Məhkəmə qərarları › İş №2(103)-1168/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1168/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1168/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-175/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-0048-05/19A saylı əsas kredit müqaviləsinin, 27.03.2019-cu il tarixli DEN-A0048- 05/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, 27.03.2019-cu il tarixli, DEN-0048- 05/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn 14.06.2021-ci il tarixinə olan 25569,17 manat əsas borc, 197 manat faiz borcu, 8870,51 manat dəbbə borcu, ümumilikdə 34636,68 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 27.03.2019-cu il tarixli, DENG- 00048-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predtmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə 27.03.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 90000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-0048-05/19A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 40000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 27.03.2019-cu il tarixdə iddiaçı ilə DENG-00048-05/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünəməxsus olan 0,04 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14 A saylı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 14.06.2021-ci il tarixinə 25569,17 manat əsas borc, 197 manat faiz borcu, 8870,51 manat dəbbə borcu olmaqla, ümumilikdə 34636,68 manat məbləğində borcu vardır. Cavabdehə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-175/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsi, 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsi üzrə 22243,90 manat məbləğində əsas borc, 197 manat məbləğində faiz borcu, 800 manat dəbbə pulu olmaqla, ümumilikdə 23240,90 manat (iyirmi üç min iki yüz qırx manat doxsan qəpik) məbləğində borc pul vəsaiti, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus, ipoteka predmeti olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 183500 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğ həmin evin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması və fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin evin ilkin satış qiymətinin (likvid) dəyəri hissəsində dəyişdirilərək, evin ilkin satış (likvid) qiymətinin 450000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, banka xeyli miqdarda ödənişlər etsə də bank həmin pulları faizə çıxmış əsas borcu əsassız olaraq artırmışdır. Bundan başqa "xxxx" MMC-nin 211/E nömrəli, 15.05.2021-ci il tarixli rəyi ilə ona məxsus evin qiyməti 183500 manat müəyyən edilsə də həmin məbləğlə razı deyil, belə ki, ona məxsus 0.4 ha torpaq sahəsinə və onun üzərində yerləşən 241.5 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin qiyməti 450000 manatdan artıqdır. Evin qiyməti az göstərildiyindən ona məxsus əmlak da həmin qiymətə hərraca çıxarılacaqdır. Bu halda da onun əmlakını dəyərindən aşağı qiymətə satılacaqdır. Göründüyü kimi həmin hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işə baxarkən ödənilmiş pulun əsas borca deyil faiz borcuna hesablanmasını və həmin fərdi yaşayış evinin onların yeganə yaşayış yerinin olmasını və həmin ev satlarsa onların maddi vəziyyətlərinin ağırlaşmasını nəzərə almalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi S.Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və şikayətin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəflərin iştiraklarıı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının - iddia tələbinin borc məbləği, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 27.03.2019-cu il tarixli, DEN-00048-05/19A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh 60 ay müddətinə 27.03.2024-cü il tarixinədək əlavə müqavilələr bağlanmaqla 90000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. İş materiallarında olan 27.03.2019-cu il tarixli DEN-A0048-05/19A saylı əlavə kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış həmin əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 23% olmaqla 24 ay müddətinə 40000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.03.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh məxsus 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evi kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 18.03.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X1 Allahverən Dəmir oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin ipoteka qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Vİ-JQ seriyalı, 437093 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 03.09.1994-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Bakı şəhəri Səadət sarayında 1360 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-nə ünvanladığı 11.06.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus ünvan 1 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, ev 14A Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə 325 nömrəli reyestr kitabının 30352 nömrəli vərəqində 02.06.2016-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, ev 14A X2 xüsusi mülkiyyətindədir və Bank "xxxx" ASC Promo filialının xeyrinə yüklü edilmişdir, bu barədə 325 nömrəli reyestr kitabının 30352 nömrəli vərəqində ********** nömrəsi ilə 29.03.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 211/E nömrəli, 15.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1ci döngədə yerləşən fərdi yaşayış evi 241,5 kv.m ümumi sahədən ibarət olan Cavabdeh məxsus 14A saylı fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiyməti 183500 manat müəyyən edimişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 25569,17 manat məbləğində əsas borc, 197 məbləğində faiz borcu, 8870,51 manat dəbbə pulu olmaqla, cəmi 34636,68 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/6563 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 mart 2017-ci il tarixli, DEN- 00048-05/19A nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 14.06.2021ci il tarixə banka olan borcu 22243,90 manat əsas borc, 3709,17 manat faiz borcu olmaqla, cəmi 25953,07 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı təyin edilmiş məhkəmə tikinti-qiymətləndirmə ekspertizası ilə ekspertiza qarşısında ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməsi sualları qoyulsa da, təqdim edilmiş "xxxx" MMC-nin 211/E nömrəli, 15.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngədə yerləşən fərdi yaşayış evi 241,5 kv.m ümumi sahədən ibarət olan Cavabdeh məxsus 14A saylı fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiyməti 183500 manat müəyyən edimişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-175/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə də tutmanın Cavabdeh məxsus, ipoteka predmeti olan 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 183500 manat müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə yalnız Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngədə yerləşən fərdi yaşayış evi 241,5 kv.m ümumi sahədən ibarət olan Cavabdeh məxsus 14A saylı fərdi yaşayış evinin likvid qiyməti müəyyən edilmişdir, halbuki sonrakı ipoteka müqaviləsi ilə cavabdehə məxsus fərdi yaşayış evi ilə yanaşı torpaq sahəsi də ipotekaya qoyulmuşdur. Apellyasiya şikayətində eləcə də apellyasiya baxışı zamanı da cavabdeh ipoteka predmetinin ilkin satış qiymətindən narazılığını bildirməklə qətnamənin evin ilkin satış qiymətinin (likvid) dəyəri hissəsində dəyişdirilərək, evin ilkin satış (likvid) qiymətinin 450000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin (hazırki tarixə) likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə əlavə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Təqdim edilmiş “LEX FORİ” Hüquq və Qiymətləndirmə şirkətinin LF11 nömrəli, 29 mart 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinin 0.04 ha torpaq sahəsi ilə birlikdə 29 mart 2022-ci il tarixə bazar dəyəri 245000 manat, likvid dəyəri isə 200000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qiymətləndiricinin apellyasiya baxışı zamanı müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Belə ki, iş üzrə təqdim edilmiş əmlaka dair qiymətləndirmə rəylərinin müqayisəli tədqiqi ipoteka predmetinin likvid dəyəri ilə ilkin satış qiyməti müəyyən edilməlidir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri - ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf ödənişlərin əsas borca deyil, faiz borcuna hesablanmasını qeyd etsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində həmçinin 14.06.2021-ci il tarixinə olan 25569,17 manat əsas borc, 197 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin kredit borcuna dair arayışdan görünür ki, 27 mart 2021-ci il tarixdə Cavabdeh banka əsas borc məbləği 25569,17 manat, ümumi faiz borcu 197 manat, dəbbə borcu 8900, 91 manat, cəmi borc 34667,08 manat təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən faiz borcu kredit müqaviləsinin qüvvədə olduğu müddətə hesablanmışdır. Digər tərəfən qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/6563 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 mart 2017-ci il tarixli, DEN-00048-05/19A nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 14.06.2021-ci il tarixə banka olan borcu 22243,90 manat əsas borc, 3709,17 manat faiz borcu olmaqla, cəmi 25953,07 manat müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi və Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbləri nəzərə almaqla, faiz borcunun tutulması tələblərinin tam, əsas borc ilə bağlı iddia tələbinin isə qismən - 29 sentyabr 2021-ci il tarixli, 9/6563 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməsi barədə düzgün qənaətə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-175/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə fərdi yaşayış evinin ilkin satış qiyməti 200000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-175/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 1-ci döngə, 14A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 200 000 (iki yüz min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar