Məhkəmə qərarları › İş №2(103)-1155/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1155/2025

24.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1155/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-3587/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh təşkilatda qiymətləndirici vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2024-cü il tarixli 0012 nömrəli əmri ilə ləğv edilib (iş v. 68). Buna əsas iddiaçının (işçinin) təşəbbüsü olub. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək xahiş edib ki, xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilsin (iş v. 75). Əmrdə hüquqi əsas kimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad olunub. Həmin maddəyə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinin ləğvi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 3.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.Cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.İddiaçı iddia edir ki, cavabdeh təşkilatın rəhbərliyi əmək müqavilənin ləğvi barədə ərizə yazması üçün ona təsir göstərib. İddiaçı həmin təsiri belə izah edir ki, işəgötürən onu törətmədiyi əməl barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyi ilə hədələyib. Lakin hüquq mühafizə orqanlarına müraciət təsir hesab olunmur, çünki adından da göründüyü kimi həmin orqanlar hüququn mühafizəsi ilə məşğul olur və əsassız müraciətlər bu orqanlar tərəfindən rədd olunur. 8.İşçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi birtərəfli əqddir. Əqd anlayışına görə, o, həm də münasibətin xitamına yönələn iradə ifadəsidir. İşçi ərizə yazmaqla əmək münasibətinin xitamına yönələn birtərəfli iradə ifadə edir. Odur ki, əqdin etibarsızlığına aid olan qaydalar belə ərizələrə də şamil olunur. AR Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, bütün məcburetmələr deyil, 339.4-cü maddədə göstərilən əlamətlərə malik olan məcburetmə əqdin etibarsılığına səbəb olur. Lakin işəgötürənin işçiyə qarşı belə məcburetmə tətbiq etdiyi müəyyən olunmur. 9.Beləliklə, məhkəmə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin və 69-cu maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-3587/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar