Məhkəmə qərarları › İş №2(103)-11657/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11657/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11657/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “mənzilə köçürülmə tələbinə dair” ilk, ilk, cavabdehin iddiaçıya qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)-5820/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 7A, 1 saylı mənzilə məcburi köçürülməsi və həmin mənzildə yaşaması üçün zəruri şəraitin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 7A, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 7A, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq, cavabdehə ödənilməsi, ilk iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, onun ləğv edilməsini, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin apelyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı isə apelyasiya şikayətini Məcəllə ilə müəyyən edilmiş forma və qaydaya əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)- 5820/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Tofiq Səmədov İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar