Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11694/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək stajının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək işə iddia icraatı qaydasında baxılıb onun yanvar 1978-ci il tarixdən 23 avqust 1993-cü il tarixinə kimi Cəbrayıl rayonu çörək zavodunda elektrik işləməyinə dair iş stajının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət olmasını orada göstərir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina edərkən qənaətini belə əsaslandırmışdır ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müvafiq ərizə ilə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Əvvəla, Nərimanov Rayon Məhkəməsi iddiaçının iddia ərizəsini icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina edərkən iddia ərizəsində və işdə olan sənədlərdə göstərilənlərə əhəmiyyət verməməsinin səbəblərini qərardadında göstərməli idi. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin Filialın 05 yanvar 2020-ci il tarixli məktubu ilə pensiya təyin edilməsinin mümkün olmaması haqqında ərizəsinə cavab verilmişdir. Səbəb kimi iş stajını təsdiq edən əmək kitabçasının və ya əmək fəaliyyəti barədə sənədlərin təqdim edilməməsi göstərilmiş və razı olmadıqda yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdən görünür ki, iddiaçı(ərizəçi) xüsusi icraat qaydasında hazırki iş üzrə cavabdehi maraqlı şəxs qismində göstərməklə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək 1978-ci ilin yanvar ayından 23 avqust 1993-cü il tarixə kimi Cəbrayıl rayonu çörək zavodunda elektrik işləməyinə dair iş stajının müəyyən olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 22.09.2021-ci il tarixli 2(008)-6476/2021 nömrəli qərardadı ilə maraqlı şəxsin ərizəyə etiraz təqdim etməsini hüquq haqqında mübahisə kimi qiymətləndirərək MPM-in 259.0.10-cu maddəsinə əsasən ərizəni baxılmamış saxlamışdır. Bundan sonra, ərizəçi özünü iddiaçı, maraqlı şəxsi isə cavabdeh kimi göstərərək iddia icraatı qaydasında cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, sonuncu məhkəmə də hazırda mübahisələndirilən qərardadı qəbul etmişdir. Demək, Nərimanov Rayon Məhkəməsi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə ilə müraciət etməyi izah etsə də, onsuzda iddiaçı bunu əvvəldən etmişdir. Ancaq müraciəti təmin olunmamış, səbəb kimi yuxarıda qeyd olunduğu kimi iş stajını təsdiq edən əmək kitabçasının və ya əmək fəaliyyəti barədə sənədlərin təqdim edilməməsi göstərilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı həm Sabunçu, həm də Nərimanov Rayon Məhkəməsinə xüsusi və iddia icraatı qaydasında müraciət edərkən tələbi cavabdeh qurumu ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Başqa sözlə iddiaçı hər iki icraat zamanı mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki, cavabdeh qurum pensiya təyin etmək üçün iddiaçıdan iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Sabunçu Rayon Məhkəməsi hüquq haqqında mübahisənin olmasını əsas gətirib artıq qərar vermişdir. Bunun nə dərəcədə qanuni olub-olmamasının yoxlanılması hazırki icraatın predmeti olmasa belə, həmin qərardadla iddiaçı razılaşmışdır. Əslində isə Sabunçu Rayon Məhkəməsi hüquq haqqında mübahisənin nədən ibarət olmasını, bu qənaətə nəyə əsasən gəlməsini qərardadında göstərməmişdir. Maraqlı şəxsin nümayəndəsinin ərizəyə etirazı isə hüquq haqqında mübahisənin olması demək deyildir. Buna baxmayaraq Nərimanov Rayon Məhkəməsi də Sabunçu Rayon Məhkəməsinin qeyd olunan ziddiyyətli qərardadından sonra bu cür mövqe nümayiş etdirməsi iddiaçının düşdüyü vəziyyəti bir qədər də gərginləşdirmiş olur. Çünki pensiya təyin olunmasına dair müraciətini inzibati orqan təmin etmir, məhkəmələr xüsusi icraat qaydasında ərizəsini hüquq haqqında mübahisə olması əsası ilə baxılmamış saxlayır, hazırki iş üzrə iddia icraatı qaydasında da məhkəmə iddiaçının ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz deyir. Bu cür vəziyyətdə artıq pensiya yaşı çatmış və pensiya yaşı keçmiş iddiaçı pozulmuş hüquqlarını hansı qaydada və effektiv bərpa etməli olduğunu təbii ki, anlamaqda çətinlik çəkir. Buna görə də inzibati orqanın, eləcə də məhkəmənin səhvinə görə iddiaçı əziyyət çəkməməlidir. Çünki, iddiaçı işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki, təsdiq olunarsa hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. İddiaçı bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına nə inzibati orqan, nədəki məhkəmələr səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə iddiaçının düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradırlar. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Ərizəçi şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11694/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11694/2021
06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver