Məhkəmə qərarları › İş №2(103)-1154/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1154/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1154/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3504/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan onun adına keçmiş və bu barədə xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. Bu mənzil ona anasından qalmışdır.Həmin mənzildə keçmiş həyat yoldaşı Cavabdeh qeydiyyatda qalmışdır. O, könüllü olaraq ona mənzildən pasport qeydiyyatından çıxmasını xahiş etmiş, dəfələrlə tələb etsə də, cavabdeh razılaşsa da bununla bağlı hər hansı hərəkət etməmişdir. Əlavə olaraq qeyd etdi ki, rəhmətlik anası müəssisədə işləyib və ona ev verilib, 2017-ci ildə isə həmin ev vərəsəliklə ona keçmişdir. Cavabdehlə nikahları 2024-cü ildə pozulub və onun hal-hazırda harada yaşadığını bilmir. İddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3504/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32.2.2 və 32.3-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, əmlak birgə nikah dövründə əldə olunmuşdur və bu səbəbdən də iddia təmin edilə bilməz. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin həlli ilə bağlı müdiasiya prosesində iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən prosessual normalar pozulmaqla baxıldığından Xəzər Rayon Məhkəməsinin 2(003)- 3504/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.2-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir : ........ 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr - nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. İşin hallarından görünür ki, tərəflər 1997-ci ildən rəsmi nikahda olmuş və bu nikah sonradan 2024-cü ildə müvafiq qətnamə əsasında pozulmuşdur. Hazırda isə iddiaçı nikahda olarkən onun mülkiyyətindəki mənzilə qeydiyyata salınmış cavabdehin (keçmiş arvadının) iştifadə hüququnun itirilməsini xahiş edir. Göründüyü kimi mübahisə tərəflərin ailə münasibətlərində olduğu dövrdə baş vermiş hadisədən irəli gəlir. Bu səbəbdən mübahisənin məhkəmədən əvvəl ilkin mediasiya sessiyasından keçməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3504/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar