Məhkəmə qərarları › İş №2(103)-1160/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1160/2025

13.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1160/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5055/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin müvafiq qaydada qanunvericiliklə ona ödənilməsi gərəkən pul məbləğinin Əmək Məcəlləsinin 172.5–ci maddəsinə istinadən həmin ödənc məbləğin 15% faiz məbləğinin, ona dəymiş maddi ziyanla bərabər ümumilikdə 10000 manat məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlillərinə görə, İddiaçı xx.xx.2022-ci ildə dövlət qulluğu imtahanı verərək Masallı Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçı) vəzifəsində çalışmağa başlamış, çalışdığı dövr üzrə yaranmış olan əmək məzuniyyətindən istifadə edərək xx.xx.2023-cü il tarixdə 30 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2023-cü ildə əmək məzuniyyəti bitmişdir. X4 haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə ərizə yazaraq, xx.xx.2023-cü ildə işinə xitam verilməsini xahiş etmişdir. Ərizənin tarixinə əsasən məhkəmənin sədri həmin tarixdə 50 nömrəli əmr ilə ərizəni əmrləşdirmiş, xx.xx.2024-cü tarixdə işinə xitam verilmişdir. 154/2023 nömrəli əmr aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə poçt və elektron qaydada göndərmişdir. Buna istinadən xx.xx.2023-cü il tarixdə ona sentyabr ayı üçün 890,32 azn məbləğində əmək haqqı köçürülmüşdür. xx.xx.2023-cü il tarixində isə çalışdığı qalan iş gününün son əmək haqqısı 53,28 azn pul köçürülmüşdür. Əmək Məcəlləsinin 172.4-cü qeyd edilir ki, işçiyə işdən ayrıldığı gün ona bütün ödəncləri tam məbləğdə ödənilməlidir. Lakin onun işdən çıxıdığı zaman ona düşən son haqq hesab (istifadə etmədiyi dövr üzrə məzuniyyət təxmini 5 və ya 6 gün) pul məbləğində son ödənc ödənilməli idi. Qeyd edir ki, xx.xx.2024 cü il tarixdə Masallı Rayon Məhkəməsindən işdən ayrılmışdır. Buna istinadən ona köçürülməyən haqqı olan məbləğ ucbatından kredit götürmək məcburiyyətində olmuş və ona maddi ziyan dəymişdir. xx.xx.2023-cü ildə isə Xaçmaz Rayon Məhkəməsində ehtiyat kadr siyahısından çıxaraq həmin iş üzrə işə daxil olmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il çalışdığı dövr ərzində yaranmış olan, lakin, Əmək qanunvericiliyinə uyğun olaraq istifadə edə bilmədiyi qüvvədə olan məzuniyyət günlərinin məbləğidə yenə eyni qaydada ona işdən çıxdığı gün verilməmişdir. Son aylıq əmək haqqında gec yatırılmışdır. Ona haqqı olan xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində köçürülməsi olan məbləğlər, təəssüf ki, xx.xx.2024-cü ildə birləşdirilərək hesabına köçürülmüşdür. Onun bu məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4 və 172.5-ci maddəsinə əsasən qeyd edilən hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məlumdur ki, məhkəmələrin maliyyə vəziyyəti və təminatı həmin tarix üzrə Ədliyyə Nazirliyinin tərkibində müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərini də “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə də təsdiqlənmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi işə götürən qismində Respublika ərazisində bütün yerli instansiya məhkəmələrinin maddi texniki bazasını və işçilərin əmək haqqlarının təmin edilməsi ilə mükəlləfdir. xx.xx.2024-cü il tarixli müvafiq əmrlə çıxmış və ona Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən ödənilməsi gərəkən məbləğ verilməmiş və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işəgötürən ona qarşı öhdəliyini ödəməmişdir. Xaçmaz Rayon Məhkəməsinə işə daxil olduğuna görə orada yaşayış evi olmadığından orda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Əvvəl tanışı olan bir nəfər ilə razılaşaraq, onun evində 100 azn məbləğində pul ödəməklə qalacaqdı, lakin, əlində maddi bir şey olmadığından “Azərbaycan Beynəlxalq Bankı”ndan kiredit götürmüş, əlavə olaraq da həmin ev, təəssüf ki, digər şəxsə verilmişdir. O isə daha yüksək məbləğli evdə qalmaq məcburiyyətində qalmışdır. Həmin evin pulu isə aylıq 450 azn məbləğdə olmuşdur. Bu isə onun aylıq gəlirinə çox ziyan vermişdir. Yəni, 450 manat əlavə komunal xərclər ayda 600 manata qədər gəlib çatmışdır. Onun gəliri isə 890 manat olduğundan çətin dönəm yaratmışdır. Cavabdeh isə nə Masallı Rayon Məhkəməsində bağlanmış əmək müqaviləsi üzrə öhdəliyini, nə də Xaçmaz Rayon Məhkəməsində bağlanmış Əmək Müqaviləsi üzrə öhdəliyini ödəməmişdir. Bir sözlə məsuliyyətsizlik edərək onun hüquqlarını iki dəfə pozmuşdur. Yenə onların ucbatından yenidən borc götürmüşdür. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, AR-nın Konstitusuyasının 130-cu maddəsinə əsasən xx.xx.2022-ci il Yasamal rayon Məhkəməsinin oxşar iş üzrə çıxardığı qətnamə (iddiaçının xeyrinə və qismən təmin olunma ) cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət əsasında daxil olmuş və Əmək Məcəlləsinin 172.5-ci maddəsinin şərh olunması zərurəti yarandığından məhkəmə KM-nə müraciət etmiş və müvafiq qaydada qanunun həmin maddəsi şərh olunaraq iddianın təmin olunmasının düzgün mövqeləri açıqlanmışdır. Onun işi üzrə işəgötürən öz öhdəliklərini tam qaydada ödəsə də, işəgötürən təşkilatın maliyyə məsələsi üzrə təşkilata nəzrət Maliyyə Təminat öz məktubunda obyektiv cavab verməmiş və mənə süni qanunna uyğun olmayann sözlərlə cavab vermişdir. İş üzrə məhkəmə prosesinə qədər qeyri rəsmi zənglər daxil olmuş və iş üzrə yalan məlumatlandıma halları da baş vermişdir. Cavabdeh tək bu məsələdə deyil, bir neçə nöqsanlara yol verərək öz öhdəliyini yerinə yetirməmişdir. Məsələn, məzuniyyət pulunu belə düzgün hesablamamış və qeyri qanuni hesablamalar çərçivəsində məzuniyyət son haqq hesab məbləğini düzgün yatırmamışdır. Son olaraq onu qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83.4 -cü , 135.2 -ci 144.2-ci və 172.4- cü maddələrini kobud şəkildə pozmuş və xx.xx.2024-cü il müvafiq əmrə əsasən işdən çıxmağıma baxmayaraq həmin gün ödənilməsi lazım olan əmək haqqını və istifadə etmədiyi əmək məzuniyyət (konpensasiya) məbləği ödəməmişdir. Masallı Rayon Məhkəməsində çalışdığı dövr üzrə son haqq hesab, Xaçmaz Rayon Məhkəməsində 15 iyun əmək haqqı və son haqq hesab məbləğini ödəməmişdir. İddianın tam təmin olunmasını əsaslı hesab edir. Çünki cavabdeh onunla sanki qərəzli mövqe aparırmış kimi Əmək məcəlləsi üzrə xətalar etmiş və öz nüfuzu üzrə həm qanunları, həm məcəlləni, həm də Beynəlxalq hüquq nomlarını pozmuşdur. İddia ərizəsinin “xahiş edirəm” hissəsinə açıqlama gətirərək Masallı Rayon Məhkəməsində işdən çıxıdığı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il gecikdirilmiş 132 təqvim günü üçün 3564 azn, Xaçmaz Rayon Məhkəməsi üzrə işdən çıxarkən ödənilməsi lazım olan (ay ərzindəki əmək haqqı) geçikdirilmiş və 16 təqvim günü sonra ödənən məbləğ üzrə 720 azn və Xaçmaz Rayon Məhkəməsi üzrə ödənilməsi gərəkən istifadə olunmamış əmək məzuniyyəti (kompensasiya) geçikdirilmiş 26 təqvim günü üzrə 1092 azn məbləği yuxarıda sadalanan məbləğin cəmi 5376 azn, digər maddi ziyana görə isə 10000 azn məbləğinin cavabdehdən alınaraq ona veriməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin “xahiş edirəm” hissəsinə dəyişiklik etmək istəmiş, çünki bu barədə ƏƏSMN-nə rəsmi müraciət etmişdir və onlar ona məzuniyyətdə olduğu dövründə son haqq hesaba daxil olduğunu bildirmişdilər. Buna istinadən əvvəlki ərizədə ki, 5 təqvim günü qalan istifadə olunmamış məzuniyyət gününün 7.5 dəyişdirilməsini və buna istinadən Masallı Rayon Məhkəməsində işdən çıxdığı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il gecikdirilmiş 132 təqvim günü üçün 7.5 günlük məzuniyyət haqqının (1094.50/30.4*15*132 ) 5336.71 azn, Xaçmaz rayon məhkəməsi üzrə işdən çıxarkən ödənilməsi lazım olan (ay ərzindəki əmək haqqı) geçikdirilmiş və 16 təqvim günü sonra ödənən məbləğ üzrə 720 azn və Xaçmaz rayon məhkəməsi üzrə ödənilməsi müvafiq istifadə olunmamış əmək məzuniyyəti (kompensasiya) geçikdirilmiş 26 təqvim günü üzrə 1092 azn məbləği yuxarıda sadalanan məbləğin cəmi 7.148.71 azn digər maddi ziyana (Əmək hüququnun pozulmasına) görə isə 10000 azn məbləğinin ümumilikdə isə 17.148.71 (on yeddi min yüz qırx səkkiz yetmiş bir qəpik) cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, iddiaçı olduğu e-2(004)-5055/2024 nömrəli iş üzrə Masallı Rayon Məhkəməsində son iş günü xx.xx.2023-cü il tarixdə ödəlinməsi gərəkən məbləğin, o cümlədən Xaçmaz rayon Məhkəməsində sonuncu iş günü xx.xx.2024-cü il tarixində verilməsi gərəkən məbləğin hər ikisinə ayrılıqda 30 faiz olaraq Əmək Məcəlləsinin 83.4, 144, 172.4 və 172.5-ci maddələrini rəhbər tututaraq məhkəmənin qanuni qüvvəyə minəcək qətnaməsinə qədər olan müddətə qədər cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, pozulmuş hüquqlarının bərpası üçün ilk öncə xx.xx.2024-cü il tarixində Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin (İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.) tələblərinə uyğun olaraq 15 gün müddətinə cavab verilməsi məktuba məsuliyyətsiz yanaşaraq xx.xx.2024-cü il tarixində cavab vermişdir. İlk öncə qeyd edir ki, ilk başda məsələni öz səlahiyyətləri çərcivəsində həll edilməsi üçün ilk addımı ataraq bu məsələnin həll olması xahişini və dəymiş olan ziyanın pul məbləğində (10.000) manat tələb etmişdir. Qarşı tərəf buna məhəl qoymadan özünün ciddi şəkildə etmiş olduğu qanuna zidd hərəkətlərinə bəraət qazandırmışdır. Sonra isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin (İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.) tələblərinə uyğun olaraq müraciət etmək istəmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhərinə mediasiya prosesində iştirak etmək üçün gəlmişdir. Lakin, qarşı tərəf gəlməmişdir. Hüquqlarının saymazyana açıq-aşkara tapdalanması və yanaşma tərzləri xoşagələn deyildi. Bu isə onu hüquqlarının bərpası üçün ədalət mühakiməsi fəaliyyəti həyata keçirən məhkəmə orqanına müraciət etmə məcburiliyini yaratmışdır. Yuxarıda sadaladığı proseslər uzun və çəkişmə prosesinə zəmin yaratmış və onu mənəvi və inam sarsıntısına və bu səbəbdən həm əmək fəaliyyətinə, həm də daxili izdiraba səbəb olan ciddi problemlərə üzləşmişdir. Bu səbəbdən ailədə və əmək fəaliyyətində ciddi problemlər yaşamışdır. Bu da ona mənəvi ziyan vurmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, bu məsələnin ən başlıca bu yerə çatmasının səbəbi cavabdehin məsələni süründürməçilik halına gətirib çıxarmasıdır. Qeyd edir ki, işin məhkəmə icraatına daxil olana qədər ki zaman müddətində işin həlli istiqamətində cavabdeh heç bir hüquqi tədbir görməmiş əksinə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan belə görünür ki, cavabdeh öz mövqeyini insan və vətəndaş hüquqlarının qorunması istiqamətində deyil, bunun əksinə daha işi çətinliyə sürükləyir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, İnsan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədidir. Qarşı tərəf öz mövqeyində bu hüquqları pozaraq sözü gedən insan və vətəndaş hüquq və azadlıq prinsipini və o cümlədən qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 83-ci maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Cavabdeh 30 sentryabr 2023-cü il tarixdə son iş günü olmasına baxmayaraq nə onun aylıq əmək haqqı olan 1094.50 (min doxsan dörd əlli qəpik) olan əmək haqqını geçikdirmiş, nə də son haqq hesabını verməmişdir. Buna istinadən cavabdehin onun xx.xx.2023-cü il tarixli ödənilməli olan 1094.50 (min doxsan dörd əlli qəpik) olan aylıq əmək haqqı təqdim etdiyi çıxarışdan göründüyü kimi xx.xx.2023-cü il tarixində köçürülmüşdür. O cümlədən son haqq hesab (istifadə edilməyən əmək məzuniyyəti) eyni qaydada son iş günü xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yararanan 7(yeddi ) təqvim günü məzuniyyət 243 manat məbləğini xx.xx.2024cü il tarixində Xaçmaz Rayon Məhkəməsində yaranan məzuniyyət hüququnun (8 gün) ilə birlikdə vermişdir. Çıxarışdan və digər məlumatlardan göründüyü kimi, cavabdeh Masallı Rayon Məhkəməsində işlədiyi dövr üzrə ona həm son haqq hesabı və əmək haqqını geçikdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair plenum qərarına da Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. O cümlədən Azərbaycan Respublikasının 2- 1(102)- 1113/2023 və 2(102)-104/2024 nömrəli mülki işləri üzrə qətnamələrində bu məsələlər üzrə oxşar anoloji işlərə baxılmış və onun tələbi üzrə iddialar təmin edilməsi barədə qətnamələr çıxarılmışdır. 2(004)-65/2022 nömrəli, 03 avqust 2022nömrəli üzrə ilkin Yasamal Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2, 172.1, 178.1 və 172.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən şikayət verən cavabdehin şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi və son olaraq Ali Məhkəmənin 2(102)-104/2024 iş üzrə qərarı ilə ilkin 2(004)-65/2022 nömrəli, 03 avqust 2022- nömrəli üzrə ilkin Yasamal Məhkəməsinin qərarı qanuni qüvvədə qalmış və iddiaçının iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddəsinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Cavabdeh həm Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən insan və vətəndaş hüquqlarının pozulmasına, o cümlədən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına , X2 göstərilən əmək hüquqlarına zidd hərəkət edərək işci hüquqlarının pozulmasına gətirən hərəkətlər etmişdir. Cavabdehin yol verdiyi hərəkət və ya hərəkətsizliklər maddi ziyan və mənəvi ziyana gətirib çıxaran səbəblərə yol açmışdır. Azərbaycan Respublikasının Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqların sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqları və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Mülki Məcəllənin 21 -ci maddəsinə əsasən cavabdehin iş üzrə süründürməçilik və işə məsuliyyətsiz yanaşması mənim həm ailə həm şəxsi həmdə əmək həyatıma ciddi təsirlər göstərmiş və mənəviyyatıma və çəkdiyim izdiraba yol açan səbəblər ilə nəticələnmişdir. Bunu sizə təqdim edəcəyim müvafiq xəstəxana arayışından da məlum olduğu kimi şüur altı təzyiqə və sağlamlığına təsir göstərmişdir. Cavabdehdən tələb məbləğin maddi və mənəvi zərəri özündə cəmləşdirdiyini qeyd etmək istəyir. Cavabdeh ona geçikdirilmiş sentyabr (2023-cü il ) ayı üzrə son iş günüm (xx.xx.2023 ) üçün 1094.50 (min doxsan dörd qəpik ) azn geçikdirilməsinə görə Məcəlləinin 172.5-ci maddəsinə əsasən faiz ödəməmişdir. İlk olaraq Masallı rayon Məhkəməsində sonuncu iş günü üzrə geçikdirilmiş məbləğin (1094.50) geçikdirilmiş hər gün üçün 10 faizini 109.45 (yüz doqquz manat qırx beş qəpik ) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdehdən alınıb ona verilməsini xahiş edir. Masallı Rayon Məhkəməsində son iş günü xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yaranan 7 (yeddi ) təqvim günü məzuniyyət günün 252.02 (iki yüz əlli iki manat sıfır iki qəpiyin) manat məbləğininin geçikdirilmiş hər gün üçün 10 faizini 25.20 (iyirmi beş manat 20 qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. Xaçmaz Rayon Məhkəməsində çalışdığı dövr ərzində xx.xx.2023-cü il – xx.xx.2024 cü il tarixinə qədər yaranan istifadə edilməmiş 8 (səkkiz ) təqvim günü yaranan məzuniyyət hüququnun son haqq hesabda verilməməsi həmin təqdim olunan çıxarışdan görünür. Əlavə olaraq xx.xx.2024 -cü il tarixində yanvar ayı (2024) üzrə əmək haqqımı yəni 346.90 (üç yüz qırx altı manat doxsan qəpik) eyni qaydada geçikdirmiş xx.xx.2024-cü il tarixində verilməsi müvafiq əmək haqqını xx.xx.2024-cü il tarixində vermişdir. İlk olaraq, Xaçmaz Rayon Məhkəməsində sonuncu iş günü üzrə geçikdirilmiş məbləğin (346.90) geçikdirilmiş hər gün üçün 10 faizini 34.69 (otuz dörd manat doxsan qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. 2-2 Xaçmaz rayon Məhkəməsində xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yaranan 8 (səkkiz) təqvim günü məzuniyyət günün 391.32 (üç yüz doxsani bir manat otuz iki qəpik) manat məbləğininin geçikdirilmiş hər gün üçün 10 faizini 39.13 (otuz doqquz manat on üç qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinə qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 5055/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olaraq işin hansı məhkəmədə baxılacağına dair qərarın verilməsi və sözügedən qərardadın ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalı olması ilə bağlı normaların tələbini pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 5055/2024 nömrəli qərardadı ilə 05 dekabr 2024-cü il tarixli, e-2(004)- 5055/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1- ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələblə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Dövlət qulluqçusu və inzibati orqan arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Buna səbəbdən mübahisəyə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddianın aidiyyət qaydalarına uyğun verilib-verilmədiyi iddia ərizəsi məhkəməyə təqdim olunanda yoxlanılmalıdır. Lakin, mülki prosessual qanunvericilik icraata qəbuldan sonra da həm hazırlıq, həm də baxış icraatında “İşə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə” əsası ilə iş üzrə icraata xitam verilməsinin mümkünlüyünü göstərməklə mübahisənin məhkəmə aidiyyətinin olmamasının prosesin istənilən mərhələsində üzə çıxarıla biləcəyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5055/2024 nömrəli qərardadı ilə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hala düzgün qiymət vermiş, hazırki iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5055/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar