Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1156/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)- 85/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001) 85/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 26 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən sözü gedən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən İddiaçı Nadiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Sonradan İddiaçı yenidən apelyasiya şikayəti vermiş, şikayətin, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciəti edərək apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)- 85/2024 saylı qərardadı ilə ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı yenidən şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin 2(001)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi İddiaçı Nadiq qızının və onun nümayəndəsi-vəkili Vəkil elektron kabinetlərinə 22 oktyabr 2024-cü il tarixdə yerləşdirilmiş, hazırki apellyasiya şikayəti isə 26 noyabr 2024-cü il tarixdə verilmiş, yəni tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə apellyasiya şikayəti ilə birlikdə təqdim edilməmişdir. Halbuki, o, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Binəqədi rayon məhkəməsinə göndərmişdir. Bu faktı təsdiq edən poçt qəbzini ərizəsinə əlavə etmiş, həmin poçt qəbzindəki dairəvi möhürün içərisində 21 noyabr 2024-cü il tarixi qeyd edilmişdir. Bundan əlavə Binəqədi Rayon Məhkəməsinin 2(001)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının əsaslandırma hissəsində qeyd edilən prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizənin apellyasiya şikayəti ilə birlikdə təqdim edilməməsinin əksinə olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar ərizəni apellyasiya şikayətinə əlavə etmişdir. Qeyd olunanları nəzərə alaraq Binəqədi Rayon Məhkəməsinin 2(001)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-85/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməklə mülki işin Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmənin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsi İddiaçı və onun nümayəndəsi- vəkili Vəkil elektron kabinetlərinə 22 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Hazırki apellyasiya şikayəti isə 05 dekabr 2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin iddiaçı apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Qeyd edilən hallar isə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən eləcə də prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə vermədiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı şikayətində buraxılmış müddətin bərpası ilə əlaqədar ərizəni apellyasiya şikayətinə əlavə etdiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinə “müddətin ötürülməmiş hesab edilməsi” barədə ərizə əlavə etmişdir. Başqa sözlə müddətin ötürülməsi barədə ərizədə müddətin ötürülməmiş hesab edilməsinin qeyd olunması müddətin bərpası ilə bağlı ərizə verilməsi kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi qanunvericilikdə prosessual müddətin bərpa olunması və müddətin ötürülməməsi anlayışları fərqləndirilmiş və MPM-də dəqiq olaraq prosessual müddətin bərpa olunması barədə vəsatətin verilməməsi halında şikayətin qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən və həmin müddətin bərpası barədə ərizə vermədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)- 85/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1156/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1156/2025
13.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver