Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11624/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(008)- 4824/2020 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "Azəriqaz” İB-yə vurulmuş 2988,78 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3018,78 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 21.08.2018-ci il tarixli AKX-0020326/08-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana "Azəriqaz” İB- nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və "X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. 29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 359.80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında, cəmi 3079,60 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Cavabdeh tərfindən həmin məbləğdən 90,82 manat ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2988,78 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(008)- 4824/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İByə vurulmuş 269,18 manat məbləğində zərər, 2,70 manat dövlət rüsumu məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbi, iddianın rədd olunmuş hissəsində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. İş materialları arasında ümumilikdə “8” akt olmasına baxmayaraq, məhkəmə qətnamə çıxararkən qış aylarında (21 dekabr - 21 mart) “6” aktın tərtib edildiyini göstərmiş və hər bir akt üzrə dəymiş ziyanı da 60 manat məbləği ilə qiymətləndirərək hesablama aparmışdır (6x60=360; 360-90,82 manat). Məhkəmənin əsaslandırmasına görə 1-ci akt üzrə də iddia müddəti ötürülmüşdür. Bundan başqa 29.03.2019-cü il tarixli akt isə ümumiyyətlə nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 268,82 manat məbləğində pul vəsaitinin tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4622/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3524/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv etməklə apellyasiyanın həddləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Baxılan işdə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə deyil, tam ləğv etmiş və yeni qətnamə qəbul edərək iddia tələbini qismən təmin etmiş, nəticədə Mülki Prosessual Məcəlləsinin tələblərini, dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnaməni tam deyil, iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığının şübhə altına alınmayan hissəsində ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. Bunda başqa cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında vaxtilə kənar xəttin olduğunu və istifadə etdiyini, sonra isə istifadə etmədiyini göstərmişdir. Onun bu izahatı olduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır. Bu hal dəlalət edir ki, cavabdeh iddianın təmin olunmuş hissəsindən narazı deyildir, iddiaçı tərəfindən tərtib olunmuş aktları da mübahisəlindirmir, kənar xətt çəkməklə qazdan qanunsuz istifadə etməsini inkar etmir. Cavabdehin izahatının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılması təmin olunmamış və hüquqi qiymət verilməmişdir”. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi iddia tələbi, iddianın rədd olunmuş hissəsində təmin edilməsini xahiş etmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 21.08.2018-ci il tarixli AKX-0020326/08-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin ünvanda Cavabdeh tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat; 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 359,80 manat; 28.02.2019cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 275,40 manat. Həmçinin iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən aktlar üzrə 90,82 manat ödənilmişdir. Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı kənar xəttin əvvələr olduğunu, indi istfadə etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin halın mövcudluğu belə iddia tələbinin tam əsaslı olması demək deyildir. İş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri baxımından həmin hala, yəni cavabdehin izahatına iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, bu halda iddiaçı tərəfindən təqdim edilmiş aktlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, 29.03.2017-ci il tarixli, ******* saylı akt üzrə birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, müqavilə münasibətləri və vaxtaşırı ödənişlərlə bağlı iddia müddətinin tədbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilsə də, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri, yəni qanunsuz olaraq, sayğacdan kənar xəttdən istifadə etməklə ona vurulmuş zərərin tutulmasını təşkil edir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllə 373-cü maddəsinin tələbləri hazırkı iş üzrə tədbiq edilə bilməz. Bununla belə qeyd olunan akta dair hesablanmış borcun tutulması da əsaslı olmamışdır. Belə ki, 29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853.20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28.02.2019-cu il tarixli, ******* saylı aktlar üzrə qeyd edilməlidir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərin tarixi qeyd olunmamış, iddiaçının istinad etdiyi aktlar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş və cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində eləcə də apellyasiya şikayətində 29.03.2019cu il tarixli ******* saylı akt üzrə hesablanmış 133,20 manat məbləğində borcun tutulmasını tələb etsə də, həmin akt ümumiyyətlə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin akta hüquqi qiymət verilə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası ******* saylı 09.02.2018-ci il tarixli akta münasibətdə qeyd edir ki, həmin akt cavabdeh tərəfindən imzalandığından və qəbul edildiyindən sayğacdan kənar xətdən istifadə həmin akta münasibətdə öz təsdiqini tapır. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirilsə də təkrar apellyasiya baxışı zamanı həmin hallar öz təsdiqini tapmamışdır, təkcə ******* saylı 09.02.2018-ci il tarixli akt üzrə tələb edilən borc əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən və qeyd olunan akt üzrə hesablanmış borc məbləğinin 359,80 manat olmasını və ümumilikdə cavabdeh tərəfindən 90,82 manat ödəniş olmasını və 359,80 manat borcdan ödənilmiş məbləğ – 90,82 manat çıxıldıqda yerdə 268,82 manatın qalmasını və birinci instansiya məhkəməsi tərəfindən təkcə qış aylarına münasibətdə borcun hesablanmasının əsassız olmasını da nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ******* saylı 09.02.2018-ci il tarixli akt üzrə tələb edilən borcdan, ödənilmiş məbləğ çıxılmaqla tutulmalı borc 268,82 manat olduğundan və bu məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş məbləği əhatə etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır, məbləğin aşağı olmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi mübahisələndirildiyindən müəyyən edilmiş məbləğ azaldıla bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın təmin edilməyən hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissəsində tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(008)- 4824/2020 nömrəli qətnaməsi - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11624/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver