Məhkəmə qərarları › İş №2(103)-11564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11564/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11564/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin altında inşa edilmiş 2 mərtəbəli yeraltı dayanaçağın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4496/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilin altında inşa edilmiş 2 mərtəbəli yeraltı dayanacağın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4496/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 189/2021 saylı mülki işə sədrlik etmiş, ekspertiza təyin etmiş və ekspert E.Səidov 09.04.2021-ci il tarixli ekspert rəyində ona məxsus “B” tikilisinin giriş dəhlizinin divarlarının qəzalı edilərək çatlamasının səbəblərini araşdırmamışdır. 189/2021 saylı mülki işə dair çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş və həmin iş üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəyə minməmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4496/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, kollegiya tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayəti ilə araşdırıb aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(005)-189/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Nərimanov rayon İcra Hakimiyyətinə, Cavabdeh1nə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 (indiki 62) Cavabdeh1 MMC-nin rəhbəri Sahib Cavadovun tikinti fəaliyyətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilin giriş dəhlizinin qəsdən qəzalı edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin müəyyən edilərək cavabdeh Sahib Cavadovdan tələb edilməsi, Cavabdeh1 MMC tərəfindən inşa edilən çıxıntılı binanın “B” tikilişinin yerləşdiyi torpaq sahəsinin altında və üstündə inşa edilən tikililərin qanunsuz hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçıya məxsus mənzili Cavabdeh1 MMC-nin inşa etdiyi yeni tikilinin hər hansı təsir göstərib-göstərməməyi barədə ekspert rəyi verilmiş, həmçinin məhkəmə eyni predmet üzrə yekun məhkəmə aktı çıxartmışdır. Eyni zamanda hazırkı iddia predmeti olan iki mərtəbəli yeraltı dayanacaqla bağlı mübahisəyə qeyd olunan qətnamədə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hazırki iddia ərizəsində isə iddiaçı mübahisəli əşyanın tərkib hissələrini mübahisələndirməklə yenidən iddia vermişdir. Göründüyü kimi hazırki iddia ərizəsində göstərilən tələb, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı mülki iş üzrə tələbdən asılı olan törəmə tələb kimi çıxış etməkdədir və belə olan halda da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılmasını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin qəbulundan imtina etmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı mülki iş üzrə keçirilmiş ekspert rəyinin düzgün olub-olmaması, eləcə də həmin iş ürə qəbul edilmiş qətnamənin qanuni qüvvəsinin almaması iddiaçının hazırki iddia ilə yenidən məhkəməyə müraciət etməsinə əsas vermir, çünki yuxarıda qeyd olunduğu kimi göstərilən mülki iş üzrə iddiaçının hazırda mübahisələndirdiyi iki mərtəbəli yeraltı dayanacaqla bağlı mübahisəyə hüquqi qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 400-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4496/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar