Məhkəmə qərarları › İş №2(103)-11638/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11638/2021

17.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11638/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Cavabdeh1 ASC Cavabdeh2 rəisi tərəfindən verilmiş, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv edilməsi barədə 23.04.2021-ci il tarixli, 17/k nömrəli əmr ləğv edilsin və iddiaçı əvvəlki vəzifəsinə - Cavabdeh2 Debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı Cavabdeh2 Debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyib. Onunla olan əmək müqaviləsi Cavabdeh2 rəisinin 23.04.2021-ci il tarixli, 17/k nömrəli əmri ilə ləğv edilib. Buna əsas kimi iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilib. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. Həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır, bunu Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alımayıb. Məhkəmə gəldiyi qənaəti aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci, həmkarlar ittifaqı təşkilatının 07.08.2020-ci il tarixli qərarında (iş v. 75) qeyd olunub ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilsin. Lakin qərarın aid olduğu protokoldan görünür ki, həmkarlar ittifaqı təşkilatının yığıncağına 5 nəfər dəvət olunub, 4 nəfər iştirak edib. 4 nəfərdən isə 3 nəfərin kimliyi məlumdur: 1) Həmkarlar İttifaqı Komitəsinin sədri Süleyman Quliyev; 2) Cavabdeh2in Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin rəisi Qətibə Pələngova; 3) hüquq məsləhətçisi Orxan Əlizadə. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ... birləşdiyi ... müstəqil ictimai, qeyrisiyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 4 nəfərdən (əsasən də rəhbər şəxslərdən) ibarət yığıncaqda deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Hər iki tərəfin etiraf etdiyinə görə Cavabdeh2ndə təxminən 60 nəfər işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 4 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. İkinci, həmkarlar ittifaqı təşkilatının razılığının tarixi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin tarixinin arasında 7 aydan çox vaxt var. Belə ki, razılıq qərarı 07.08.2020-ci ildə qəbul olunub, əmək müqaviləsinin ləğvi barədə əmr isə 23.04.2021-ci il tarixdə verilib. Qanunvericilikdə həmkarlar ittifaqı təşkilatının razılığının qüvvədə olma müddətini müəyyənləşdirən norma yoxdur, lakin bu, razılığın qeyri-müəyyən müddət qüvvədə olması mənasını vermir. Razılığın qüvvədə olma müddəti hər bir işin halları nəzərə alınmaqla müəyyən olunur. Hazırkı işin hallarına görə ağlabatan mühakimə əsasında bu məsəlyə yanaşdıqda, belə qənaətə gəlmək olur ki, razılıq əmrin verildiyi zaman öz əhəmiyyətini itirmişdir. Üçüncü, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda həmkarlar ittifaqı təşkilatının qərarına deyil, həmkarlar ittifaqı təşkilatı sədrinin 21.04.2021ci il tarixli, NC-12 nömrəli məktubuna (iş v. 84) istinad olunub. Bir şəxsin – sədrin razılığı həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqı təşkilatı bu məsələ ilə bağlı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh1 ASC Cavabdeh2 rəisinin 23.04.2021-ci il tarixli, 17/k №-li əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar