Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1160/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB-nin, Zaqatala RQİİ-də, Balakən Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə, “Azəriqaz” İB-nin, Ağsu RQİİ-də, Şamaxı Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi vakansiyası üzrə və Dövlət Neft Şirkətində “Anbar müdiri” vakansiyası üzrə keçirilən müsabiqələrin nəticələrinin ləğv olunmasına və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin insan Resusları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün 03.11.2019-cu il tarixində “Azəriqaz” İB-nin, Zaqatala RQİİ-də, Baləkən Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə, 03.11.2019-cu il tarixində “Azəriqaz” İBnin, Ağsu RQİİdə, Şamaxı Xidmət Sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin mühəndisi vakansiyası üzrə və 14.11.2019-cu il tarixində Dövlət Neft Şirkətində “Anbar müdiri” vakansiyası üzrə elektron qaydada müraciət etmişdir. Müraciət əsasında sənədlərinə baxış keçirilmiş və bildiriş göndərilərək müraciətinin qəbul olunması bildirilmişdir. Lakin müraciətindən xeyli müddət keçməsinə baxmayaraq, “Azəriqaz” İB-nin, Ağsu RQİİ-i tərəfindən verilən 16 iyun 2016-cı il tarixli, “Azəriqaz” İB-i tərəfindən verilən 29.11.2017-ci il tarixli və eyni mövzulu 28.03.2018-ci il tarixli xasiyyətnamələr əsas gətirilərək müsabiqələr iştirakı təmin olunmadan keçrilmişdir. Həmin xasiyyətnamələrdən 16 iyun 2016-cı il tarixli xasiyyətnamədə şəxsi və peşəkarlıq kefiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, qərəzli olaraq işlədiyi müddət ərzində vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuş, lakin qeyd olunanları təsdiq edən hər hansı bir məlumat verilməmişdir. Amma faktiki olaraq işlədiyi səkkiz illik müddət ərzində vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. Digər iki eyni mövzulu 29.11.2017-ci il tarixli və 28.03.2018-ci il tarixli xasiyyətnamələrdə isə əmək fəaliyyətinə başladığı tarixin 19.02.2015-ci il tarixində, olduğu göstərilsədə, debitor borcun və qaz ilgilərinin hesablanması 01.02.2015-ci il tarixindən aparılmış və həqiqətə uyğun olmayan rəqəmlər yazılaraq, hesabatın hansı zaman intervalında aparıldığı da qeyd olunmamışdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, ARDNŞ-nin İnsan Resusları Departamenti tərəfindən işə qəbul müsabiqələri qərəzli xasiyyətnamələr nəzərə alınmaqla müsabiqələrdə iştirakı təmin olunmadan və qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı müsabiqə nəticələrinin ləğv edilməsi və müsabiqələrin iştirakı təmin olunaraq keçirilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə razı deyil. Belə ki, vakansiyalar üzrə elektron müraciətlərimdən də görünür ki, həmin vakansiyalar üzrə müraciətlərim müraciət etdiyim tarixdən də icraata qəbul olunmuşdur. Lakin müsabiqə mərhələsinə çağrılmağım və yaxud da çağrılmağımdan imtina olunması barədə mənə hər hansı bir bildiriş təqdim olunmadığından, burada məhkəməyə müraciət üçün iddia müddətinin hansı tarixdən başlanmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən həmin mülki işə iddia müddəti tətbiq olunmaqla maddi-hüquq normaları pozulmuşdur. İş materiallarında olan qanuni qüvvəsini almış, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2597/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsində həmin dövrdə müsabiqəyə buraxılmamağımın qanunsuz və əsassız olduğu, müsabiqəyə buraxılmamaq səbəbinin məhz “Azəriqaz” İB tərəfindən verilən, 16 iyun 2016-cı il tarixli, 29 noyabr 2017-ci il tarixli və eyni mövzulu 28 mart 2018-ci il tarixli xasiyyətnamələr olduğu öz təsdiqini tapmışdır. Yekun nəticə olaraq da iki vakansiya üzrə təyinat aparıldığından, digər vakansiya olan, “Azəriqaz” İB, Sumqayıt Qaz istismar Sahəsinin, xidmət rəisi vakansiyası üzrə 10 aprel 2018-ci il tarixində keçirilən müsabiqənin nəticəsi ləğv olunaraq, müsabiqənin iştirakım təmin olunaraq yenidən keçirilməsi qət olunmuşdur. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə tərəfindən təqdim olunmuş sənədlər araşdırılmamış və mülki işə, işin faktiki hallarına uyğun düzgün hüquqi qiymət verilməyərək maddi hüquq normaları pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin etibarnamə əsasında nümayəndəsi X3 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş halları sübut edən faktlar məhkəmə qarşısında mötəbər sübutlarla sübuta yetirilə bilməmiş, İddiaçı Əmək Məcəlləsinin tələblərinə əsasən müsabiqə nəticələrinin mübahisələndirilməsi üçün nəzərdə tutulan 1 aylıq iddia müddətinı ötürmüşdür və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50.7-ci və Mülki Məcəllənin 375.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Rəşad Hüseynovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiayasının 2(102)-6004/2019-cu il tarixli, 23.09.2019-cu il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(005)-2597/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibənin nəticələrinin ləğv edilməsi, Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə müsahibənin İddiaçı iştirakı ilə yenidən keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5629/19) saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2018 saylı mülki iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 26 - 32) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Birinci instansiya məhkəməsi qeyd edtmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş halları sübut edən faktlar məhkəmə qarşısında mötəbər sübutlarla sübuta yetirilə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin məhkəmə tərəfindən hazırki mülki işə iddia müddəti tətbiq olunmaqla maddi-hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəllənin 50.7-ci maddəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1160/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1160/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver