Məhkəmə qərarları › İş №2(103)-1170/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1170/2022

15.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1170/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 , Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məhəmməd oğlunun iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən mənzilin başaldaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbləri dəqiqləşdirilmişdir). Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal- 2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinin başaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(004)-2042/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3153/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməmiş, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-5048/2021 saylı, 04.10.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3153/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçının istinad etdiyi müqavilə etibarsızdır, əslində tərəflər arasında cavabdehin borcunun təminatı üçün pərdələnmiş əqd bağlanmışdır, həm də həmin müqavilə təzyiq nəticəsində bağlanmışdır, alıcı tərəfindən mənzilin dəyəri kimi banka köçürülmüş 60.000 manat pul vəsaiti də satıcının nümayəndəsi (o, həm də alıcının qardaşıdır) olmuş T.Məmmədov tərəfindən Cavabdeh verilməmiş, rayon məhkəməsi tərəflər arasında olan münasibətləri düzgün müəyyən etməmiş, sübutları obyektiv qiymətləndirməmiş, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, əqdin uydurma olması barədə şikayətin dəlilləri əsassızdır, tərəflər arasında hər hansı borc münasibəti olmamışdır, müqavilənin bağlanmasının təzyiq altında olması da əsassızdır, tərəf buna dair heç bir sübut da verməmişdir, mənzilin alğı-satqı müqaviləsi qanunla müəyyən olunmuş qaydada notariat ofisində bağlanmış, mənzilin razılaşdırılmış qiyməti də bankda köçürmə üsulu ilə satıcıya verilmiş, satıcı tərəf də həmin vəsaiti almışdır, demək ki, daşınmaz əmlakla bağlı qanunvericiliyin tələblərinə uyğun etibarlı müqavilə bağlanmışdır, rayon məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri 11 saylı Notariat ofisinin 12.06.2020-ci il tarixli XK-413 nömrəli məktubu ilə məhkəmənin 04.06.2020-ci il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 4Ə-437 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30.10.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 28.03.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata İddiaçı satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10.000 manat vəsaiti ilkin olaraq 29.10.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni 30.10.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı Cavabdeh müqavilənin şərtinə əsasən 30.10.2019-cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi 29.10.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 imzalamışdır. Notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X2 depozit hesabına alıcı İddiaçı 29.10.2019-cu il tarixli qəbzə əsasən 10.000 manat, 30.10.2019-cu il tarixli qəbzə əsasən 50.000 manat olmaqla cəmi 60.000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı Cavabdeh ödənilməsi üçün ödəmişdir. Həmin tarixli məxaric qəbzlərindən məlum olur ki, qeyd olunan məbləğlər Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İ.Məmmədov tərəfindən götürülmüşdür. Mülki iş materiallarında olan 18.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 6 nömrəli evin 98 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-5048/2021 saylı, 04.10.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin forma və subyektiv tərkibinə görə qanunvericiliyə uyğun olduğunu göstərmişdir. Məhkəmə müqaviləni satıcının iradə ifadəsinə uyğun olmaması əsası ilə etibarsız hesab etmişdir. Apellyasiya məhkəməsi həmin qənaətini onunla əsaslandırmışdır ki, satıcı olan Cavabdeh satdığı mənzilin dəyərinin ödənilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Lakin, alıcı olan İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və mənzil dəyəri olan pul vəsaitini müqavilədə göstərilən qaydada, yəni 10000 manatı 29 oktyabr 2019-cu il, 50000 manatı isə 30 oktyabr 2019-cu il tarixdə satıcıya verilməsi üçün notariusun bankda olan depozit hesabına ödənilməsi iş materiallarında olan notariat işi ilə təsdiqini tapmışdır Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin satıcının iradə ifadəsinə zidd bağlanmasını alıcı tərəfindən ödənilmiş pul vəsaitinin satıcının təmsilçisi tərəfindən satıcıya verilməməsi ilə əlaqələndirməklə, MPM-in 217.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə təmsilçi tərəfindən Mülki Məcəllənin 359.3 və 778.1-ci maddələrinin pozulmasını göstərsə də, bu pozuntuların nədə ifadə olmasını və müqavilənin etibarsızlığına necə səbəb olmasını əsaslandırmamışdır. Halbuki, MM-in 359.3-cü maddəsində təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamasına qadağan edilmişdir. Hazırki işdə isə belə hal müəyyən olunmur. Təmsilçi olan X1 alıcı İddiaçı qardaşı olsa da, onun məhz özü üçün əqd bağlanması nə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia olunmuş, nə də ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunması qətnamədə göstərilməmişdir. Eyni zamanda, təmsilçinin MM-in 778.1-ci maddəsinin tələblərini pozaraq, vəkalət verənin tapşırığını vicdanla icra etməməsini, sonuncuya ziyan vurmasını ehtimal etsək də belə, qətnamədə bu halın təmsil edilənlə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsızlığı üçün səbəb olması konkret maddi hüquq norması ilə əsaslandırılmamışdır..”. Kollegiya bildirir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60.000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıya olan 15.000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin alıcı İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və mənzil dəyəri olan pul vəsaitini müqavilədə göstərilən qaydada, yəni 10000 manatı 29 oktyabr 2019-cu il, 50000 manatı isə 30 oktyabr 2019-cu il tarixdə satıcıya verilməsi üçün notariusun bankda olan depozit hesabına ödənilməsi iş materiallarında olan notariat işi ilə təsdiqini tapmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əqdin tərəfin və ya üçüncü şəxslərin təhdid və ya hədə-qorxusu altında bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Məcburetmə halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq qorxunun təsiri ilə iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.4-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir. Hazırkı mübahisə üzrə Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunda təsbit olunmuş hər hansı hal, o cümlədən də Cavabdeh əqdin bağlanmasına məcburetmə halının olması müəyyən edilmədiyindən, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Mülki Məcəlllənin 152-1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehin həm qarşılıqlı iddasında, həm də apellyasiya icraatı zamanı izahatında istinad etdiyi əsas hal ondan ibarət olmuşdur ki, həmin müqavilə tərəflər arasında olan 15000 ABŞ dolları məbləğində borcun təminatı kimi pərdələnmiş və həm də məcburetmə nəticəsində bağlanmış əqddir, lakin tərəf bununla bağlı nə rayon məhkəməsinə, nə də ki, apellyasiya instansiyasına biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı və hər hansı şübhədənkənar sübut təqdim etməmişdir. Halbuki, qanunun tələbinə görə bu halı sübut etmək vəzifəsi onun üzərinə düşür (maddə 77.1.). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə əsasən satıcı əçyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə Kollegiyası, alqı-satqıda satıcını təmsil edən vəkalətli nümayəndənin mənziln dəyərinin Cavabdeh verməməsi ilə bağlı onun vəkilinin qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, bu halın təsdiq olunması əqdin etibarsızlığı üçün deyil, MM-in 782ci maddəsinə əsasən əldə olunanların vəkalət alandan tələb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-2042/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Rəşad Həsənov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar