Məhkəmə qərarları › İş №2(103)-11630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11630/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11630/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh2 vəkili X7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1662/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 28 aprel 2008-ci il təvəllüdlü X13 və 22 yanvar 2013cü il təvəllüdlü X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1lə 30 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra Cavabdeh2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi, ev 11, mənzil 45-ə gəlin köçmüşdür. Təqribən iki il həmin mənzildə yaşadıqdan sonra ünvan 2 ünvanında (11 saylı yaşayış binasının qarşısında) fərdi yaşayış evi tikərək 2020-ci ilədək orada yaşamışlar. Daha sonra iddiaçı Cavabdeh1 tərəfindən döyülərək evdən qovulmuşdur, hazırda uşaqları ilə kirayədə yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə X8 arasında 30 iyun 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, 28.04.2008-ci ildə doğulmuş X5 və 22.01.2013-cü ildə doğulmuş X6 X2 himayəsində və yanında saxlanılması, 28.04.2008-ci ildə doğulmuş X5 və 22.01.2013- cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə, iddiaçıya və azyaşlı uşaqlarına məxsus geyim əşyaları, iddiaçının valideynləri tərəfindən ona toy vaxtı və sonralar alınmış cehiz əşyaları hazırda gəlin köçüb yaşadığı mənzildədir. İddiaçıya məxsus əşyaların siyahısı iddia ərizəsində göstərilmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evinin tikintisində iddiaçının böyük rolu və iştirakı olmuşdur, bunu məhkəməyə iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş şəxslər də təsdiq edir. Həmin ev tərəflərin birgə nikahı dövründə inşa edilmişdir, iddiaçının da həmin evdə yaşamağa hüququ vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1662/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bərabərlik prinsipini pozaraq yalnız cavabdehlərin şahidlərinin ifadələrinə əsaslanaraq iddiaçı tərəfin şahidlərinin ifadələrini sübut kimi qiymətləndirməmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərəkən ifadəsində və 03 avqust 2021-ci il tarixli aktda qeyd etmişdir ki, guya ünvan 3 ünvanında tikinti işlərinin aparılması üçün icazə almış, icazə aldıqdan sonra 1998-1999-cu illərdə 3 otaqlı ev tikmişdir. Halbuki Qaradağ Rayon İcra Hakimiyyətindən icazənin alınması ilə bağlı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə qeyd olunan faktı araşdıraraq həqiqətə nail olmadan əsassız qətnamə çıxarmışdır. Cavabdeh2 izahatında və aktında qeyd edilənlərlə birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X9 da, ifadəsi ziddiyyətli olmuşdur. Belə ki, Nizami Əliyev tikinti zamanı iki otaqdan ibarət tikili inşa olunduğunu bildirsə də, Cavabdeh2 üç otaq tikildiyini bildirmişdir. Ziddiyyətli izahatlardan da, şahidlərin tam olaraq öyrədilə bilinməməsi qənaətinə gəlinir. Birinci instansiya məhkəməsi cavabdehlərin və şahidlərinin ziddiyyətli izahatlarını araşdırmamış, lakin iddiaçının şahidi X1 ifadəsini inandırıcı hesab etməmişdir. Cavabdeh2 2008-ci ilə qədər guya mübahisəli evi kirayə verdiyini bildirsə də, bununla bağlı məhkəməyə kirayə müqaviləsi və ya hər hansısa bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının və qardaşının mübahisəli fərdi yaşayış evinə çəkdikləri xərclə bağlı hissəyə münasibət bildirməmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə işə səthi yanaşaraq cavabdehlərin mənafeyinə uyğun qətnamə çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından olan övladları Nigar və Rahib mübahisəli mənzildə böyümüşlər. Onların yaşayış yerlərinin dəyişilməsi, yeni mühitə, məktəbə uyğunlaşa bilməmələri uşaqlarda pisxoloji sarsıntılar yarada bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, hazırda iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi məhz iddiaçının iştirakı ilə tikilib, hətta mətbəx mebeli də evin ölçüsünə uyğun olaraq yığılıb, oradakı əşyalar iddiaçıya məxsusdur və hal-hazırda da həmin evdədir. Həmin hallar birinci instansiya məhkəməsi baxışı zamanı şahid ifadələri ilə də sübut olunmuşdur, lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını təhrif etmiş, cavabdehin şahid ifadələrini əsas götürmüşdür, halbuki iş üzrə ekspertiza təyin etməklə tikilinin hansı müddətlər daxilində inşa edilməsi müəyyən edilə bilərdi. Cavabdeh özü izahatında etiraf edib ki, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əlavə tikililər inşa edilmişdir və iddiaçı fasiləsiz olaraq həmin evdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının köçürülməsini tələb etdiyi evi öz vəsaiti hesabına 1998-1999-cu illərdə tikilmişdir. Həmin vaxt iddiaçı ilə oğlu nikahda olmamışlar, həyat yoldaşı vertolyot qəzasında faciəvi şəkildə öldüyündən evin tikilməsinə bələdiyyə icazə vermişdir. Evin tikilməsində iddiaçı hər hansı bir vəsaitlə çıxış etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi eyni zamanda vəkili X17 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 1998-1999-cu illərdə tikilmiş və 2005-ci il tarixdə evə abonent kodu verilmişdir. İddiaçı ilə digər Cavabdeh1 isə 2006-cı il tarixdə nikaha daxil olmuşlar və ilk olaraq 5 mərtəbəli binadakı evə köçmüşlər sonradan 3 otaqlı həyət evinə köçmüşlər. Həmçinin iddiaçı nikaha daxil olana qədər həyət evi hazır olmuşdur. Kollegiya apellyasiya izahatlarэ dinləyib, şikayətinin dəlillərini və iş materiallarэnэ araюdэraraq hesab edir ki, юikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalэdэr. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X20 ifadə verərək bildirdi ki, o, 1980-ci illərdən cavabdehlərin qonşusudur. Cavabdeh2 həyat yoldaşı 1997-ci ildə vertolyot qəzasında vəfat etmiş, ondan sonra Cavabdeh2 fərdi yaşayış evini tikdirməyə başlamışdır. Evin tikinisi 1998-ci ilin sonunda tamamlanmış, tikinti xərclərini Zenfira özü çəkmişdir. Şəxsən o, tikinti işlərinə kömək etmiş, həm daş və qum işlərində, həm də hörgüdə işləmişdir. Ev əvvəl iki otaqlı olmuş, mətbəxi və sanitar qovşağı da olmuşdur. 2008-ci ildə Gülnar həmin evə köçmüşdür, o, köçdükdən sonra evdə dəyişiklik olmasından xəbəri olmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X10 ifadə verərək bildirdi ki, o, Cavabdeh1 dayısı oğludur. Racinin atası vəfat etdikdən sonra anası həyətdə ev tikdirməyə başlamışdır. 1998-1999-cu illərdə həmin evin tikintisində iştirak etmişdir, daşların daşınmasında, palçıq qarışdırılmasında bilavasitə iştirak etmişdir. Ev əvvəl iki otaqlı olmuşdur, evin yanında qaraj olmuş, sonradan qaraj da otağa çevrilmişdir, qarajın evə nə vaxt əlavə edildiyini dəqiq xatırlamır. O, həmin fərdi yaşayış evinə mütəmadi gəlib-getmişdir, Raci və ailəsi 2008-ci ildən həmin evdə yaşamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X18 ifadə verərək bildirdi ki, o, 2009-cu ilə qədər Sahil qəsəbəsində yaşamışdır. Cavabdeh2 həyət evinin tikintisində 1999-cu ildə elektrik kimi işləmişdir. Materialların pulunu və əl haqqını Zenfira xanım vermişdir. 1999-cu ildə evin tikintisi, o cümlədən iki otaq, sanitar qovşaq, mətbəx, qaraj tikintisi tamamlanmış, ev yaşayış üçün tam hazır olmuşdur, sonradan isə qaraj evə əlavə edilmişdir. Ev yiyəsi kimi Cavabdeh2 tanımışdır. Həmin dövrdə Racini tanımamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X11 ifadə verərək bildirdi ki, o, iddiaçının anasıdır. İddiaçı iki il binadakı mənzildə yaşamış, iki ildən sonra həmin yaşayış evinə köçmüşdür. Hazırda bütün cehizləri də həmin evdədir. Evin tikintisində iddiaçı da əziyyət çəkmişdir. Belə ki, evin qapısını iddiaçının qardaşı vermişdir, həmçinin iddiaçı tikintiyə görə xalasından borc almışdır. Əvvəl iki otaq tikmişlər, sonra qarajı da əlavə edərək üç otaq etmişlər. Tikinti xərclərini iddiaçı və cavabdehlər birlikdə çəkmişlər. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi smayılova Gülnarə Eyyub qızı ifadə verərək bildirdi ki, o, iddiaçının iş yoldaşı olmuşdur, birlikdə metroda işləmişlər, 2010-cu ildə işdən çıxmışdır. Təxminən 2004-2005-ci illərdə ev tikmək üçün iddiaçı borc pul istəmiş, buna görə ona üç min manat borc pul vermiş, daha sonra iddiaçı pulu qaytarmışdır. Həmin evdə bir dəfə olmuşdur, iddiaçı onu öz evi kimi təqdim etmişdir. İkinci dəfə iddiaçı xəstəliyinə görə borc alıb qaytarmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadə verərək bildirdi ki, o, iddiaçının xalasıdır. Gülnar və Raci təqribən 2005-ci ildə onun yanına gələrək ev tikmək istədiklərini bildirməklə ondan maddi kömək istəmişlər. O da qonşusundan 5000 manat borc pul alıb onlara vermişdir. Daha sonra onlar həmin pulu qaytarmışlar. Həqiqətən ev tikdilər. Onlar bina evində yaşayanda fərdi yaşayış evinin olduğu yerdə tikinti yox idi, həmin sahədə toyuq hini kimi tikili vardı. Əvvəl bir otaq, bir mətbəx, dəhliz, qaraj tikildi, sonradan evi genişləndirdilər. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 ifadə verərək bildirdi ki, o, iddiaçının qohumudur. Mübahisəli evin tikintisinə 2005-2007-ci illərdə başlanmışdır. Tikintinin xərcini kimin çəkdiyini dəqiq bilmir. Lakin iddiaçı və qardaşı da evin tikintisində əziyyət çəkmişdir. Belə ki, qapılar iddiaçının qardaşının sexindən gəlib, qapılara görə pulun verilib-verilmədiyini bilmir. Əvvəllər binanın həyətində toyuq hini kimi balaca ev var idi, sonradan tikilib genişləndirildi. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında 30 iyun 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, 28.04.2008-ci ildə doğulmuş X5 və 22.01.2013-cü ildə doğulmuş X6 X2 himayəsində və yanında saxlanılması, 28.04.2008-ci ildə doğulmuş X5 və 22.01.2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, alimentin 12.03.2020-ci il tarixdən tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında bağlanmış nikahın pozulması 29 sentyabr 2020-ci il tarixində qeydə alınmışdır. İş materillarında olan Cavabdeh2 tərəfindən tərtib edilmiş və qonşular Abdulxalıqova Zabitə, Xubaliyeva Təbərrik, Hüseynova Taliyə, Muradova Kifayət, Qədirova Sevda, Əliyev Nizami, Hüseynova Əzizbəyim, Mirzəyeva Hədiyyə, Əliyeva Zenfira və Əyyubov Əmiraslan tərəfindən təsdiq edilmiş 03.08.2021-ci il tarixli aktdan görünür ki, 1997-ci ildə Cavabdeh2 həyat yoldaşı işlədiyi 28 May adına NQÇİ-də vertolyot qəzasında həlak olmuşdur. O vaxt o, Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək ona binanın qarşısında tikinti aparılmasına icazə verilməsini xahiş etmişdir. İcazə aldıqdan sonra o, 1998- 1999-cu illərdə həyətdə 3 otaqlı ev tikdirmişdir. Həmin evi bir neçə il kirayəyə verərək uşaqlarını saxlamışdır. 2006-cı ildə oğlu Raci ailə həyatı qurmuş, kiçik oğlu Kamil 2008-ci ildə evlənərkən böyük oğlu həmin evə köçmüşdür. Evin heç bir sənədi yoxdur, sənəd almağa imkanı olmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 10.08.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş Cavabdeh1 mərhum atası - X4 03.10.1997-ci il tarixdə işlədiyi 28 may adına X30 İdarəsinə məxsus vertolyotla evə qayıdarkən faciəvi şəkildə rəhmətə getdikdən sonra Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən mərhumun həyat yoldaşı Cavabdeh2 N.Mustafayev küçəsi, ev 11, m. 45A (şərti ünvan verilmişdir) ünvanında ümumi sahəsi 35 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Vətəndaş Cavabdeh2 Sahil bələdiyyəsinə verdiyi məlumata əsasən fərdi yaşayış evi 1998-1999-cu illərdə tikilmişdir. Lakin tikintiyə dair heç bir hüquqi sənəd verilməmişdir və yoxdur. Mənzilə məxsus elektrik, su və qaz sayğacları Cavabdeh2 adınadır və onun tərəfindən ödənilir. N.Mustafayev küçəsi, ev 11, m. 45A ünvanında yerləşən fərdi yaşayış evi Sahil bələdiyyəsi tərəfindən rəsmiləşdirilməmiş fərdi yaşayış evi kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanlanmış 30.08.2021-ci il tarixli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında olan məlumata əsasən qeyd olunan fərdi yaşayış evi 02 fevral 2005-ci il tarixdə **********1045A nömrəli abunə kodu ilə Cavabdeh2 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir. İş materiallarında olan kommunal xidmətlər üzrə sənədlərdən görünür ki, N.Mustafayev küçəsi, ev 11, m. 45A ünvanında yerləşən fərdi yaşayış evi üzrə kommunal xidmətlər üzrə abonent Cavabdeh2dır və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah 30 iyun 2006-cı il tarixdə bağlanmış, tərəflər əvvəlcə binadakı mənzildə birgə yaşamış, təqribən iki il sonra iddiaçı ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən tikiliyə köçmüş, 2020ci ildə isə onlar arasında nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (əri, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəli tikilidə İddiaçı Cavabdeh2 ilə birgə yaşamadığından və həmin evdə yaşayışla bağlı aralarında müvafiq razılaşma mövcud olmadığından, iddiaçının mübahisəli evə köçürülmə barəd iddia tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf yalnız şahid ifadələrinə istinad etmişdir, halbuki şahid ifadələri işin digər halları ilə yanaşı yoxlanılmalı və sübut kimi qəbul edilməlidir, bu mövqedən çıxış edərək məhkəmə kollegiyası bir daha qeyd edir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin 10.08.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş Cavabdeh1 mərhum atası - X4 03.10.1997-ci il tarixdə işlədiyi 28 may adına X30 İdarəsinə məxsus vertolyotla evə qayıdarkən faciəvi şəkildə rəhmətə getdikdən sonra Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən mərhumun həyat yoldaşı Cavabdeh2 N.Mustafayev küçəsi, ev 11, m. 45A (şərti ünvan verilmişdir) ünvanında ümumi sahəsi 35 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Vətəndaş Cavabdeh2 Sahil bələdiyyəsinə verdiyi məlumata əsasən fərdi yaşayış evi 1998-1999-cu illərdə tikilmişdir. Lakin tikintiyə dair heç bir hüquqi sənəd verilməmişdir və yoxdur. Mənzilə məxsus elektrik, su və qaz sayğacları Cavabdeh2 adınadır və onun tərəfindən ödənilir. N.Mustafayev küçəsi, ev 11, m. 45A ünvanında yerləşən fərdi yaşayış evi Sahil bələdiyyəsi tərəfindən rəsmiləşdirilməmiş fərdi yaşayış evi kimi qeydiyyata alınmamışdır. Digər tərəfdən iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə X8 arasında 30 iyun 2006-cı il tarixdə nikah bağlanmışdır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron bazasında olan məlumata əsasən qeyd olunan fərdi yaşayış evi 02 fevral 2005-ci il tarixdə **********1045A nömrəli abunə kodu ilə Cavabdeh2 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir. Göründüyü kimi iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsinin tikilməsində iştirak etməsi işin qeyd olunan halları ilə bir başa təkzib edilmişdir və belə olan halda iddiaçının təqdim etdiyi şahid ifadələri sübut kmi qəbul edilməməlidir. Göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün qanunveriliklə nəzərdə tutulmuş qaydada hallar olmamış eləcə də iddiaçının həmin evin tikilməsində iştirakı işin faktiki halları ilə müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1662/2021 saylı, 09 sentyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar