya qeyd edir ki, mülki işdə olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun uzadılmış, 02.07.2021-ci il tarixdə uzadılmış növbəti 1 il müddət bitdiyinə görə, həmin tarixli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, iddiaçının apellyasiya şikayətinin əsas dəlili əmrin 02.07.2021-ci il tarixdə yox, digər tarixdə verilməsi ilə bağlıdır. Hesab edir ki, əmr onun xəstəliklə əlaqədar məzuniyyətdə olduğu dövrdə verilib. Halbuki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 02.07.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, elə 02.07.2021-ci il tarixdə də bildiriş elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətinin yeganə dəlili, yəni əmək müaviləsinə xitam verilməsi barədə əmrin 02.07.2021-ci il tarixdə yox, başqa tarixdə verilməsi ilə bağlı dəlilləri təsdiq edilmədiyindən onun şikayəti təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət etməklə xitam vermiş, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-6618/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar