Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1159/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı - cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat ofisi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti arasında Bakı şəhəri 13 saylı Notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301.110 manat,mənəvi zərərə görə isə 50.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki 57 nömrəli evin 32 saylı mənzili tam ilkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət yestri Xidmətinin sonuncu dəfə xx.xx.2020-ci il tarixində verdiyi Hüquqların Dövlət ydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (qeydiyyat nömrəsi 10012512) ilə təsdiq olunub. İddiaçının mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər linetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olan, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən iddiaçının mənzili olan ev zədəsiz və çatsız çıxıb. 3 il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilib. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkiblər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimdə şübhə yaratmayıb. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamm mətni ilə iddiaçı və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarından başlayaraq iddiaçının mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü avabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onlarıların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləniləcəyini bildiriblər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən iddiaçının mənzillərini satmasını tələb ediblər. Sakinlər, 3-cü cavabdehin belə səlahiyyətinin olmaması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün ənolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış yerlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 №- li “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764 s nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, iddiaçının mənzili olan bina guya qəza vəziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması cavabdehə həvalə edilib. Ərizəçi və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə iddiaçının evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin tikilməyəcəyi ilə hədələyiblər. İddiaçının tələblərinə baxmayaraq, 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin iddiaçı və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti COVİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. xx xxxxx 2020-ci il tarixində binaya sahə müvəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin mənzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. xx xxxxx 2020-ci il tarixində iddiaçının evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanını sakinlərindən biri cavabdehlərlə razılığa gəlməmişdi. Aprelin 11-nə iddiaçının binası dağıdılma məqsədi ilə ara alınıb. Aprelin 18-də 1-ci cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, onların cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1-ci cavabdehə, ondan isə baxılması üçün 2-ci cavabdehə göndərilib. Artıq aprel ayında iddiaçının binasına gələn su cavabdehlər tərəfindən zədələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su, trik enerjisi, qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. «xxxx» MMC-nin xx xxxxx 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən iddiaçının mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də torpaqların dövlət ehtiyacı üçün alınması haqqında» Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 154700 manat olub. Aprelin 28-də 2-ci cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq kateqorik şəkildə iddiaçının 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Beləliklə, iddiaçının mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi məmur özbaşınalığı səbəbindən real təhlükə altına alınıb. Cavabdehləri iddiaçı və başqa sakinlərin hüquqlarının mövcudluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binanı tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. xx xxxxx 2020ci il tarixində iddiaçı, Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə dair ərizə verərək Bakı şəhəri, Səbail rayonu, Saraykin 57 saylı evdə və həmin evin torpaq sahəsində, eləcə də sahəyə bitişik ərazidə cavabdehlərə və başqa şəxslərə hər hansı söküntü işləri və ərizəçinin mülkiyyətindəki mənzilin yerləşdiyi evə xələl gətirə biləcək hər hansı işlərin aparılması qadağan edilməsini və s. xahiş edib. Lakin karantinlə bağlı olaraq məhkəmə bağlı olduğundan ərizəni orada qəbul etməyiblər. Aprel ayına binanın əksər sakinlərinin köçürülməsinə nail olan 2-ci cavabdehin işçiləri boşaldılmış mənzilləri, o cümlədən iddiaçının 3-cü mərtəbədə yerləşən mənzilindən aşağıda yerləşən mənzilləri söküblər. Bu ona gətirib çıxarıb ki, bina süni yolla qəza vəziyyətinə salınıb, və iddiaçının mülkiyyət və sair hüquqlarının koronavirusla bağlı karantindən sonra hüquqlarının qorunması mümkünsüz olar. 02 may tarixində cavabdehlər iddiaçının divar qonşusunun mənzilini dağıdıblar, iddiaçının qonşuları ilə ümumi balkonunun söküntüsünə başlayıblar. Mayın 10-da iddiaçı, Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə 1-ci cavabdehin məlum əməkdaşı Zülfəli İsmayılovdan cavab məktubu alır. Sonuncunun əvvəllər sakinlərə söylədiklərini təkrarlayan məktubun məzmunu iddiaçının mülkiyyət, mənzil və s. hüquqlarının real qorunması mümkünlüyünün nə dərəcədə illüzor olduğunu göstərir. Həmin vaxta binanın artıq damı dağıdılırdı. Mayın 14-də binaya gələn qaz kəməri kəsilib, sakinlərə bildiriblər ki, 1-ci cavabdehin sərəncamına əsasən bunu edirlər. xx xxx 2020-ci il tarixində iddiaçı cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN - İ ******* №li daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlkin Rüstəmli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iradəsinə zidd olaraq, hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində, həyatı və sağlamlığı üçün real təhlükənin mövcud olduğu bir şəraitdə müqavilə bağlamağa məcbur olub. Birinci instansiya məhkəməsi iddia tələblərini təsdiq edən çoxsaylı dəlilləri, mənzilin qiymətləndirilməsinə dair hesabatı, iddiaçı və qonşularının mənzillərinin qanunsuz sökülməsi ilə bağlı dövlət orqanları ilə yazışmalarını, kütləvi informasiya vasitələrində çoxsaylı məqalələri, facebook sosial şəbəkəsindəki yazıları ümumiyyətlə nəzərə almayıb, hətta onlara qiymət də verməyib. Məhkəmə ona da əhəmiyyət verməyib ki, hansı səbəbdən iddiaçı mənzilini bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz qiymətə satmalı idi. Belə çıxır ki, cavabdehlərin iddiaçının mənzili yerləşən binanı yaşayış üçün yarıtmaz vəziyyətə salması: boşaldılmış mənzilləri sökməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələməsi, davamlı səsküy salması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, iddiaçıya qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması tamamilə qanuni hərəkətlər olub və iddiaçı övladı ilə ölənə qədər dözüb orada qalmalı idilər. İddiaçının mənzili olan binanın guya qəzalı vəziyyətdə olmasını təsdiq edən heç bir sübut, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun məhkəmə aktı təqdim olunmayıb. 3-cü cavabdeh ümumiyyətlə birinci instansiya məhkəməsinin dəvətini faktiki inkar edərək heç bir məhkəmə iclasına gəlməyib. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. İddiaçı hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (154700 manat) 20%-ni 30940 manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 15470 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə iddiaçıya (154700+30940+15470) 201110 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, iddiaçının evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini iddiaçı 100000 manat qiymətləndirir. Beləliklə, iddiaçıya dəymiş maddi ziyana görə, ona 301110 (üç yüz bir min bir yuz on) manat ödənilməlidir. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1,-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlərin qanunsuz hərəkətləri və məlikəmə qərarı nəticəsində iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulur. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 390, 339, 337, 21, 152, 1100, 1096, 1097, 1115, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 7, 66, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 32 saylı mənzili 145.750 manat müqabilində Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə satmış və bu müqavilə satıcı qismində bilavasitə İddiaçı tərəfindən imzalanmışdır. Müqavilənnin 13-cü bəndində qeyd edilmişdir ki, satıcı İddiaçı xx.xx.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilənin 20-ci bəndinə əsasən AR Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələri və müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr Satıcı və Alıcıya notarius tərəfindən izah edilmişdir. Müqavilənnin 21-ci bəndində qeyd edilmişdir ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirmişdirlər. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Həmin Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Həmin Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya iş materiallarının tədqiqi əsasında müəyyən etmişdir ki, mübahisəli mənzilə (ünvan 1 ünvanında yerləşən 32 saylı) dair Bakı şəhəri 13 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, habelə tərəflərin hər ikisinin iradə ifadəsinin olub-olmaması müəyyən edilmişdir. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olub-olmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən müqaviləni təsdiq etmişdir. Qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilə dair Bakı şəhəri 13 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək alınmış, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının əmlaka dair sərəncam vermək hüquqları və sərəncam vermək iqtidarında olub-olmamağı yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan və onun əsassızlığını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun etibarsızlığına hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya eyni zamanda iddia tələbinin cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301.110 manat, mənəvi zərərə görə isə 50.000 manat məbləğində kompensasiyanın tutulması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi iddia tələbinin “müqavilənin etibarsızlığı” hissəsindən bilavasitə asılı olduğundan və iddia tələbi həmin hissədə əsassız olduğundan və təmin edilmədiyindən qalan hissədə də təmin edilməməlidir. Kollegiya qeyd edir ki, əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan hər hansı birinin hazırki mübahisədə mövcudluğu müəyyən edilməmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Beləliklə, kollegiya işin hallarının araşdırılması nəticəsində hesab edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlandığından və onun etibarsızlığı üçün iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərin əsası olmadığından, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına səbəb olan halın mövcudluğu aşkar edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1159/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1159/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver