Məhkəmə qərarları › İş №2(103)-11552/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11552/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11552/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(004)-4902/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh1 MTK-nın binasının 1 girişində 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin ona təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış 22 yanvar 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 2 otaqdan ibarət, ümumi sahəsi 98.8 kv.m olan, binanın 14-cü mərtəbəsində yerləşən 102 nömrəli mənzili ona verməyi öhdəsinə götürmüşdür. O isə müqaviləyə əsasən mənzili qəbul etməyi və müəyyənləşdirilmiş 60268 manat pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. O müqavilə üzrə öhdəliklərini icra edərək mənzilin haqqını tam şəkildə ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzili vaxtında təhvil verməmiş, yalnız 2017-ci ildə natamam binanın 14-cü mərtəbəsində yerləşən 102 nömrəli mənzilə qapı qoymağına icazə vermişdir. Mənzilə qapı qoyduqdan sonra işləri ilə əlaqədar Rusiya Federasiyasında olduğundan və pandemiya ilə əlaqədar ölkəyə gələ bilmədiyindən, bu yaxınlarda mənzilə gəldikdə mənzilinin qapısının dəyişdirildiyini görmüşdür. Məsələni aydınlaşdıranda məlum olmuşdur ki, ona məxsus mənzili 2018-ci ildə Cavabdeh2 vermişlər. Əslində isə Cavabdeh2 2018-ci ildə aldığı mənzil 12-ci mərtəbədə yerləşir, lakin həmin mənzil başqasına satıldığı üçün sonuncuya qanunsuz olaraq ona məxsus mənzili vermişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(004)- 4902/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Müqavilənin tarixinin daha əvvəl olması hələ onun ilkin bağlanması anlamına gəlməməlidir. Eyni mənzilə dair 2 fərqli müqavilə olduğuna görə ekspertiza keçirilməli idi. Cavabdeh MTK məhkəmə iclaslarında iştirak etməmiş, tələb edilən sənərləri təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, mübahisə ilə bağlı «İctimai TV» tərəfindən hazırlanmış reportajda cavabdeh ona 12-ci mərtəbədən mənzil satıldığını, sonradan 14-cü mərtəbəyə dəyişdirildiyini bildirmişdir. Bu da aşkar şəkildə ona dəlalət edir ki, cavabdehlə müqavilə arxa tarixə bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və nümayəndəsi-vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Sonuncu həmçinin qeyd etdi ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün həm də subyektiv hüquqa malik deyil, belə ki, hətta hesab olunsa ki, mübahisəli mənzili iddiaçı daha əvvəl almışdır və cavabdehlə müqavilə arxa tarixə bağlanmışdır, cavabdehə qarşı iddia qaldırmaq üçün iddiaçı mənzilin dəyərini tam ödəməli idi, lakin işdə olan və maliyyə arayışları adlanan, lakin faktiki təyinatı ödəniş qəbzi olan ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı mənzilin dəyərini tam ödəməmişdir, yəni iddiaçı mənzilə görə 60268 manat ödəməli olduğu halda, cəmi 57000 manat ödəmişdir, bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl olunmamışdır ki, bu da MTK tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh (nüməyəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 22.01.2009cu il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “Yeni Yasamal MTK”-nın tikilməkdə olan binasında 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin ümumi dəyəri olan 60268 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 22.01.2009-cu il tarixli maliyyə arayışına əsasən binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan102 saylı mənzilin pay dəyərindən 20000 manat; 10.03.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 6000 manat; 18.09.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 10000 manat; 08.04.2010-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 21000 manat Cavabdeh1 MTK-ya İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “Yeni Yasamal MTK”-nın tikilməkdə olan binasında 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin ümumi dəyəri olan 49400 manatı ödəməyi öhdəsinə götürmüşdür. 30.03.2007-ci il tarixli maliyyə arayışından görünür ki, binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzilin pay dəyərindən 49400 manat "Yeni Yasamal” MTK-ya Cavabdeh2 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08.10.2021-ci il tarixli məhkəmə sorğusuna gələn cavab məktubundan görünür ki, Cavabdeh2 və İddiaçı tərəfindən istintaq dövründə hər hansı müraciət daxil olmadığından həmin şəxslər ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş qismində tanınmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və binanın 1-ci giriş sakinlərinin imzaları ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Cavabdeh2 2017-ci ilin əvvəlindən Yasamal rayonu, Xiyabani küçəsi, Cavabdeh1 MTK – nın balansında olan 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 102 saylı mənzildə yaşayır. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzil barəsində ilkin olaraq Cavabdeh2 ilə 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, eyni zamanda iddiaçı ilə 22.01.2009-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Cavabdeh onunla bağlanmış 30.03.2007-ci il tarixli müqavilə üzrə mənzilin əvvəlcədən müəyyənləşdirilmiş dəyərini tam olaraq ödəmiş və mənzil ona təhvil verilmişdir. Mülki işin mübahisəsiz halı eyni zamanda ondan ibarətdir ki, Cavabdeh2 həmin mənzili təmir etdirmişdir və hazırda həmin mənzildə yaşayır. Göründüyü kimi cavabdeh MTK tərəfindən mübahisəli mənzil iki şəxsə satılmışdır. İddiaçı cavabdehə mübahisəli mənzilin 2018-ci ildə verildiyini, əslində onun mənzilinin 12-ci mərtəbədə yerləşən mənzil olduğunu bildirsə də, bu hal sübuta yetirilməmiş, əksinə iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Cavabdeh mənzilə sahiblik etməyə başlamaqla, onun üzərində qanuni hüquqları yaranmışdır. Belə ki, mübahisəli mənzili cavabdeh alaraq, orada təmir işləri aparmışdır və 2017-ci ildən həmin mənzildə yaşayır. Cavabdehlə mübahisəli mənzilə dair müqavilə daha əvvəl bağlanmış, cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmiş və mənzil cavabdehə təhvil verilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli 102 nömrəli mənzilə dair ilkin müqavilənin (30.03.2007-ci il) cavabdehlə bağlanması, cavabdeh tərəfindən mənzilin təhvil alınması və hazırda orada yaşaması həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq, iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı mübahisəli mənzilin dəyərinin tam ödənilməsi barədə sübut təqdim etməmişdir, belə ki, müqaviləyə əsasən mənzilin dəyəri 60268 manat təşkil etdiyi halda, iddiaçı cəmi 57000 manat ödəmişdir. Belə olan halda isə həmin vaxt qüvvədə olan Mülki Məcəllənn 178.8-ci maddəsinin dispozisiya şərtləri baxımından mülkiyyət hüququ əldə etməmişdir, belə ki, həmin normaya görə, yalnız mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4902/2021 saylı iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar