Məhkəmə qərarları › İş №2(103)-11555/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11555/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11555/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili Vəkil1, İddiaçının nümayəndələri X6 və Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X7 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh7 və maraqlarına toxunan şəxs Maraqlı şəxs Mayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25.09.2020-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 1760,40 manat, Cavabdeh4 Süleymn oğlundan 369 manat, Cavabdeh5 408 manat, Cavabdeh2 240 manat, Cavabdeh3 - 309,6 manat, Cavabdeh8 Əlikiram oğlundan 252 manat, Cavabdeh6 459 manat və Cavabdeh7 369 manat tutularaq iddiaçıya ödənilməsi, 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu və digər sənədlər əsasında, İddiaçı MMMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışla təmin edilmişdir. Cəmiyyətinin ümumi yığıncağının 11.01.2020-ci il tarixli protokoluna (qərarına) əsasən yaşayış sahəsinin hər kvadrat metri üçün 0,30 qəpik, binanın daxilindəki qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,40 qəpik, binanın ətrafındakı qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,20 qəpik, binanın zirzəmisində sahə mülkiyyətçisi olmayan şəxslər üçün 1 avtomobil üzrə aylıq icarə haqqı 60 manat, binanın zirzəmisində sahə mülkiyyətçisi olan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 20 manat müəyyən edilmişdir. Cavabdehlər vaxtlı-vaxtında xidmət haqlarını ödəmədiklərindən 25.09.2020-ci il tarixədək, Cavabdeh1 - 1760,4 manat (9 ay), Cavabdeh4 - 369 manat (9 ay), Cavabdeh5 - 408 manat (8 ay), Cavabdeh2 - 240 manat (8 ay), Cavabdeh3 - 309,6 manat (9 ay), Cavabdeh8 Əlikiram oğlu - 252 manat (9 ay), Cavabdeh6 - 459 manat (9 ay), Cavabdeh7 - 369 manat (9 ay) xidmət üzrə Cəmiyyətə borc yığılıb, qalmışdır. Bina sakinləri olmaqla cavabdehlər binanın saxlanması, binaya xidmət haqlarını digərləri ilə eyni qaydada, sahələrinə (paylarına) uyğun ödəməli olduqlarına baxmayaraq, heç bir üzrlü səbəb olmadan, qəsdən ödəmirlər. Bu da MMMCnin yaşayış binasının saxlamaq xərclərinin ödənilməsində çətinliklər yaradır. Xidmətlə bağlı ödənişlər vaxt-aşırı olduğundan, aylar keçdikcə, borcun məbləği də artır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq olmağına baxmayaraq borcun ödənilməsindən boyun qaçırırlar. İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh5 və Cabbarov Əlikiram tərəfindən MMMC-yə olan borcun tam ödənildiyini göstərmiş, onların cavabdehlərin sırasından çıxarılmasını, 30.04.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 2934 manat, Cavabdeh4 - 415 manat, Cavabdeh2 - 430 manat, Cavabdeh3 - 516 manat, Cavabdeh6 - 594 manat, Cavabdeh7 - 415 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01.06.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 3120 manat, Cavabdeh4 - 633,60 manat, Cavabdeh2 - 459,60 manat, Cavabdeh3 - 551 manat, Cavabdeh6 - 787,20 manat, Cavabdeh7 - 316,80 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 tərəfindən MMMC-yə olan borcun tam ödənildiyini, 87 saylı mənzilin mülkiyyətçisinin X9 olduğunun müəyyən edildiyini göstərmiş, Cavabdeh3 cavabdehlərin sırasından çıxarılmasını, X5 cavabdeh kimi cəlb olunmasını, 01.06.2021-ci il tarixə kimi mövcud borca görə Cavabdeh1 - 3120 manat, Cavabdeh4 - 633,60 manat, Cavabdeh2 - 459,60 manat, X2 - 787,20 manat, Cavabdeh7 - 316,80 manat, hüquqi xidmətə görə ödənilmiş 600 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 3120 (üç min yüz iyirmi) manat; Cavabdeh7 316 (üç yüz on altı) manat; Cavabdeh4 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat; Cavabdeh2 459,60 (dörd yüz əlli doqquz manat 60 qəpik) manat və cavabdeh X2 387 (üç yüz səksən yeddi) manat məbləğində kommunal xidmət haqqı borcu tutularaq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i yəni, 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%-i yəni, 15 (on beş) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq "xxxx" MMMC-nin xeyrinə ödənilməsi, hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlərdən Cavabdeh1 və Cavabdeh7, eləcə də maraqlarına toxunan şəxs X8 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarəyə verdiyi həmin qeyriyaşayış sahəsi 590.0 kv.metrdir və "xxxx" MMMC tərəfindən də bina xidmətlərindən demək olar ki, istifadə etmədiyi oçün onun hər bir kv.metri üçün aylıq 0,10 manat kommunal xərc müəyyən olunmuşdur. Sadəcə MMMC-nin rəhbəri dəyişəndən sonra (25.08.2020) həmin şəxs köhnə tarixə bir protokol tərtib edərək məhkəməyə təqdim etmiş və məhkəmə də öz qətnaməsində qeyriyaşayış sahəsinin hansı kvadratına və hansı məbləğdən hesablayaraq borc tutduğunu əsaslandırmamışdır. Məhkəmə iş üzrə əhəmiyyətli olan bu halları bir kənara qoyaraq iddiaçının İddiaçı MMMC-nin Ümumi Yığıncağının 11 yanvar 2020-ci il tarixli Protokolu kimi təqdim etdiyi və tamamilə etibarsız olan bir kağıza əsaslanaraq qətnamə qəbul etmişdir. Həmin protokolu sədr kimi imzalayan şəxs X6 olmuşdur. Halbuki, həmin şəxsin iş üzrə mövcud olan Ədliyyə Nazirliyinin Qeyri- Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən 25.08.2020-ci ildən qurumun qanuni təmsilçisi kimi qeydiyyata alındığı məlum olur. Eyni zamanda həmin çıxarışdan da məlum olur ki, bu cür təmsilçiliyin (sədrliyi) qeydiyyatına əsas ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu əsas olmuşdur. Demək ki, X1 25.08.2020-ci il tarixdən səlahiyyətli olduğu mübahisəsizdir. Belə olan halda məhkəmə bu şəxsin 7 ay əvvəlki tarixə tərtib edib iş materiallarına əlavə etdiyi protokola əsaslanaraq qətnamə qəbul etməkdə haqlı olmamışdır. Ümumiyyətlə, belə bir iclas həmin tarixdə keçirilməmişdir. Keçirilmiş olsa idi, qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçilərə bu barədə bildiriş göndərilməklə digər tələblərə əməl olunmalı idi ki, bu cür hallar da olmamışdır. Yuxanda qeyd etdiyi əsaslar bu protokolun 56 nəfər sahə mülkiyyətçilərinin iştirak etdiyi iclas protokolu olmadığı və sadəcə formal tərtib olunduğunu sübut edir. İddiaçı məhkəməyə bu protokolu sübut kimi təqdim edərkən, eyni zamanda məhkəmə də bunu sübut kimi qəbul edərkən iclasda iştirak etmiş 56 nəfər sahə mülkiyyətçilərinin şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə imzaları da iş materiallarında olmalı idi. Lakin, göründüyü kimi məhkəmə bu halların heç birinə əhəmiyyət verməmişdir. Cavabdeh7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Bakı şəhəri Yasamal rayonu X15 küçəsi 9 "B" ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasında mənzili yoxdur. Belə olan halda məhkəmənin heç bir sübuta əsaslanmadan onun hamin binada mənzili varmış kimi, həmin mənzilə görə kommunal xidmət haqqı ödəməyi qət etməsi ağlasığan hal deyil. Onun həmin binada mənzilinin olmamasına baxmayaraq ona məlum olmuşdur ki, olmayan mənzilinə görə məhkəmə ondan iddiaçının xeyrinə 316 manat kommunal xidmət haqqı tutmuşdur. Qətnamə ilə tanış olan zaman məhkəmə bunu nəyə əsasən və hansı əlamətli, neçə otaqlı, hansı sahədə olan mənzilə uyğun olaraq tutduğu aydın olmur. Sadəcə iddiaçının iddia ərizəsində ad və soyadını yazaraq həmin binada mənzilinin olduğunu və təmin olunan məbləğ qədərində xidmət haqqı verməli olduğu barədə qısa ifadəsinə əsasən məhkəmə hazırkı mübahisəli qənaətinə gəlmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Mayıl qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu X15 küçəsi 9 “B” ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi 12 yanvar 2019-cu il tarixdən onun icarəsindədir. Həmin qeyri-yaşayış sahəsində direktoru olduğu “Kreativ” uşaq inkişaf mərkəzi fəaliyyət göstərir. Mərkəz bağça fəaliyyəti deyil, kurs fəaliyyəti göstərir. İcarəyə götürdüyü sözügedən qeyri-yaşayış sahəsinin bütün kommunal, enerji, telefon abunə haqqı, vergi xərcləri və s. kimi xərclər müqaviləyə uyğun olaraq icarəyə götürdüyü tarixdən tərəfindən ödənilməkdədir. Bununla bağlı da tərəfindən 11 mart 2020-ci il tarixdə iddiaçı olan İddiaçı MMMC-yə hər kv.m 0,10 manat hesablanmaqla yanvar-dekabr (2020-ci il üçün) ayları üçün hər ay 59 manat hesablanmaqla cəmi 708 manat məbləğində kommunal xərc ödənilmişdir. İstifadə etdiyi qeyri-yaşayış sahəsinin ayrıca giriş-cıxışı olduğu üçün binanın göstərdiyi ümumi xidmətlərdən istifadə etməmiş və bu səbəbdən də İddiaçı MMMC tərəfindən aylıq kommunal xərc bu cür müəyyən olunmuşdur. Bir daha qeyd edilir ki, mərkəzi bağça fəaliyyəti göstərmir, sadəcə uşaqlar üçün müxtəlif kurs xidmətləri həyata keçirir ki, bu cür məşğələlər də 1-2 saat davam edir. Bu səbəbdən də binanın ümumi həyətindən, uşaqlar üçün nəzərdə tutulmuş meydançadan da istifadə olunmur. Qeyd etdiklərinə baxmayaraq ona yeni məlum olmuşdur ki, hazırkı mübahisəli qətnamə ilə icarədə olan həmin qeyri yaşayış sahəsinə görə mülkiyyətçidən iddiaçının xeyrinə 2020-ci ilin yanvar ayından hesablanmaqla 2021-ci ilin iyun ayına kimi 3120 manat məbləğində kommunal xidmət haqqı tutulmuşdur. Həmin qətnaməni rəsmi olaraq əldə edə bilməsə də surəti ilə tanış olan zaman ona məlum olmuşdur ki, məhkəmə kommunal xidmət haqqı müəyyən edərkən bu cür haqqı müəyyən etdiyi obyektin ümumi sahəsinin nədən ibarət olmasını belə araşdırmamışdır. Hesab edir ki, kommunal xidmət haqqı hər kv.metrə görə hesablandığı üçün məhkəmə ilk olaraq qeyri-yaşayış sahəsinin ölçüsünü araşdırmalı idi. Lakin, nə iddiaçı bu barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki məhkəmə bunu araşdırmamışdır. Nəticə etibarilə iddiaçının sadəcə təxmini olaraq yazdığı məbləği də məhkəmə kommunal xidmət haqqı olaraq təmin etmişdir. Qeyd edir ki, icarəsində olan Cavabdeh1 məxsus olan qeyri-yaşayış sahəsi 590.0 kv.metrdir və "xxxx" MMMC tərəfindən yuxarıda göstərdiyi səbəblərdən onun hər bir kv.metri üçün aylıq 0,10 manat kommunal xərc müəyyən olunmuşdur. Bu xidmət haqqı da apelyasiya şikayətinə əlavə etdiyi qəbzdən də göründüyü kimi tərəfindən 2020-ci il üçün tam şəkildə ödənilmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan bu halları bir kənara qoyaraq iddiaçının İddiaçı MMMC-nin Ümumi Yığıncağının 11 yanvar 2020-ci il tarixli Protokolu kimi təqdim etdiyi və tamamilə etibarsız olan bir kağıza əsaslanaraq qətnamə qəbul etmişdir. Həmin protokolu sədr kimi imzalayan şəxs X6 olmuşdur. Halbuki, həmin şəxsin iş üzrə mövcud olan Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən 25.08.2020-ci ildən qurumun qanuni təmsilçisi kimi qeydiyyata alındığı məlum olur. Eyni zamanda həmin çıxarışdan da məlum olur ki, bu cür təmsilçiliyin (sədrliyi) qeydiyyatına əsas ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu əsas olmuşdur. Demək ki, X1 25.08.2020-ci il tarixdən səlahiyyətli olduğu mübahisəsizdir. Belə olan halda məhkəmə bu şəxsin 7 ay əvvəlki tarixə tərtib edib iş materiallarına əlavə etdiyi protokola əsaslanaraq qətnamə qəbul etməkdə haqlı olmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 və iddiaçının nümayəndələri X6 və Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların və nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin apellyatorlara münasibətdə təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi apellyatorlar Cavabdeh1, Cavabdeh7 münasibətdə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMMC-nin təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan, 22.05.2019-cu il tarixdə 1119-MM6-0123 nömrə ilə AR Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Reyestrində qeydə alınmış, fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olan hüquqi şəxsdir. Fəaliyyət ərazisi Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 9B ünvanıdır. Cavabdeh4 qanuni təmsilçi olmuş, ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu əsasında X6 onu əvəz etmişdir. İddiaçı MMMC-nin ümumi yığıncağının 11.01.2020-ci il tarixli qərarına əsasən binanın sahə mülkiyyətçilərinin mütləq ödənişləri və haqları aşağıdakı qaydada müəyyən edilmişdir: - Yaşayış sahəsinin hər kvadrat metri üçün 0,30 qəpik; - Binanın daxilindəki qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,40 qəpik; - Binanın ətrafındakı qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 0,20 qəpik; - Binanın zirzəmisində sahə mülkiyyətçisi olmayan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 60 manat; - Binanın zirzəmisində sahə mülkiyyətçisi olan şəxslər üçün 1 avtomobil üzrə icarə haqqı 20 manat. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna 17.05.2021-ci il tarixli, **********50 nömrəli cavab məktubunun məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 9B, 64 saylı mənzil ilkin olaraq X10, 11 saylı mənzil ilkin olaraq Cavabdeh2, 87 saylı mənzil ilkin olaraq X5 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmin evin 52 və 57 saylı mənzillərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. 15.09.2016-cı il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 9B, 52 saylı mənzil Cavabdeh4 satılmışdır və mənzilin dəyəri tam ödənilmişdir. 10.03.2020-ci il tarixli, 676476 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh4 tərəfindən 52 saylı mənzilə görə İddiaçı MMMC-nin hesabına 360 manat məbləğində ödəniş edilmişdir. 10.03.2020-ci il tarixli, 676476 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, X9 tərəfindən 87 saylı mənzilə görə İddiaçı MMMC-nin hesabına 400 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi nəticəsinin maddi əsası kimi aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Mənzil Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Kollegiya qeyd edir ki, sadalanan qanunvericilik normaları çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirməsi hallarını tənzimləyr. Başqa sözlə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünə daxil olmasa da belə onu (mülkiyyətçini) ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Bunun üçün isə çoxmənzilli binanın sahə mülkiyyətçisi olmaq kifayətdir. Lakin birinci instansiya məhkəməsi Cavabdeh7 316 (üç yüz on altı) manat tutulması nəticəsinə gələrkən yalnız iddiaçının izahatlarına istinad etmiş, Cavabdeh6ün mübahisəli binanın sahə mülkiyyətçisi, yəni, 64 saylı mənzilin mülkiyyətçisi olmasına dair hər-hansı sübut təqdim edilməməsinə diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh6 münasibətdə səhvə yol vermişdir. Belə ki, Cavabdeh6 iddiaçının inşa etdiyi binanın sahə mülkiyyətçisi olmadığından, ondan kommunal xərclərə görə ödənişlərin tutulması yolverilməzdir. Kollegiya digər apellyatorlara münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi Cavabdeh1 3120 (üç min yüz iyirmi) manat tutulmalı olmasına dair nəticəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 9B ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bağça) Cavabdeh1 məxsusdur və onun həmin daşınmaz əmlaka görə bilavasitə qanunvericilin tələblərindən irəli gələn ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi yaranmışdır Apellyasiya şikayətinə əlavə edilmiş 12.12.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Quliyeva Natavan Mayıl qızı arasında Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 9B ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, 590 kv.m olan qeyriyaşayış sahəsinin icarəçinin istifadəsinə verir. İcarəçi 590.0 kv.m qeyri-yaşayış sahəsinin icarəyə qəbul edir. İcarəçi qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan işlərin xidmət göstərməsi ilə istifadə edir. Qeyri-yaşayış sahəsindən istifadənin aylıq haqqı 300 AZN təşkil edir. İcarə haqqı bir qayda olaraq hər ödəniş müddətinin ilk həftəsi 5-10 günə ödənilir və gəlir vergisi icarəçi tərəfindən ödənilir. İcarəçi haqqını 1 ay müddətində ödəmədikdə icarəyə verən bir tərəfli qaydada müqaviləyə xitam verərək onu icarə verənə qaytarır. İcarə müqaviləsi imzalandığı tarixdən 12.11.2020-ci il tarixə kimi qüvvədədir. (müqavilənin 1-6-cı bəndləri) Həmçinin apellyasiya şikayətinə əlavə edilmiş 11.03.2020-ci il tarixli, 676478 nömrəli mədaxil qəbzinin əslindən görünür ki, uşaq bağcası «Kreativ» tərəfindən İddiaçı MMMC-nin hesabına 2020-ci il üçün 708 manat məbləğində ödəniş edilmişdir. Ödəniş MMMC-nin möhürü və Cavabdeh4 imzası ilə təsdiq edilmişdir İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, həmin məbləğ MMMC-nin kassasına deyil, MMMC-nin əvvəlki rəhbəri olmuş şəxsə ödənilmişdir. Hesab edir ki, pul vəsaiti MMMC-nin kassasına mədaxil olmadığından yeni tariflə Cavabdeh1 3120 manat tutularaq, MMMC-nin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin sözügedən ödənişlə bağlı irəli sürdüyü dəlillər iddianın Cavabdeh1 münasibətdə əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış qeyri-sahəsi Cavabdeh1 mülkiyyətində olsa da, 12.12.2019-cu il tarixdən həmin sahə icarə müqaviləsi əsasında X3 istifadəsindədir. Həmin müqavilənin 8-ci bəndinə görə, bütün kommunal, enerji, telefon abunə haqqı, vergi və digər xərclər icarəçi tərəfindən ödənilir. Maraqlı şəxs apellyasiya şikayətinə əlavə etdiyi 676478 saylı mədaxil qəbzi ilə də təsdiq olunur ki, o, 01.01.2020-ci il tarixdə 01.01.2021-ci il tarixədək İddiaçı MMMC-nin hesabına kommunal xərclərə görə 708 manat pul vəsaiti ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında həmin qəbzin saxta olmasını iddia etsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Halbuki, işin materiallarından görünür ki, Maraqlı şəxs apellyasiya şikayətinə əlavə etdiyi 11.03.2020-ci il tarixli 676478 saylı mədaxil qəbzi tərtib edilərkən İddiaçı MMMC-nin qanuni təmsilçi Cavabdeh4 olmuş, ümumi yığıncağın 14.08.2020-ci il tarixli protokolu əsasında X6 onu əvəz etmişdir. Göründüyü kimi, sözügedən qəbz tərtib edilərkən Cavabdeh4 İddiaçı MMMC-nin qanuni təmsilçisi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, 676478 saylı mədaxil qəbzinin saxtalağını, orada əksini tapmış məbləğin MMMC-nin kassasına deyil, MMMC-nin əvvəlki rəhbəri olmuş şəxsə ödənilməsini təsdiq edən subut təqdim edilməmişdir, 708 manat pul vəsaiti MMMC-nin kassasına mədaxil olunmuş kimi qiymətləndirilir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı MMMC-nin ümumi yığıncağının 11.01.2020-ci il tarixli qərarına uyğun qeyd edilən qeyri-yaşayış sahəsi üçün ödənilməli olan pul vəsaitlərinə dair tələblər icarə müqaviləsi müddətində mülkiyyətçiyə deyil, icarə müqaviləsinin şərtlərinə əsasən icarəçiyə yönəldilməli olması iddiaçıya izah edilməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini apellyatorlara - cavabdehlərə münasibətdə təmin etməklə yanlış nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh7 və maraqlarına toxunan şəxs Maraqlı şəxs Mayıl qızının apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2442/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh7 münasibətdə ləğv edilsin. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh7 aid hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar