Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1170/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X2rşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2011/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2014-cü il tarixində cavabdeh Azərbaycan Dövlət Akademik Filarmoniyasında (bundan sonra “cavabdeh”) Dövlət Mahnı və rəqs ansamblına xor artisti vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının attestasiya olunacaq əməkdaşlarının Siyahısı”na uyğun olaraq xor solisti vəzifəsində çalışan 24 işçinin, o cümlədən iddiaçının attestasiyası nəzərdə tutulmuşdur. İddiaçı attestasiya olunacağı barədə məlumatlandırılmış və ona 12 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə imza etməklə müvafiq bildirişi almış və attestasiya olunacağı barədə xəbərdar edilmişdir. Attestasiya prosesi Filarmoniyanın direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Attestasiya Komissiyasının Əsasnaməsi”nə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 179 nömrəli əmrlə yaradılmış Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı iddiaçı komissiya üzvləri tərəfindən ona verilmiş 3 sualı cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyasının 7 üzvünün yekdil qərarı ilə iddiaçının “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Həmin attestasiyanın nəticələri əsas götürülərək iddiaçı xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X2rşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi, işlədiyi müddət ərzində hər ay üçün almalı olduğu əməkhaqqının məhkəmə tərəfindən hesablanaraq işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixində Azərbaycan Dövlət Akademik X8 və rəqs ansamblına xor artisti vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixinədək həmin vəzifədə çalışmışdır. xx.xx.2023-cü il tarixində Filarmoniya daxilində attestasiya keçirilmiş və onun əleyhinə haqsız qərar verilərək işdən azad olunmuşdur. Belə ki, attestasiya zamanı çıxış edərkən ona tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, daha sonra çıxışı yarıda kəsilmişdir. xx.xx.2023-cü il tarixində ona attestasiyadan keçmədiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində isə məzuniyyətdə olduğu zaman əmək müqaviləsinə xitam verildiyi və işdən azad edildiyini öyrənmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Filarmoniyanın direktorunun 1-ci müavini Ayla Kərimova şəxsiyyətinə qarşı yalan məlumatlarla çixiş edərək, bu vəzifəyə yararsız olduğunu bildirmiş və kollektiv daxilində onu mənəvi şəkildə alçaltmışdır. 10 ildir ki, Filarmoniyada bu vəzifədə çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində (işdən azad olunmağından cəmi 1 ay qabaq) Filarmoniyada keçirilmiş BMT-nin təşkilatçılığı ilə dövlət tədbirində öz solo ifası ilə çıxış etmiş və bu çıxışı AZ TV və Mədəniyyət kanallarında yayımlanmışdır. Əgər o bu vəzifə üçün yararsız idisə, necə olur ki, 9 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etmiş və çıxışı çoxsaylı tamaşaçı kütləsi tərəfindən bəyənilmiş və alqışlanmışdır? Hətta bütün bunları nəzərə alaraq, ona ixtisası üzrə bacarıqlarını təkmilləşdirmək üçün heç bir alternativ təklif olunmamış, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam vermək ücün bütün mümkün addımlar atılmışdır. Halbuki Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlıgının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Onunla olan Əmək müqaviləsinə məhz attestasiya keçirilməsinin nəticəsi olaraq xitam verilməsi həm də ona olan qərəzli münasibətin nəticəsidir. Belə ki, attestasiya keçirilməmişdən öncə Filarmoniyanın məsul şəxsləri tərəfindən onunla olan müddətsiz müqavilənin 6 aylıq müqavilə ilə əvəz edilməsi ona təklif olunmuşdur. Lakin bu təklifi qəbul etmədikdən sonra məhz attestasiya məsələsi qaldırılmışdır. Attestasiya nəticələrinə etiraz etməyindən sonra isə rəhbərlik ona öz ərizəsi ilə işdən çıxmağa razılaşması şərti ilə attestasiyanın nəticələrini ləğv edə biləcəyini bildirdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Lakin Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Attestasiya keçirilməsi prosesində ona qarsı digər işçilərlə müqayisədə ayrı-seçkilik edilmişdir. Müddətli əmək müqaviləsinə kecməyə razılaşmadığı və müqaviləni məcburi səkildə imzalamadığı ücün işçilər arasında yalnız ona tutduğu peşə ilə əlaqadər olmayan suallar verilmiş və cavablandırmadığı üçün bu hal işdən çıxarılmağı üçün bəhanə kimi istifadə edilmişdir. Himayəsində 2 azyaşlı övladı və qayğısına qalmalı olduğu yaşlı anası var. Əlavə olaraq hazırda banka 6.000 manat borcu var. Bu səbəbdən, belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir.
4. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Filarmoniyanın direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının attestasiya olunacaq əməkdaşlarının Siyahısı”na uyğun olaraq xor solisti vəzifəsində çalışan 24 işçinin, o cümlədən iddiaçının attestasiya olunacağı nəzərdə tutulmuşdur. İddiaçı attestasiya olunacağı barədə məlumatlandırılmış və ona 12 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə imza etməklə müvafiq bildirişi almaqla attestasiya olunacağı barədə xəbərdar edilmişdir. Attestasiya prosesi Filarmoniya direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Attestasiya Komissiyasının Əsasnaməsi”nə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 179 nömrəli əmrlə yaradılmış Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. Attestasiya zamanı iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli, 4-2 №-li qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X7”nda “xor kollektivinin artisti” üçün nəzərdə tutulmuş əmək funksiyalarından suallar verilmişdir. Belə ki, Vahid X7”na uyğun olaraq “xor kollektivinin artisti” mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, daxili əmək intizamı qaydalarını, vokal ustalığının nəzəriyyəsini, musiqi nəzəriyyəsini və solfecionu, əsas və cari xor repertuarını bilməlidir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar da yuxarıda qeyd edilən məzmunda suallardan ibarət olmuş və onun göstərilən sahələr üzrə bilikləri yoxlanılmışdır. Qanunvericilikdə nəzərdə tutulmamış və ya iddiaçının əmək funksiyasına aid olmayan heç bir sual verilməmişdir. Nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı iddiaçı komissiya üzvləri tərəfindən ona verilmiş 3 sualı cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyasının 7 üzvünün yekdil qərarı ilə iddiaçının “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. İddiaçı özü də xx.xx.2023-cü il tarixdə barəsində tərtib edilmiş attestasiya vərəqəsi ilə tanış olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə məzuniyyətdə olarkən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmuşdur. Bu hal Filarmoniyanın 151-k nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə sübuta yetirilir. Beləliklə də, iddiaçının bu mövqeyi də tamamilə əsassızdır. Eyni zamanda, müəssisənin iş vaxtının uçotunu özündə əks etdirən “F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının” tabelinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə iş yerində olmuş, işdən çıxarılma əmri ilə tanış olmuş və son haqq-hesab aparılarkən xx.xx.2023-cü il tarixi üçün iddiaçıya əmək haqqı hesablanmışdır. İddia ərizəsində iddiaçı qeyd edir ki, Filarmoniyanın direktorunun birinci müavini X13 şəxsiyyətinə qarşı yalan məlumatlarla çıxış etmiş, onun vəzifəyə yararsız olduğunu bildirmiş, kollektiv daxilində onu mənəvi cəhətdən alçaltmışdır. Həmçinin qeyd edilir ki, ona könüllü ərizə yazaraq işdən çıxması təklif edilmiş, bununla razılaşmadıqda isə qərəzli olaraq işdən çıxarılmışdır. Əslində isə qeyd edilən bu halların heç biri baş verməmişdir və iddiaçının göstərdiyi bu hallar tamamilə əsassızdır. İddiaçı nə iddia ərizəsində, nə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən bu halı təsdiqləyən heç bir sübut və ya sənəd təqdim etməmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı ümumilikdə İddiaçı başqa digər 3 işçi də tutduğu vəzifəyə uyğun hesab edilməmiş və onlarla da bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin iddiaçı qeyd etdiyi bu fikirlərini heç bir sübutlar və ya dəlillə əsaslandıra bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il əmri tamamilə əsaslı və əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən iddiaçının iddia tələbi əsassızdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarmasını xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2011/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il tarixli, 248 saylı əmrinin ləğv edilməsi, İddiaçı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim X11)
6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi haqqında 248 saylı, xx.xx.2023-cü il tarixli əmrdə əmrin verilməsinə əsas kimi attestasiya komissiyası tərəfindən işçinin “tutduğu vəzifəyə uyğun olmaması" barədə qərar qəbul edilməsi göstərilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya münasib iş təklif edildiyinə, lakin iddiaçının başqa işə keçməkdən imtina etməsinə, habelə cavabdehin belə işə keçirmək imkanının olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci, 67-ci, 70-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin hüquqlarının müdafiəsinə təminat verilməmişdir. “İşçilərin attestasiyası” və “iş yerlərinin attestasiyası” tamamilə fərqli anlayışlar olmaqla fərqli məqsədlər üçün həyata keçirilir. Belə ki, Əmək Məcəlləsinin 64-cü və 65-ci maddələrinə əsasən: - “iş yerlərinin attestasiyası”nda əsas məqsəd - iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılmasıdırsa, - “işçilərin attestasiyası”nda əsas məqsəd - işçinin peşəkarlıq səviyyəsini, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Lakin, Bakı şəhəri Səbail Rayon Məhkəməsi bu iki anlayışı bir-birindən fərqləndirməkdə çətinlik çəkmiş və onları eyniləşdirmişdir. Əslində isə yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmununda “işçilərin” və “iş yerlərinin” attestasiyası anlayışlarının birbirində fərqlənməsi aşkar şəkildə görünür. Bütün bunlar isə işə baxan məhkəmənin məsələyə hüquqi yanaşmasının yanlış olduğunu, elementar “iş yerlərinin attestasiyası” və “işçilərin attestasiyası” anlayışlarını bir-birindən ayırd edə bilməməsini və bunun son nəticədə cavabdehin haqlı mənafelərinin pozulmasına gətirib çıxarmasının əyani şəkildə sübut edir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 179 nömrəli əmri ilə yaradılmış attestasiya komissiyası peşəkar mütəxəsislərdən ibarət olaraq təşkil edilmişdir. Komissiyanın tərkibinə Azərbaycan Respublikasının Xalq artisti, Professor, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasının müdiri X6, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru X16, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktor müavini, vokal ifaçısı X15, BDU-nun professoru, AR Vəkillər Kollegiyasının üzvü, əmək qanunvericiliyi üzrə mütəxəssis X21 və müəssisənin Kadrlar şöbəsinin rəisi, insan resurslarının idarə edilməsi üzrə mütəxəssis Nümayəndə1 daxil edilmişdir. Məhkəmə konkret olaraq əmək müqaviləsinə xitam əmri və xitam əmrinin verilməsi üçün əsas olmuş sənədləri araşdırmamış, heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Eləcə də məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, işçinin attestasiyanın keçirilməsi qaydalarına riayət edilməsi məsələsini yoxlamamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və sübuta yetirməmişdir. İddiaçıya hansı səbəbdən başqa iş təklif edilməməsi məsələsi məhkəmə baxışı zamanı ümumiyyətlə müzakirə edilməmiş, məhkəmə filarmoniyadan bu məsələyə dair mülahizəsini bildirməsini tələb etməmişdir. Əslində bu hal məhkəmə baxışı zamanı çəkişmə prinsipinə riayət edilməklə araşdırılmamışdır. Buna baxmayaraq, məhkəmə qətnamənin əsaslandırma hissəsində cavabdehin iddiaçını başqa işə keçirmək imkanının olmadığına dair hər hansı sübutun təqdim etməməsini göstərmişdir. Məhkəmənin “işəgötürənin attestasiyadan keçməyən və işdən çıxarılması təklif edilmiş işçiyə başqa iş təklif etmək vəzifəsinin” Əmək Məcəlləsinin hansı maddəsində öz əksini tapması məlum deyil. Əmək Məcəlləsinin heç bir maddəsinə işəgötürənin üzərinə belə bir öhdəlik qoyan maddə mövcud deyil. Məhkəmə bu hallar ilə bağlı da yanlış qənaətə gəlmiş, işəgötürənin qanunla öhdəliyinin müəyyən edilməməsinə baxmayaraq onun üzərinə “işçiyə başqa iş təklif etməli olduğu ilə bağlı” öhdəlik qoymuş, nəticədə qanunazidd qətnamə çıxarmışdır. Məhkəmə baxışı zamanı işəgötürən tərəfindən attestasiya prosesinin təşkili və keçirilməsini özündə əks etdirən sübutlar (bildirişlər, protokollar, qərarlar, attestasiyanın keçirilməsinin videoqeydiyyatı) tədqiq edilməmiş, yalnış maddi hüquq normasına istinad edilməklə tamamilə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixindən etibarən əmək məzuniyyətində olmuşdur. Bununla bağlı məzuniyyətə çıxmazdan 13 gün öncə ərizə yazmış və rəhbərliyin razılığı ilə məzuniyyətə çıxmışdır. Bu, Filarmoniya daxilində işçilərin işə davamlılığının yoxlanılması məqsədi ilə istifadə olunan jurnalda da aydın şəkildə görülməkdədir. Belə ki, o, ən sonuncu dəfə xx.xx.2023-cü il tarixində həmin jurnala işə gəlməyi ilə bağlı imza atmışdır. Məzuniyyət ərizəsinin cavabdehdə olması gərəklidir. Belə olan halda, məzuniyyətə çıxmaqla bağlı ərizənin onda olması ilə bağlı qanunvericilikdə heç bir öhdəlik də yoxdur. Əlavə olaraq, Filarmoniyada çalışdığı 10 il ərzində ilk dəfə məzuniyyətə çıxmaqla bağlı ona ərizə yazdırılmışdır. Bundan öncəki illərdə məzuniyyətə çıxmaqla bağlı məsələlər işçilərin ərizəsi ilə deyil, onların növbəliliyi əsasında aparılırdı. Son 5 ilin bank çıxarışlarına baxdıqda aydın şəkildə görünür ki, Filarmoniyada çalışdığı müddətdə cavabdeh məzuniyyət haqlarını heç də qanuna uyğun olaraq ödəməmişdir. Cavabdehin məzuniyyət haqlarını məzuniyyətə çıxdıqdan sonra, həmçinin birdəfəlik deyil, hissəli şəkildə ödədiyini son illərə məxsus olan bank hesablarında açıq-aydın görmək mümkündür. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü ildə edilən bank göndərişində məzuniyyət haqqı ödənilmişdir. Bu da, həmin vaxt onun məzuniyyətdə olduğuna açıq şəkildə dəlalət edir. O, mahnı və Rəqs ansamblının bədii rəhbəri və drijor Ağaverdi Paşayev xx.xx.2023-cü il tarixli məruzəsi ilə bağlı qeyd etmişdir ki, məruzəni imzalayan Ağaverdi Paşayev bu məruzəni rəhbərliyin tələbi ilə məcburi şəkildə imzalamışdır. Çünki söhbət zamanı bədii rəhbər heç bir zaman onun işindən narazı olmadığını və peşəkarlığına inandığını bildirmişdir. Bu məhkəməyə təqdim olunmuş səs yazılarında da açıq şəkildə qeyd olunmuşdur. Cavabdeh tərəfindən ona qarşı atılmış qanunsuz addımlar Filarmoniya daxilində ona qarşı qərəzli mövqeyin yekun nəticəsidir. Belə ki, cavabdeh o da daxil olmaqla işçilərin məcburi şəkildə müddətli əmək müqaviləsinə imza atmağınıı tələb etmişdir və buna öz narazılığını bildirdiyi andan etibarən rəhbərlik tərəfindən daima təzyiqlərə məruz qalmışdır. Attestasiya zamanı tutduğu vəzifəyə uyğun olmayan sualları ünvanlayaraq onu işdən kənarlaşdırmaq isə, rəhbərlik tərəfindən planlı şəkildə həyata keçirilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinə qarşı etirazın, habelə təqdim etdiyi məlumatın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın, habelə təqdim etdiyi məlumatın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; 64-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır; 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər; 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz; 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir; 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər; 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən istər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilatihüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər; 288-ci maddəsinin “x” bəndinə əsasən bu Məcəllə ilə işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin, o cümlədən apellyasiya şikayətinə qarşı etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyində işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin mümkünlüyü təsbit edilmiş və onlar məqsədinə, keçirilmə qaydasına, bu işi həyata keçirən komissiyaların tərkibinə, habelə doğurduğu hüquqi nəticələrə və digər meyarlara görə biridigərindən fərqləndirilmişdir. Hətta bu proseslərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca qaydalar qəbul edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri və həmin tələblərə uyğun müəyyən edilmiş meyarlar baxımından cavabdeh təşkilatda mövcud olan hər hansı iş yerinin attestasiyası deyil, məhz peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olmasını aşkara çıxarmaq məqsədi ilə iddiaçının attestasiyası keçirilmişdir.
21. Bu da öz növbəsində həmin prosesin nəticəsindən asılı olaraq, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini hüquqi baxımdan mümkün edir. Belə ki, qanunvericilik işəgötürənin belə bir hüququnu tanımış, lakin həmin hüququn reallaşmasını işçi ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş attestasiyanın nəticələrindən asılı etmişdir.
22. Bununla belə, məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən xor solisti vəzifəsində çalışan 24 işçinin, o cümlədən iddiaçının attestasiyası keçirilmişdir. Bununla bağlı cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Attestasiya Komissiyasının əsasnaməsi, xx.xx.2023-cü il tarixdə Filarmoniyanın tərkibində olan F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının attestasiya olunacaq əməkdaşlarının (xor artistlərinin) Siyahısı təsdiq edilmiş, həmin tarixli əmrlə 7 nəfərdən (müəyyən edilmiş saydan da artıq olmaqla təkrəqəmli tərkibdə) ibarət tərkibdə bu şəxslərin attestasiyasını keçirəcək Attestasiya Komissiyası yaradılmış, habelə attestasiya vərəqəsi təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının attestasiya olunacağı barədə xəbərdar edilməsi məqsədi ilə ona xx.xx.2023-cü il tarixdə (1 aydan da artıq müddət qalmış) keçiriləcək attestasiya ilə bağlı məlumatları və attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələləri (5 məsələ) özündə əks etdirən 12 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir (imza etməklə qəbul etmişdir).
23. Həmin komissiyanın tərkibinə, həmçinin, Azərbaycan Rüspublikasının Xalq artisti, professor, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu kafedrasının müdiri X5, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Xor Kapellasının xormeystri, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, X14, Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, vokal ifaçısı X12, Həmkarlar İttifaqı Komitəsinin sədri X3 daxil olması onun tərkib etibarı ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət olmasını təsdiq edir.
24. İddiaçıya təqdim edilmiş xəbərdarlıq bildirişində sualların verilməsi nəzərdə tutulan məsələlər konkret göstərilmişdir. Həmin məsələlər (bir səsli əsər və ya solfecio dərsliyindən üzdən oxuma, komissiyanın seçimi ilə xorun repertuarında olan partiyanın oxunması, xalq mahnı ifası və ya diapozonunun yoxlanması, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, vokal sənəti və musiqi nəzəriyyələri) Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Ratif-X19nda xor kollektivinin artistinin əmək funksiyalarından irəli gəlir (məsələn, öz səsinin xor partiyalarını ifa edir) və tutduğu vəzifəyə uyğun olaraq xor kollektivinin artisti mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, vokal ustalığının nəzəriyyəsini, musiqi nəzəriyyəsini və solfecionu, əsas və cari xor repertuarını bilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilən attestasiya zamanı da iddiaçıya məhz tutduğu vəzifəsindən irəli gələn əmək funksiyalarına uyğun olan məsələlər üzrə suallar (xalq mahnı ifası və ya diapozonunun yoxlanması, bir səsli əsər və ya solfecio dərsliyindən üzdən oxumaq, mədəni məzmun dedikdə nə başa düşülür) verilmişdir.
25. Lakin attestasiya komissiyasının qənaətinə əsasən iddiaçı ilə keçirilən attestasiya zamanı iddiaçı “Şuşanın dağları” xalq mahnısını zəif ifa etmiş (1-ci sual), bir səsli əsər ya solfecio dərsliyindən üzdən oxuya bilməmiş (2-ci sual), mədəni məzmun dedikdə nəyin başa düşüldüyünü cavablandıra bilməmişdir (3-cü sual). Bu barədə komissiya tərəfindən attestasiya vərəqəsində qeydlər aparılmış, həmçinin iddiaçıya münasibətdə solfecio üsulu ilə (partiyaları notla öyrənmək) oxumaq, iki səsli, üç səsli solfecio nömrələri üzərində işləmək, tonallıqlar əsasında interval sıçrayışları təkmilləşdirmək, ritmik bacarıqları artırmaq və musiqi nəzəriyyəsi ilə daha ciddi məşğul olmaq məzmunlu təkliflər verilmişdir. Eyni zamanda, keçirilmiş səsverməyə əsasən komissiya yekdilliklə iddiaçının fəaliyyətini “tutduğu vəzifəyə uyğun olmaması” kimi qiymətləndirmişdir.
26. Komissiyanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli yekun protokoldan çıxarışda iddiaçı ilə keçirilmiş attestasiya ilə bağlı öz əksini tapmış anlardan da (verilmiş suallar, alınmış cavablar və sair) attestasiya vərəqəsində komissiya tərəfindən aparılmış qeydlərin düzgün olduğu müəyyən edilir. Belə ki, həmin protokoldan çıxarışa əsasən komissiyanın üzvü olan G.İmanova iddiaçının “Şuşanın dağları” mahnısını ifa edən zaman ona səs çox verdiyini, daha sonra səsini yığışdırmasını, səsinin qaçmasını, səsini tənzimləyə bilməməsini və bütün bunların qaydaya uyğun olmamasını bildirmiş, daha sonra iddiaçıdan “Calalı var” mahnısının oxunması istənilsə də, sonuncu xordan (xor solisti) olmadığını qeyd etmişdir. Bundan başqa aparılmış qeydlərə əsasən iddiaçı not bilmir, notun üzündən oxunması barədə verilmiş tapşırığa “çalğı ilə oxuya bilərəm” sualı ilə cavab verir (ona solfecio notunun üzdən çalğı ilə oxunmadığı bildirilir), “re” və “sol” notlarında səhv etməsini özü də başa düşsə də səbəb kimi həyacanlandığını göstərir, “mədəni irs” anlayışına aydınlıq gətirə bilmir (bu suala cavab verə bilmir). İddiaçı musiqi məktəbini bitirmədiyini də bildirir. Attestasiya audio-video yazı ilə aparılmış və qeyd edilənlər tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə iclasında nümayiş etdirilmiş videoyazı ilə də öz təsdiqini tapmışdır (həmin videoyazı tərkib tərəfindən məhkəmədən kənar qaydada da izlənilmişdir).
27. Göstərilənlərin nəticəsi olaraq komissiya iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması qənaətinə gəlmiş və nəticədə obyektiv və qərəzsiz şəkildə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul etmişdir. Cavabdeh də komissiyanın bu mövqeyini rəhbər tutaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermiş və onu tutduğu xor solisti vəzifəsindən azad etmişdir.
28. Beləlkilə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə attestasiya bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş, o cümlədən müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar və tapşırıqlar bilavasitə onun tutduğu vəzifəyə (peşəyə), əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu və barəsində məlumatlandırılmış məsələləri əhatə etmişdir. Lakin attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlər barədə tam məlumatlı olmasına, onların mənimsənilməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq, iddiaçı attestasiya zamanı ona verilən sualları cavablandıra və tapşırıqları yerinə yetirə bilməmişdir. Halbuki, iddiaçı 9 ilə yaxın müddətdir ki, bu vəzifəni tuturdu. Bu baxımdan həmin illər ərzində tam rahatlıqla notları (notların sayının 7-i olduğu nəzərə alındığı halda, müddət etibarı ilə 1 ilə bir notun öyrənilməsi kifayət etmiş olardı) üzdən oxumağı öyrənə bilərdi. Hər bir halda, iddiaçının fəaliyyəti bilavasitə notlarla bağlıdır.
29. Bu səbəbdən məhkəmə kollegiyası komissiyasının iddiaçıya münasibətdə işini və onun barəsində qəbul edilmiş qərarı qanunauyğun və əsaslı hesab edir və bu mövqeyinə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr qanunvericiliyin tələblərinə tam uyğundur, bununla bağlı hər hansı pozuntuya yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş və attestasiya keçirilməsi qadağa olunan işçilər sırasına da daxil deyil. Belə bir əsasın yarandığı hallarda qanunverici işəgötürənin (cavabdehin) üzərinə işçiyə başqa vəzifəyə keçirilməsini təklif etmək və başqa vəzifəyə (peşəyə) keçirmək vəzifəsini də qoymamışdır. Komissiya öz qərarında iddiaçının başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə (cavabdehə) hər hansı tövsiyyə də verməmişdir. İddiaçının arzuladığı və faktiki olaraq icra etdiyini bildirdiyi “solo ifaçı” vəzifəsinin olmaması ötən dövr ərzində, o cümlədən əmək müqaviləsinə xitam verilənədək onun həmin vəzifəyə keçirilməsini də qeyri-mümkün etmişdir. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.
30. Maraqlısı ondan ibarətdir ki, attestasiya zamanı verilmiş suallara aydınlıq gətirilməsi üçün iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan da onun tutduğu “xor solisti” vəzifəsinə uyğun olmadığı müəyyən edilir. Belə ki, iddiaçı faktiki olaraq “solo ifaçı” vəzifəsini icra etdiyini, “solo ifaçı” ştatının olmaması səbəbindən “xor ifaçısı” kimi qeydə alındığını, “xor ifaçısı” kimi heç vaxt fəaliyyət göstərmədiyini, bu səbəbdən xorun repertuarından xəbərsiz olduğunu, “Mədəniyyət haqqında” Qanunun 30 səhifədən ibarət olduğunu, bu səbəbdən onu əzbərdən bilməsinin mümkün olmadığını, bu qanunun yalnız stol üstü vəsait qismində çıxış etməsinin mümkün olduğunu bildirmişdir. Eyni zamanda, attestasiyanın yalnız xor artistlərinə şamil edilməli olduğunu qeyd etmişdir ki, bu cümlə ümumiyyətlə iddiaçının hansı vəzifəni tutmasının fərqində olmaması qənaətinə gəlməyə əsas verir.
31. Qeyd edilən məlumatda Komissiyanın üzvü olan Həmkarlar İttifaqının sədri Sevinc Hüseynovanın, Azərbaycan Respubkikasının əməkdar artisti Səbinə Əsədovanın və hüquqşünas Mayis Əliyevin onun əleyhinə səs verməməsi, həmin şəxslərin şəxsən ona bu barədə məlumat verməsinə dair iddiaçının fikirləri isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, iddiaçının özünə də rəsmi olaraq təqdim edilmiş attestasiya vərəqəsində komissiyanın bütün 7 üzvü (yekdilliklə) iddiaçının tutduğu vəzifəyə uyğun olmaması mövqeyindən çıxış edərək, məhz bu barədə qərar qəbul etmiş, attestasiya vərəqi onların hər biri, o cümlədən iddiaçının istinad etdiyi şəxslər tərəfindən imzalanmışdır.
32. Nəzərə alınmalıdır ki, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xormeysteri Fəxrəddin Atayev iddiaçı ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoruna ünvanladığı xidməti məruzəsində iddiaçının xor artisti vəzifəsində işlədiyi müddət ərzində cəmi 2 ay xorda iştirak etdiyini, xorda oxumaq arzusunun olmadığı üçün xor partiyalarını mənimsəmədiyini, nəticədə hazırda xorun repertuarında olan əsərləri bilmədiyini, bu səbəbdən onun xor artisti kimi fəaliyyətə yararsız olduğunu, not biliklərinin olmadığını, verilən tapşırıqları icra etmədiyini, özünü solist hesab etdiyini bildirmişdir. Həmin Ansamblın bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev tərəfindən Filarmoniyanın direktoruna ünvanlanmış digər xidməti məruzədə isə iddiaçının səsinin xor ifası üçün yararlı olmadığı, heç vaxt xorun tərkibində fəaliyyət göstərmədiyi, özünü solist hesab etdiyi qeyd edilmişdir.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd edir ki, iddiaçı işdən azad edildiyi tarixdə məzuniyyətdə olduğunu iddia edir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut, o cümlədən bu barədə ərizə təqdim edə bilməmişdir. Cavabdeh də iddiaçının bu barədə ərizə ilə müraciət etmədiyini və ona növbəti əmək məzuniyyətinin verilmədiyini bildirir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının sonuncu dəfə xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə növbəti əmək məzuniyyətində olduğu, bundan sonra məzuniyyətdə olmadığı müəyyən edilir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 232 saylı əmri ilə F.Əmirov adına Azərbaycan Dövlət mahnı və Rəqs ansamblının ümumilikdə 107 artist və işçisinə 42 təqvim günü müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Lakin iddiaçı həmin siyahıda yer almamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 248 saylı əmrin ikinci hissəsində isə iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Başqa sözlə, iddiaçının həmin vaxt məzuniyyətdə olması, o cümlədən onun tərəfindən bu barədə ərizə yazılması öz təsdiqini tapmır. Qeyd edilənlər iddiaçının bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir.
34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda nümayiş etdirilmiş hüquqi mövqeyini əsas götürüb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2011/2023 saylı qətnaməsi ləğv ediməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2011/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.