Məhkəmə qərarları › İş №2(103)-1165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1165/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1165/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“mənzildən çıxarılma”) hakimlər X13 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1867/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızının və övladları: 2007-ci il təvəllüdlü X5, 2010-cu il təvəllüdlü X14 və 2011-ci il təvəllüdlü X6 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaqla mənzilinə daxil olmasına yaranan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsinə dair tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1867/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 152.1; Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4; Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olsalar da və cavabdeh 2015-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmadan yaşasa da, o, ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o evin mülkiyyətçisinin ailə üzvü olmalıdır, cavabdeh evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından (gəlin ailə üzvü hesab olunmadığından) və onun həmin evə istifadə hüquqları yaranmadığından, qaldırılan iddia əsaslı hesab edilməlidir. Belə ki, cavabdehin mübahisəli evə hər hansı istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, iddiaçı mülkiyyətində olan evdə cavabdehin yaşayış yeri üzrə qeydiyyata alınmadan uşaqları ilə yaşamalarına və həmin evdən istifadə etmələrinə etiraz etdiyindən, cavabdehin mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını həyata keçirilməsini məhdudlaşdırdığından, bu hal iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdə heç bir hüquqi əsas olmadan yaşaması müəyyən edildiyindən, iddia tələbi cavabdehə münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin övladları 2007-ci il təvəllüdlü X5, 2010-cu il təvəllüdlü X14 və 2011-ci il təvəllüdlü X6 mübahisəli evdən çıxarılması hissədə də tələb təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları Xəyalə Rəhmanovanın yanında qalmaları müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, uşaqların yaşayış yeri valideynlərindən birinin yaşayış yeri sayıldığından, həmçinin məhkəmə qətnaməsi ilə uşaqların cavabdehin yanında saxlanılmaları müəyyən edildiyindən, eyni zamanda ananın mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyindən, iddia tələbi uşaqlara münasibətdə də təmin edilməlidir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İş üzrə doğum haqqında şəhadətnaməyə əsasən, X24 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X21, anası İddiaçıdır; xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə satıcıya məxsus hissəsi X25 tərəfindən İddiaçı Əşraf qızına 30000 manat dəyərində satılmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayaş evi paylı mülkiyyət hüququ üzrə X26 (xx.xx.2006-cı il tarixdən - 2/36 hissə), X3 (9/36 hissə), X8 (2/36 hissə), X9 (6/36), X19 (2/36 hissə), X4 (3/36 hissə), İddiaçı (xx.xx.2015-ci il tarixdən - 12/36 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun surətinə əsasən İddiaçı və başqalarına məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evi 1953/1960-cı illərdə tikilmiş, 2 mərtəbədən, 8 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 183,56 kv.m., yaşayış sahəsi 117,99 kv.m, köməkçi sahəsi 65,57 kv.m., tikinti altı sahəsi 247,67 kv.m. təşkil etmişdir; - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X24 ilə X27 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 398 nömrəli ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları X15 yanında qalması, iddiaçı X10 xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək hər uşaq üçün saxlanılmaları üçün hər ay 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq cavabdeh X17 verilməsi, qətnamənin alimentlə bağlı hissələri dərhal icra olunması qət edilmişdir; - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li arayışa əsasən X24, X7, X36, X37, X18, X38, X32, X42 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar; - İş üzrə portaldan çıxarışından və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X27 ünvan 2 ünvanda qeydiyyatdadır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1867/2023 saylı saylı qətnaməsinin - iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2; Mülki Prosessual Məcəllənin 1.3, 2.1, 9.1, 9.3, 14.1. 80, 88, 217.1, 217.3, 217.4, 218.3, 386, 389,390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin halların tam araşdırmadan qətnamə qəbul etmişdir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının hansı hüquqlarının təsdiq olunması müəyyən edilməmişdir. Mülkiyyət hüquqümu? Bu təsdiq edilməmişdir. Məhkəmə heç bir faktı əsaslandırmadan və onun subutlarını araşdırmadan qərar çıxarıb. Göründüyü kimi məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Yalnız işin materiallarından görünür ki, məhkəmə ancaq qarşı tərəfn təqdim edə bilmədikləri və subuta yetirə bilmədikləri dəlilər əsasında qərnamə qəbu edib. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq eləməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin mülki işdə tələb qanunvericiliyə və işin faktiki hallarına uyğun olmamasına baxmayaraq, tələbin mövcud qanunvericiliyə uyğun olmaması qətnamədə öz əksini tapmamışdır. Maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir (ezamiyyət arayışı, ziddiyyətli şahid ifadələri). Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir(mülkiyyət hüququ, krediti kimin vəsaiti hesabına ödənilməsi, qərəzli şahidlərin ifadələrinin nəzərə alınması, iddiaçının bankdan kredit götürməsinin cavabdehin banka ödədiyi son ödənişlə hər hansı əlaqənin olmaması). Məhkəmə işə baxarkən çəkişmə prinsipi pozmuşdur. Belə ki, Azərbaycan Respublikasam Ailə Məcəlləsinin əsasən ər ilə arvad birgə yaşayış dövründə əldə etdiyləri əmlak onların birgə mülkiyyətidir. İddiaçı iddia edirki əmlak ona atasından vərəsəlik yolnan keçən əmlakı satmaqla alıb. Amma iddiaçı həmim əmlakı neçənci ildə satdığını və necənci ildə mübahisəli mənzili aldığını subut edə bilməyib. Bundan əlavə satılan və alınan mənzillərin arsındaki fərqin kim tərəfindən ödənildiyini də subut edə bilməyib. Birinci inctansiya məhkəməsi iddanı tam araşdırmayıb. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Apellyasiya icraatı zamanı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində yerləşən 70 saylı fərdi yaşayış evinin digər mülkiyyətçiləri X39, X11, X20, X22, Aniskin Viktor X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X30 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39, X11, X20, X22, Aniskin Viktor X1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 228, Mənzil Məcəlləsinin 30-34; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

10. Nəzərə alınmalı olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

13. Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin münasibətlərə müvafiq təfsir edildiyi təqdirdə belə, cavabdehin hüquqları müəyyən edilmir. Belə ki, tərəflər arasında qohumluq münasibətləri və yaşayış sahəsindən istifadə üçün razılaşma rəsmiləşdirilməmişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

15. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırki münasibətlərə təsir göstərmədiyi müəyyən edilir. Apellyator tərəfindən iddiaçı ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçı tərəfindən əmlakın əldə edilməsi üzrə cavabdehin dəlilləri sonuncunun istifadə hüquqlarının yaranmasına əsas olmadığından bu dəlillərin qeyd edilən tələb həddində müzakirəsinə zərurət müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

16. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Rəhmanova (Məcidova) Xəyalə Rəşid qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1867/2023 saylı işi üzrə 17.11. 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar